Nyu-Yorkun Manhetten Cənub Dairəsi Federal Məhkəməsi Rza Zərrabın işini rəsmən bağladı

Bu gün, 17:47           
Nyu-Yorkun Manhetten Cənub Dairəsi Federal Məhkəməsi Rza Zərrabın işini rəsmən bağladı
ABŞ-da İrana qarşı tətbiq edilən sanksiyaların pozulması ilə bağlı iş üzrə təqsirini etiraf edərək prokurorluqla əməkdaşlıq edən Reza Zərrab barəsində illərdir gözlənilən məhkəmə qərarı açıqlanıb.

Referans Media xəbər verir ki, Nyu-Yorkun Manhetten Cənub Dairəsi Federal Məhkəməsinin hakimi Riçard Berman Zərrabın daha əvvəl həbsdə keçirdiyi müddətin cəzasına hesablanmasına qərar verib və ona əlavə həbs cəzası təyin etməyib. Bununla da Reza Zərrab barəsindəki məhkəmə prosesi rəsmi olaraq başa çatıb.

Prokurorluq əməkdaşlığını nəzərə aldı

Məhkəmə sənədlərində qeyd olunub ki, ABŞ prokurorluğu Reza Zərrabın istintaq müddətində hüquq-mühafizə orqanları ilə geniş əməkdaşlıq etdiyini, doğru və etibarlı məlumatlar təqdim etdiyini bildirib. Prokurorların qiymətləndirməsinə görə, onun ifadələri sanksiyaların pozulması ilə bağlı araşdırmalarda mühüm rol oynayıb.

2016-cı ildə həbs edilmişdi

Reza Zərrab 19 mart 2016-cı ildə ailəsi ilə birlikdə olduğu Mayamidə Federal Təhqiqat Bürosunun (FBI) əməkdaşları tərəfindən saxlanılmış, iki gün sonra isə həbs edilmişdi. Onun həbsi İrana qarşı sanksiyaların pozulması iddiaları ilə əlaqədar ABŞ-da Halkbank barədə də cinayət işinin açılmasına səbəb olmuşdu.

Təqsirini etiraf edib azadlığa buraxılmışdı

Zərrab 2018-ci ildə prokurorluqla əməkdaşlığa gedərək təqsirini etiraf etmiş və zaminə buraxılmışdı. Məhkəmədə verdiyi ifadələrdə Türkiyənin sabiq iqtisadiyyat naziri Zafer Çağlayana milyonlarla avro və dollar məbləğində rüşvət verdiyini iddia etmiş, həmçinin İrana neft və təbii qaz ödənişlərinin sanksiyalardan yayınaraq necə həyata keçirildiyini ətraflı izah etmişdi.

Xalqbank işi də bağlanmışdı

Zərrab 2017-ci ildə ABŞ-da mühakimə olunan Xalqbankın keçmiş baş direktor müavini Mehmet Hakan Atilla əleyhinə də şahid qismində ifadə vermişdi.

ABŞ-da təxminən 9 il davam edən Halkbank işi isə 2026-cı ilin iyun ayında ABŞ Ədliyyə Nazirliyi ilə bank arasında əldə olunan razılaşmadan sonra bağlanıb.

ABŞ məhkəmə praktikasına əsasən, istintaqla əməkdaşlıq edən şəxslərin cəzası adətən ifadə verdikləri işlər yekunlaşdıqdan sonra elan edilir. Reza Zərrabla bağlı qərar da bu proses başa çatdıqdan sonra açıqlanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru