Türkiyədə inanılmaz hadisə: plastik butulkadan milyon dollarlıq maddə çıxdı
Bu gün, 17:27

Türkiyənin Yalova vilayətində jandarma əməkdaşlarının keçirdiyi əməliyyat zamanı plastik butulkada gizlədilmiş və dəyəri təxminən 5 milyon dollar olan əqrəb zəhəri aşkarlanıb.
Referans Media xəbər verir ki, Çiftlikköy rayonunda qaçaqmalçılığa qarşı mübarizə tədbirləri çərçivəsində əməliyyat keçirən Yalova Jandarma Komandanlığı əməkdaşları şübhəli avtomobili saxlayıblar. Jandarma tərəfindən avtomobildə aparılan axtarış zamanı plastik butulkanın içərisində saxlanılan təxminən 500 qramlıq şübhəli maddə aşkarlanıb.
Maddə dəqiqləşdirilməsi üçün Səlcuq Universitetinin Fen fakültəsinin Biokimya laboratoriyasına göndərilib. Aparılan analizlər nəticəsində həmin maddənin əqrəb zəhəri olduğu müəyyən edilib.
Araşdırma zamanı əqrəb zəhərinin Suriya vətəndaşları I.A. və A.A. tərəfindən qanunsuz yollarla Türkiyəyə gətirildiyi və ölkə daxilində alıcı axtardıqları müəyyən olunub. İstintaq materiallarına əsasən, maddənin yüksək qiymətə satılması nəzərdə tutulub.
Əqrəb zəhərinin bəzi xüsusi tərkiblərinə görə kosmetika, dərman sənayesi və elmi araşdırmalarda məhdud şəkildə istifadə edildiyi, buna görə də qeyri-qanuni bazarda çox yüksək qiymətlərlə alıcı tapdığı bildirilir.
Təxminən 5 milyon dollar dəyərində olduğu qiymətləndirilən maddə müsadirə edilib. Hadisə ilə bağlı iki şübhəli barəsində Qaçaqmalçılıqla Mübarizə Qanunu çərçivəsində hüquqi prosedurlar başladılıb. İstintaq davam edir.

