Məşhur kafe bağlanandan və sahibi vəfat edəndən sonra FHN istismarına icazə verib? - SİYAHI
Bu gün, 00:10

Fövqəladə Hallar Nazirliyi (FHN) “Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, 37” ünvanında inşa olunan qeyri-yaşayış binasının istismarına icazə verib.
Yeniavaz.comxəbər verir ki, tikinti sahəsi 359,15 kvadratmetr olan iaşə obyekti 1 mərtəbədən ibarətdir.
Bildirilir ki, FHN inzibati binaya 18 avqust 2026-cı il tarixli 14169 nömrəli istismara hazırlıq rəyi verib.
Məlumat üçün bildirək ki, obyektin sifarişçisi Möhnətov Xasay Hidayət oğludur.
Onu da bildirək ki, qeyd olunan ünvanda uzun müddət “İlyasın Kafesi” adlı bir mərtəbəli iaşə obyekti fəaliyyət göstərib. Bu obyekt məşhur iş adamı Azay Möhnətovun qardaşı oğlu, “İlyasekspress” ləqəbli İlyas Möhnətova məxsus olub. Eyni zamanda sosial şəbəkə fenomeni olan İlyas Möhnətov bu yaxınlarda yaydığı açıqlamada bildirib ki, “İlyasın Kafesi” öz fəaliyyətini dayandırır.
Maraqlı məqamlardan biri isə odur ki, FHN tərəfindən obyektin sifarişçisi olaraq göstərilən Xasay Möhnətovun bu ilin aprel ayında qəfil ürəktutması nəticəsində dünyasını dəyişdiyi barədə məlumatlar yayılıb. Bildirilir ki, dünyasını dəyişən Xasay Möhnətov İlyas Möhnətovun böyük qardaşı olub.
Qeyd edək ki, Azay Möhnətov “AF Holdinq” şirkətlər qrupunun prezidentidir.
Holdinqin rəsmi səhifəsində qeyd olunur ki, 1989-cu ildə təsis olunan “AF General Trading” şirkəti ixrac-idxal əməliyyatları ilə məşğul olub. Bildirilir ki, holdinqin baş ofisi Bakıda yerləşir, Frankfurt və Londonda da filialları var.
Aşağıda adları qeyd olunan şirkətlər də “AF Holdinq”ə daxildir:
“Everton”
“Uğur-97”
“AFSAN Plastik”
“AF Business House”
“AF City”
“AF Mall”
“AF Com Plaza”
“AF Com Center”
“Aqua Park Baku”
“Aqua Park Shikhov”
“AF Hotel Aqua Park”
Bundan başqa, “AF-Holdinq”in rəsmi veb-səhifəsində yer alan məlumatda göstərilir ki, 2000-ci ildə “AF Bank” təsis edilib. Sonradan bu bank Rusiyanın VTB bankına satılıb.
Bakı-Sumqayıt yolunun kənarında yerləşən “EuroHome” inşaat materialları bazarının da əvvəllər Azay Möhnətova məxsus olduğu bildirilirdi. 2019-cu ildə bazarda baş verən güclü yanğın zamanı Holdinqin rəsmi saytında “AF Euro Home”un şirkətlər qrupuna daxil olduğu qeyd olunub. Daha sonra “EuroHome”un adı şirkətlər qrupunun rəsmi saytından çıxarılıb.
Azay Möhnətov ilə bağlı diqqət çəkən məqamlardan biri də odur ki, “EuroHome”da yanğının baş verməsindən qısa müddət əvvəl Rusiyanın “Vedomosti” qəzeti yazıb (https://www.vedomosti.ru/realty/articles/2019/09/14/811254-proekt) ki, “AF-Holdinq”in rəhbəri Azay və İlyas Möhnətovlar Moskvada “Safmar” şirkətinə məxsus 21,7 hektar torpaq sahəsini və 111 min kvadratmetrlik ofis-anbar kompleksini satın alıb. İddia olunub ki, “Safmar” şirkəti qeyd olunan ərazinin səhmlərini özündə cəmləşdirən “Rusinkom” şirkətini əvvəlcə 2,6 milyard rubla (40 milyon dollar) satmağı planlaşdırıb. Lakin sonradan yekun qiymət onların istədiyindən də yüksək olub. Aktivin neçəyə satıldığı açıqlanmayıb. “Vedomosti” qəzeti yazıb ki, iki mənbə aktivlərin Azərbaycanın “AF Holdinq” şirkətlər qrupuna satıldığını açıqlayıb və məlumat bu günə kimi təkzib olunmayıb.

