“Tamstore” 100-cü mağazasını açıb süftəsini vaxtı keçmiş məhsullarla etdi? FOTO

Bu gün, 00:03           
“Tamstore” 100-cü mağazasını açıb süftəsini vaxtı keçmiş məhsullarla etdi? FOTO
“Tamstore” şəbəkəsinin Binəqədidə açılan mağazasında “1 məhsul al, ikincisi hədiyyə” kampaniyası çərçivəsində son istifadə müddəti bitmiş məhsullar təklif edilir

“Tam istədiyiniz market” şüarı ilə fəaliyyət göstərən Tamstore marketlər şəbəkəsi 100-cü mağazasının açılışını və sürətli inkişafını qeyd edir. Lakin şəbəkənin yubiley uğuru ilə bağlı xəbərlərin yayıldığı günlərdə mağazalarda alıcıların qarşılaşdığı mənzərə narazılıq doğurub.

Alıcılardan biri Bestmedia.az- bildirib ki, "Tamstore”un “bir məhsul alana ikincisi hədiyyə” kampaniyası çərçivəsində təklif etdiyi bəzi məhsulların son istifadə müddəti artıq başa çatıb. Yəni alıcı cəlbedici endirim və hədiyyə vədi ilə məhsul almaq istəsə də, nəticədə vaxtı keçmiş məhsulla qarşılaşır.

Bu isə istehlakçılarda haqlı sual yaradır: 100-cü mağazanın açılışı ilə öyünən şəbəkə məhsullarının son istifadə müddətinə lazımi nəzarət edirmi?

100 mağaza – amma vaxtı keçmiş məhsullar?

“Tamstore” Binəqədi qəsəbəsində 100-cü mağazasını açmaqla şirkətin strateji inkişaf planında nəzərdə tutulan mühüm hədəfə vaxtından əvvəl çatdığını açıqlayıb.

Şəbəkənin məlumatına görə, şirkət üç il ərzində 100 mağazaya çatmağı qarşısına məqsəd qoymuşdu. Bu hədəfin nəzərdə tutulandan daha qısa müddətdə reallaşdırıldığı bildirilir.

Hazırda şəbəkənin Bakıda 56, Abşeronda 8, Sumqayıtda 6, Naxçıvanda 2, digər bölgələrdə isə 28 mağazası fəaliyyət göstərir. “Tamstore” gündəlik təxminən 200 min müştəriyə xidmət göstərdiyini və 4 mindən çox mağaza əməkdaşını işlə təmin etdiyini açıqlayır.

Şəbəkənin baş icraçı direktoru Ceyhun Yusubov 100 mağaza hədəfinə vaxtından əvvəl çatılmasını komandanın birgə əməyinin nəticəsi kimi qiymətləndirib.

Ancaq mağaza sayının sürətlə artması ilə xidmət və məhsul keyfiyyətinə nəzarət arasında tarazlığın qorunub-qorunmadığı məsələsi indi xüsusi diqqət tələb edir. Çünki istehlakçı üçün marketin 100-cü və ya 200-cü mağazasını açmasından daha vacib olan onun aldığı məhsulun təhlükəsiz və istifadəyə yararlı olmasıdır.

“İkinci məhsul hədiyyədir” – bəs məhsulun vaxtı keçibsə?

Ticarət şəbəkələrinin həyata keçirdiyi “bir məhsul al, ikincisini hədiyyə qazan” tipli kampaniyaların əsas məqsədi adətən alıcıları cəlb etmək və satışları artırmaqdır.

Lakin hədiyyə kimi təqdim olunan məhsulun son istifadə müddəti başa çatıbsa, kampaniyanın mahiyyəti tamamilə dəyişir. Belə halda alıcıda haqlı olaraq məhsulun satılması mümkün olmadığından kampaniyaya daxil edilib-edilmədiyi barədə şübhə yaranır.

Xüsusilə də qida məhsullarının son istifadə müddətinin keçməsi sadəcə keyfiyyət məsələsi deyil. Bu, birbaşa istehlakçıların sağlamlığı və təhlükəsizliyi ilə bağlı məsələdir.

Buna görə də böyük market şəbəkələrinin filiallarında məhsulların yararlılıq müddətinə gündəlik və ciddi nəzarət mexanizminin mövcudluğu vacibdir. Kampaniya adı altında vaxtı keçmiş məhsulların alıcıya təklif edilməsi ilə bağlı iddialar təsdiqlənərsə, bu, “Tamstore” üçün ciddi reputasiya probleminə çevrilə bilər.

“Etibarın ünvanı” hədəfi və ortaya çıxan suallar

Şirkət rəhbərliyi 100-cü mağazanın açılışını yeni başlanğıc kimi qiymətləndirir və gələcəkdə regionlardakı mövcudluğunu genişləndirməyi, xidmət keyfiyyətini və rəqəmsal imkanları gücləndirməyi hədəflədiyini bildirir.

“Tamstore”un məqsədlərindən biri brendi Azərbaycanda etibar edilən ünvanlardan birinə çevirməkdir.

Ancaq etibar yalnız yeni mağazaların sayı və gözəl açılış mərasimləri ilə formalaşmır. Etibar ilk növbədə mağaza rəfində başlayır.

100-cü mağazanın açılması şirkət üçün, şübhəsiz, mühüm göstəricidir. Amma alıcı üçün əsas göstərici aldığı məhsulun keyfiyyətidir. Bu səbəbdən də “bir məhsul al, ikincisi hədiyyə” kampaniyası çərçivəsində vaxtı keçmiş məhsulların təklif olunması barədə iddialar ciddi şəkildə araşdırılmalı, şirkət isə məsələyə aydınlıq gətirməlidir.

Bestmedia.az məsələ ilə bağlı “Tamstore”un mövqeyini öyrənməyə hazırdır.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]