Atlantik okeanı üzərində iki sərnişin təyyarəsi toqquşmaq təhlükəsi ilə üzləşib
Bu gün, 00:13

Kanar adalarının qərbində Atlantik okeanı üzərində iki sərnişin təyyarəsi eyni hündürlükdə qarşı-qarşıya hərəkət edərkən toqquşma təhlükəsi yaranıb.
Bu barədə “Bild” nəşri məlumat yayıb.
Hadisə iyulun 10-da baş versə də, bu barədə yalnız indi məlumat yayılıb. “Iberia” aviaşirkətinə məxsus “Airbus A321” təyyarəsi Braziliyanın Resifi şəhərindən Madridə, “Air Europa” aviaşirkətinin “Boeing 787” təyyarəsi isə Madriddən Braziliyanın San-Paulu şəhərinə uçub. Hər iki təyyarə təxminən 11 min metr yüksəklikdə olub.
Müəyyən anda hər iki təyyarənin kabinəsində toqquşmanın qarşısını alan TCAS xəbərdarlıq sistemi işə düşüb. Sistem “Iberia” təyyarəsinin ekipajına hündürlüyü azaltmağı, “Air Europa” təyyarəsinin pilotlarına isə yüksəlməyi əmr edib. “Airbus A321” təxminən 150 metr aşağı enib, “Boeing 787” isə təxminən 120 metr yüksəlib. Bundan sonra toqquşma təhlükəsi aradan qalxıb.
Hər iki təyyarə uçuşunu davam etdirərək təhlükəsiz şəkildə Madrid və San-Paulu hava limanlarına eniş edib.
İspaniyanın Mülki Aviasiya Hadisələrinin və Qəzalarının Araşdırılması Komissiyası hadisə ilə bağlı araşdırmaya başlayıb. Komissiya iki sərnişin təyyarəsinin necə eyni hava marşrutunda, eyni hündürlükdə və qarşı-qarşıya istiqamətdə hərəkət etdiyini müəyyənləşdirməlidir.

