Ucuz paltarlar da bahalaşacaq: Aİ-də yeni qadağa qüvvəyə minir

Dünən, 17:28           
Ucuz paltarlar da bahalaşacaq:
Avropa İttifaqında iri şirkətlər artıq satılmayan və ya mağazalara geri qaytarılan geyim və ayaqqabıları məhv edə bilməyəcəklər. Yeni qaydalara əsasən, bu məhsullar yenidən istifadə edilməli, xeyriyyə təşkilatlarına verilməli və ya təkrar emala yönləndirilməlidir.

Qaynarinfo xəbər verir ki, "Deutsche Welle"nin məlumatına görə, Avropa İttifaqının müvafiq direktivi çərçivəsində qəbul edilən yeni qaydalar iyulun 19-da qüvvəyə minib.

İstisnalar da nəzərdə tutulub

Qaydalara görə, yalnız müəyyən hallarda məhsulların məhv edilməsinə icazə veriləcək.

Bu hallar məhsulun təhlükəsizlik baxımından yenidən istifadəyə yararsız olması, zədələnməsi, çirklənməsi və ya təkrar emal üçün uyğun olmaması ilə bağlıdır.

Bundan başqa, əgər məhsullar əvvəlcə Avropa İttifaqındakı xeyriyyə təşkilatlarına təklif olunub, lakin müəyyən edilmiş müddətdə qəbul edilməyibsə, onların məhv edilməsinə də icazə verilir.

Endirimli məhsulların sayı arta bilər

Almaniyanın Pərakəndə Ticarət Assosiasiyası ("HDE") hesab edir ki, yeni qadağa istehlakçılar üçün də faydalı ola bilər.

Qurumun fikrincə, şirkətlər məhsulları məhv etmək əvəzinə onları daha böyük endirimlərlə satışa çıxara bilərlər. Bu isə bazarda sərfəli qiymətə geyim və ayaqqabı təkliflərinin sayını artıra bilər.

Ətraf mühitə müsbət təsir gözlənilir

Avropa Komissiyasının məlumatına görə, yalnız utilizasiya prosesi nəticəsində hər il təxminən 5,6 milyon ton karbon qazı (CO₂) emissiyası yaranır. Bu göstərici 2–3 milyon avtomobilin illik emissiyasına bərabər hesab edilir.

Aİ-də hər il milyonlarla istifadə olunmamış geyim və ayaqqabı tullantıya çevrilir.

Təkcə Almaniyada 2021-ci ildə mağazalara qaytarılmış təxminən 17 milyon geyim vahidi utilizasiya olunub.

Avropa Ətraf Mühit Agentliyinin ("EEA") məlumatına görə, Avropada hər il 600 min tona qədər istifadə edilməmiş tekstil məhsulu tullantıya atılır. Bu isə həm resursların israfına, həm də ətraf mühitə və iqlimə ciddi zərər vurur.

Sənaye nümayəndələri tənqid edir

Almaniyanın Tekstil və Moda Assosiasiyası yeni qaydaların real vəziyyəti tam nəzərə almadığını və şirkətlər üçün əlavə bürokratik yük yaratdığını bildirib.

Ekspert Yonas Ştrake hesab edir ki, daha yüksək ekoloji standartlara nail olmaq üçün ilk növbədə məhsulların toplanması, çeşidlənməsi və təkrar emalı üzrə səmərəli sistemlər qurulmalıdır.

Onun sözlərinə görə, bu infrastruktur yaradılmasa, utilizasiya qadağası praktikada gözlənilən effekti verməyə bilər.

Keçid müddəti

Yeni qadağa iyulun 19-dan etibarən iri şirkətlər üçün qüvvəyə minib.

Orta müəssisələrə isə yeni tələblərə uyğunlaşmaq üçün 2030-cu ilədək keçid müddəti verilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru