Dövlət Yol Polisi İdarəsinin əlaqə telefonları nə üçündür?: İdarəetmə fəlsəfəsində problem
Dünən, 16:49

Dövlət qurumları nədən telefon nömrələri dərc edirlər? Vətəndaşların müraciətlərini qəbul etmək, onların suallarını cavablandırmaq, problemlərini dinləmək və dövlət-vətəndaş əlaqəsini təmin etmək üçün, elə deyilmi? Bəs, vətəndaşların telefon zənglərinə cavab verilmirsə, həmin nömrələr nəyə xidmət edir?
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəsmi əlaqə nömrələri illərdir müxtəlif internet resurslarında yerləşdirilib. Vətəndaşa deyilir ki, problemin varsa zəng et, məlumat almaq istəyirsənsə əlaqə saxla, müraciətin varsa bildir. Ancaq çox vaxt vətəndaşın qarşılaşdığı mənzərə tam fərqli olur: Uzun müddət cavab verilməyən telefonlar, nəticəsiz cəhdlər və sonsuz gözləmə.
Bu mövzuya toxunmaqda məqsədim 06 iyul, 2026-cı il tarixində Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi, polis polkovniki Rəşid Piriyevə etdiyim müraciətlə bağlı yaranıb. Artıq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə edilən müraciətə müsbət və ya mənfi cavab veriləcəyi ilə az maraqlıyam. Aradan günlər keçməsinə baxmayaraq, müraciətin hansı mərhələdə olduğunu öyrənməyin mümkün olmaması daha təəssüfləndirici deyilmi? Nə telefon vasitəsilə məlumat almaq olur, nə də müraciətin taleyi barədə aydın izahat verən tapılır.
Əslində, problem təkcə bir müraciətin taleyi deyil. Problem idarəetmə fəlsəfəsindədir. Dövlət qurumu vətəndaş üçün yaradılıbsa, vətəndaş həmin qurumla əlaqə saxlaya bilmirsə, onda bu sistemin səmərəliliyi barədə suallar yaranır.
Bu gün banklar, mobil operatorlar, özəl şirkətlər… minlərlə müraciəti saniyələr içində qeydiyyata alır, izləyir və cavablandırır. Dövlət qurumları isə vətəndaşa sadəcə müraciət etdiyini sübut etmək imkanı verməklə kifayətlənməməli, onun müraciətinin hərəkət trayektoriyasını da şəffaf göstərməlidir.

Əgər bu sadə suallara cavab almaq mümkün deyilsə, onda vətəndaşın dövlətə inamı necə formalaşmalıdır?
Daha düşündürücü məqam odur ki, bir çox vətəndaşlar rəhbər şəxslərlə görüşməyin və ya qəbuluna düşməyin faktiki olaraq mümkünsüz olduğunu bildirirlər. Dövlət qurumunun rəhbəri yalnız kabinetində oturan inzibatçı deyil. O, ilk növbədə, ictimai etimadın daşıyıcısıdır. İctimai etimad isə vətəndaşdan uzaqlaşdıqca deyil, vətəndaşa yaxınlaşdıqca artır.
Əlbəttə, heç kim dövlət qurumlarının iş yükünün az olduğunu iddia etmir. Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi mürəkkəb və məsuliyyətli sahədir. Lakin mürəkkəblik və iş çoxluğu vətəndaşın cavab almaq hüququnu aradan qaldıra bilməz…
Bu gün Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin qarşısında duran əsas məsələlərdən biri təkcə yol hərəkətinə nəzarət və yaxud sürücüyə inzibati cəza alması üçün yol hərəkət qaydalarında tələlər qurmaq deyil, həm də vətəndaşlarla ünsiyyətə nəzarətdir. Çünki cavab verilməyən telefon, cavabsız qalan müraciət və qeyri-müəyyən gözləmə müddəti hər hansı inzibati qərardan daha çox narazılıq yaradır.
Dövlətin gücü cərimə yazmaqda deyil, vətəndaşın sualına cavab verməkdə görünür. Telefon nömrələri sadəcə internet səhifələrini doldurmaq üçün deyil, vətəndaşın səsini eşitmək üçün mövcuddur.
Əgər vətəndaş zəng edir və cavab ala bilmirsə, müraciət edir və taleyini öyrənə bilmirsə, o zaman sual yaranır: Problem vətəndaşdadır, ya bu sistemi idarə edənlərin yerinin səhv düşməsində?
Nəbi RAMAZANLI
araz.az xəbər portalı.

