Kondisioner sağlamlığa zərərlidirmi? – Həkimlər əsas riskləri açıqlayıb
Dünən, 16:28

The Independent nəşrinin yazdığına görə, kondisioner istidən effektiv qorusa da, orqanizm üçün bəzi gözlənilməz və xoşagəlməz yan təsirlərə səbəb ola bilər.
Həkimlər kondisionerin insan sağlamlığına təsir edən beş əsas mənfi nəticəsini açıqlayıb, həmçinin bu təsirləri azaltmaq üçün tövsiyələr veriblər.
1. Dəri
Kondisionerli mühitdə uzun müddət qalmaq dərinin nəzərəçarpacaq dərəcədə qurumasına səbəb ola bilər.
Həkim Opel Beykerin sözlərinə görə, kondisionerlər havadakı rütubəti azaltdığı üçün sərinlik hissi yaradır, lakin eyni zamanda dərinin nəmini də itirməsinə səbəb olur. Bu isə dəridə quruluq, dartınma hissi, qabıqlanma, həssaslığın artması, ekzema və hətta dodaqların çatlaması ilə nəticələnə bilər.
Quru və ya həssas dəriyə meyilli insanlarda bu problem daha qabarıq şəkildə özünü göstərə bilər.
2. Gözlər
Həkim bildirir ki, kondisioner gözləri də quruda bilər və yanma, qıcıqlanma və ya sancma hissi yarada bilər. Çox nadir hallarda müvəqqəti bulanıq görmə də müşahidə oluna bilər.
Kontakt linza istifadəçiləri bu narahatlığı digərlərinə nisbətən daha çox hiss edə bilərlər.
3. Burun və boğaz
Kondisioner burun və boğazın selikli qişasını quruda bilər ki, bu da boğaz ağrısı, burun tutulması və ya səs tutulmasına səbəb ola bilər.
Həkim Lüsi Huuper qeyd edir ki, selikli qişanın quruması seliyin normal şəkildə xaric olunmasını çətinləşdirir. Halbuki selik orqanizmin immun müdafiə sisteminin mühüm hissəsidir.
Bundan əlavə, bəzi insanlarda burun qanamaları da baş verə bilər. Həkim Opel Beykerin sözlərinə görə, kondisioner burun daxilindəki selikli qişanı qurudaraq onu çatlamağa daha həssas edir və güclü şəkildə burun təmizləndikdə qanaxma yarana bilər.
4. Ağciyərlər
Kondisionerə düzgün texniki qulluq göstərilmədikdə, cihaz toz, tozcuq və kif hissəciklərinin dövriyyəsini artıra bilər. Bu isə ağciyərləri qıcıqlandıra və bronxial astma kimi tənəffüs sistemi xəstəliklərini ağırlaşdıra bilər.
5. Ağrılar
Uzun müddət kondisionerli otaqda qaldıqdan sonra baş ağrısı və ya əzələ ağrıları yarana bilər. Həkimin sözlərinə görə, bunun səbəbi dərinin quruması, susuzlaşma və soyuq havanın əzələlərdə gərginlik yaratmasıdır.
Mənfi təsirləri azaltmaq üçün tövsiyələr
* Kifayət qədər su qəbul edin.
* Tərkibində qliserin və ya hialuron turşusu olan nəmləndirici dəri vasitələrindən istifadə edin.
* Otaqda canlı bitkilər saxlayın.
* Dodaqları qoruyan nəmləndirici balzamlardan istifadə edin.
* Ehtiyac olduqda nəmləndirici göz damcılarından istifadə edin.
* Avtomobildə kondisionerin hava axınını birbaşa üzə və gözlərə yönəltməyin.
* Kondisioneri mütəmadi olaraq təmizləyin və texniki baxımdan saz vəziyyətdə saxlayın.
* Zərurət olduqda hava nəmləndiricisindən istifadə edin.
Bundan əvvəl mütəxəssislər bildiriblər ki, kondisioner işləsə belə, qapalı məkanların mütəmadi havalandırılması vacibdir.

