"Həkim də, usta da Çindən maşın gətirib satır, vergi ödəmir" - Ekspert

Dünən, 16:16           
"Həkim də, usta da Çindən maşın gətirib satır, vergi ödəmir" - Ekspert
"Avtomobil satışı ilə artıq peşəkar satıcılar və sahibkarlar deyil, həkimlər, ustalar, bənnalar və müxtəlif peşə sahibləri də məşğul olur. Onlar Çindən avtomobil gətirib satırlar və heç bir vergi ödəmirlər".

Bunu Qaynarinfo-ya açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov ölkədə avtomobil bazarında müşahidə olunan durğunluğun səbəblərindən danışarkən bildirib.

Ekspertin sözlərinə görə, bazarda qiymətlərin kəskin ucuzlaşmasından danışmaq düzgün deyil:

"2024-2025-ci illərdə Çindən gətirilən bəzi model avtomobillərin artıq yaşı artır. Buna görə də satıcılar onları daha aşağı qiymətə təklif edirlər. Amma bazarda yaranan durğunluğun əsas səbəbi bu deyil. Əsas səbəb hibrid avtomobillərin idxalına tətbiq edilən ƏDV güzəştlərinin ləğv olunmasıdır. Əvvəllər bu avtomobillər vətəndaşlar üçün daha əlçatan idi. İndi isə əlavə dəyər vergisi tətbiq olunduğundan qiymətlər yüksəlib və bu da insanların yeni avtomobil almaq istəyinə mənfi təsir göstərir".

Ekspert hesab edir ki, nəticədə alıcılar yeni deyil, işlənmiş avtomobillərə üstünlük verirlər:

"Bu, ölkədə avtomobil parkının yenilənməsini ləngidir. Məqsədimiz köhnə avtomobillərin mərhələli şəkildə dövriyyədən çıxarılması və vətəndaşların yeni, ekoloji cəhətdən daha təmiz nəqliyyat vasitələrinə keçidini təmin etməkdir. Hazırda isə bu proses arzu olunan sürətlə getmir".

Eldəniz Cəfərov bildirib ki, Azərbaycanda bir çox avtomobil istehsalçısının rəsmi nümayəndəlikləri fəaliyyət göstərsə də, bazarda onlarla rəqabəti çətinləşdirən başqa amillər də var:

"Rəsmi nümayəndəliyi olmayan sahibkarlar və fərdi şəxslər Çin istehsalı olan, Azərbaycan bazarı üçün nəzərdə tutulmayan, zəmanətsiz avtomobilləri ölkəyə gətirərək daha ucuz qiymətə satırlar. Bu isə rəsmi dilerlərin satışına ciddi mənfi təsir göstərir".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru