Azərbaycan hökuməti “Temu”dan narazıdır – deyir ki, niyə məhsulları ucuz satırsan, güya, bu rəqabət məcəlləsini pozmaqdır.
Dünən, 15:02

Azərbaycan hökuməti “Temu”dan narazıdır – deyir ki, niyə məhsulları ucuz satırsan, güya, bu rəqabət məcəlləsini pozmaqdır.
Bəli, dünyada “dumping” anlayışı var – hansısa istehsalçı (əsasən istehsalçı, xidmət sahəsi də ola bilər, amma, buna az təsadüf olunur) bazara nəzarəti artırmaq istəyəndə istehsal etdiyi məhsulun qiymətini aşağı çəkir, bir müddər dözür, daha zəif rəqibləri o qiymətə istehsal etdiyi məhsulları sata bilmir deyə, sıradan çıxır, sonra “dumping” edən böyük şirkət bazarın böyük bir hissəsini ələ keçirib qiymətləri qaldırır, bununla da itirdiklərini artıqlaması ilə geri qaytarır.
“Temu” istehsalçıdırmı? Yox. “Temu” - Çin mənşəli, beynəlxalq onlayn alış-veriş və elektron ticarət platformasıdır. Şirkər birbaşa istehsalçılarla işləyir və geyim, elektronika, məişət əşyaları, kosmetika, oyuncaqlar və alətlər və s. daxil olmaqla milyonlarla fərqli məhsul təklif edir. Yəni, qiyməti istehsalçılar qoyur, “Temu” isə məhsulları birbaşa istehsalçıdan alaraq çatdırılmanı həyata keçirir.
Yəni, “dumping” etmək üçün imkanı məhduddur, qiyməti istehsalçı verir, “Temu” isə sifariş və çatdırılmada iştirak edir.
Yaxşı, bəs “Temu” şirkətinin fəaliyyətinə nəzarət olmalı deyilmi? Əlbəttə ki, olmalıdır. İstehlakçıların hüquqlarını dövlət qorumalıdır - əgər bəzi istifadəçilər sifariş edilən məhsulların keyfiyyətsiz, xarab çıxmasından və ya reklam olunan şəkildən fərqli gəlməsindən şikayət edirlərsə, mütləq araşdırma aparılmalı, istehlakçının hüququ qorunmalıdır.
Bəs indi Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi nədən məhz “dumping” məsələsini önə çəkib araşdırma aparır?! Kim şikayət edib bu məsələdən?! Hansı rəqibi?! Alan razı – satan razıdırsa, istehlakçılardan şikayət yoxdursa, niyə əl-ayağa düşüblər?! Yaxşı, tutalım, “Temu” cəza aldı, böyük cərimə ödəməli oldu – o zaman da, çatdırılma xidməti bahalaşdıracaq axı, həmin cəriməni biz – vətəndaş ödəməli olacağıq.
Bu sadə həqiqəti illərdir hökumətə çatdıra bilmirik – istənilən cərimə-vergi-rüsumun son ödəyicisi vətəndaşdır, biznes bunu cibindən ödəmir. Siz cərimələri artırdıqca, qiymətləri yüksəldirsiniz, vətəndaşın daha çox ödəməsinə səbəb olursunuz...
Natig Jafarli

