Daniel Ellsberg - Bir zamanlar yaxın dost olduğu Henri Kissincer onu “ABŞ-ın ən təhlükəli adamı” adlandırmışdı.
Dünən, 17:54

Daniel Ellsberg ABŞ ictimaiyyətinin Vyetnam müharibəsinə münasibətini dəyişən şəxs kimi tarixə düşüb. Cəsarəti və mənəvi qətiyyəti onu XX əsrin ən tanınmış ifşaçılarından birinə çevirdi. 1971-ci ildə “Pentaqon sənədləri” (Pentagon Papers) adlanan məxfi hesabatları yaymaqla o, öz azadlığını təhlükə altına atdı, lakin eyni zamanda Vyetnam müharibəsinin sonunu tezləşdirməklə onminlərlə insanın həyatını xilas etdi.
1931-ci il aprelin 7-də Çikaqoda yəhudi ailəsində anadan olan Daniel Ellsberg Harvard Universitetini 1952-ci ildə fərqlənmə ilə bitirərək iqtisadiyyat üzrə bakalavr dərəcəsinə yiyələnib. Daha bir il Kembric Universitetində təhsil alıb.
1954-57-ci illərdə dəniz piyadaları qüvvələrində xidmət edib. 1959-cu ildə tədqiqat təşkilatına – RAND Korporasiyasına qoşularaq müdafiə və xarici siyasət üzrə ekspert kimi çalışdı. 1960-cı illərdə o, ABŞ Müdafiə Nazirliyində, o cümlədən müdafiə naziri Robert Maknamaranın komandasında çalışdı və şəxsən Vyetnama ezam olunaraq vəziyyəti yerində araşdırdı.
1967-ci ildə Pentaqon ABŞ-ın Vyetnamdakı iştirakının tarixi barədə məxfi hesabat hazırlanmasını sifariş etdi. Ellsberg bu işdə iştirak edərək ABŞ prezidentlərinin hələ Trumen dövründən Vyetnamdakı hadisələr barədə (o zaman Fransa-Vyetnam müharibəsi gedirdi) ictimaiyyəti sistematik şəkildə aldatdığını üzə çıxardı. O, müharibənin davam etdirilməsinin nə mənəvi, nə də ictimai baxımdan əsaslandırıla biləcəyini düşündü.
1971-ci ildə Ellsberg 7000-dən çox səhifədən ibarət məxfi sənədləri “The New York Times” qəzetinə ötürdü. İlk hissəsi iyunun 13-də çap olunan və “Pentagon Papers” adını alan bu sənədlər Trumendən Consona qədər olan prezident administrasiyalarının həm Konqresi, həm də ABŞ xalqını aldadaraq müharibəni davam etdirdiyini ortaya qoyurdu. ABŞ-ı müharibə əleyhinə etirazlar bürüdü.
Nikson administrasiyasının müraciəti ilə federal məhkəmə “The New York Times” qəzetinə sənədlərin qalan hissəsini çap etməyə qadağa qoydu. O zaman işi “The Washington Post” davam etdirdi. Administrasiya yenə məhkəməyə müraciət etdi. Bu dəfə işi araşdıran hakim Mürrey Gurfeyn müraciəti rədd etdi: “Millətin təhlükəsizliyi təkcə qala divarları ilə təmin olunmur. Təhlükəsizlik həm də bizim azad institutlarımızın dəyərindədir. Daim hakimiyyətin təzyiqi altında olan tənqidçi, inadkar və məkansız mətbuat böyük dəyərləri — söz azadlığını və xalqın öz hökumətinin fəaliyyəti barədə məlumat almaq hüququnu qorumaq üçündür”.
İyunun 30-da hər işə baxan ABŞ Ali məhkəməsi də qəzetlərin xeyrinə qərar çıxardı.
Belə olduqda hakimiyyət Ellsbergin özünü cəzalandırmağa çalışdı. Ona qarşı irəli sürülən itithamlar 115 ilədək həbs cəzası nəzərdə tuturdu. Lakin proses böyük qalmaqala çevrildi: məlum oldu ki, prezident Niksonun adamları qanunsuz şəkildə Ellsbergin danışıqlarını dinləyib və onun psixiatrının kabinetinə müdaxilə edib. 1973-cü ildə hakim sübutların qanunsuz əldə olunmasına söykənərək işi dayandırdı.
Ellsberg sonrakı həyatını müharibə əleyhinə və nüvə silahlarına qarşı mübarizəyə həsr etdi. O, şəffaflıq, azad mətbuat və vətəndaşların həqiqətə çıxış hüququnun fəal müdafiəçisinə çevrildi. Sonrakı illərdə ABŞ-ın nüvə strategiyasını kəskin tənqid etdi və Çelsi Mening, Edvard Snouden kimi digər ifşaçıları dəstəklədi.
2023-cü ilin martında Ellsberg sağalmaz xərçəng xəstəsi olduğunu elan etdi. O, 2023-cü il iyunun 16-da Kaliforniyadakı evində 92 yaşında vəfat etdi. Son günlərə qədər o, əmin idi: vətəndaş borcu – həqiqəti söyləməkdir, hətta bunun üçün yüksək bədəl ödəmək lazım gəlsə belə.
Onun haqqında 2009-cu ildə “Amerikadakı ən təhlükəli adam: Daniel Ellsberg və Pentaqon sənədləri” adlı sənədli film çəkildi. 2017-ci ildə çəkilən “Məxfi dosye” filmi də Pentaqon sənədlərinin nəşri barədədir, lakin burada Ellsberg ikinci plandadır. Əsas qəhrəmanlar mətbuat işçiləri olan filmdə baş rolları Meril Strip və Tom Henks kimi əfsanəvi aktyorlar ifa edirlər. Meril Stripin rekord saydakı 21 Oskar nominasiyasından biri də bu filmə görədir.
https://t.me/yadigarsadigli

