DÇ-2026: Bosniya və Herseqovina Qətəri, İsveçrə Kanadanı məğlub etdi - VİDEO

Bu gün, 09:01           
DÇ-2026: Bosniya və Herseqovina Qətəri, İsveçrə Kanadanı məğlub etdi - VİDEO
2026-cı il futbol üzrə dünya çempionatının B qrupunun 3-cü turunda İsveçrə və Kanada milliləri üz-üzə gəliblər.

Oxu.Az xəbər verir ki, qarşılaşma Kanadanın Vankuver şəhərində yerləşən "Bi-Si Pleys" stadionunda keçirilib. Oyunu braziliyalı baş hakim Ramon Abatti idarə edib.

Matç İsveçrə millisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

İsveçrə yığmasının ilk qolunu 46-cı dəqiqədə Ruben Varqas vurub. O, cinahdan cərimə meydançasına ötürülən topu dəqiq zərbə ilə qapıdan keçirib. 57-ci dəqiqədə yarımmüdafiəçi Yohan Manzambi komandasının ikinci qoluna imza atıb.

Kanada millisi isə 76-cı dəqiqədə fərqi azaltmağa nail olub. Komandanın hücumçusu Promis Devid bir qolla yadda qalıb.

Bu qələbədən sonra xallarının sayını yeddiyə çatdıran İsveçrə millisi dünya çempionatının pley-off mərhələsinə vəsiqə qazanıb. Həmçinin Kanada yığması da aktivindəki dörd xalla pley-off mərhələsinə adlaya bilib.

B qrupunun 3-cü turunun digər oyununda isə Bosniya və Herseqovina ilə Qətər görüşüb.

Qarşılaşma ABŞ-nin Sietl şəhərində yerləşən "Lümen Fild" stadionunda keçirilib. Matçı venesuelalı baş hakim Xesus Valensuela idarə edib.

Görüş Bosniya və Herseqovina millisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunda hesabı 29-cu dəqiqədə bosniyalı yarımmüdafiəçi Kerim-Sem Alaybegoviç açıb. 34-cü dəqiqədə Qətər millisinin müdafiəçisi Sultan Əl-Brake topu öz qapısından keçirərək hesab arasındakı fərqi artırıb.

Qətər yığması 42-ci dəqiqədə fərqi azaltmağa nail olub. Komandanın hücumçusu Həsən Əl-Haydos Bosniya və Herseqovina millisinin qapısına yol tapıb.

Matçda son nöqtəni isə 81-ci dəqiqədə bosniyalı yarımmüdafiəçi Ermin Mahmiç qoyub və komandasının üçüncü qolunu vurub.

Beləliklə, üç oyunda cəmi bir xal toplayan Qətər millisi B qrupunda sonuncu - dördüncü yeri tutaraq turnirlə vidalaşıb. Bosniya və Herseqovina yığması dörd xala malik olmasına baxmayaraq, şəxsi göstəricilərdə eyni xallı Kanadadan geri qalaraq üçüncü pillədə qərarlaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru