Dünya iqtisadiyyatında transformasiya dövrü başlayır
Bu gün, 17:34

Süni intellekt, dövlətin iqtisadiyyatda artan rolu və qlobal texnoloji sürət biznes dünyasında yeni transformasiya mərhələsi yaradır.
Bunu Future Bright Group-un təsisçisi Akan Abdula Bakıda keçirilən Biznes Liderləri Zirvəsində çıxışı zamanı bildirib.
Akan Abdula qeyd edib ki, dünya iqtisadi sistemi artıq köhnə yanaşmalarla izah oluna bilmir və yeni modelə doğru keçir: “Gələcək haqqında çox danışılır, amma əslində biz yeni bir iqtisadi dövrün içindəyik. Bu dövrün qaydaları əvvəlkilərdən fərqlidir”. Onun sözlərinə görə, qlobal dəyişimin əsas istiqamətlərini üç amil müəyyən edir: dövlətin iqtisadi proseslərdə daha aktiv iştirakı, texnologiyanın sürətlənməsi və yeni iqtisadi coğrafiyaların formalaşması.
O bildirib ki, dünya “neoliberalizm sonrası” mərhələsinə doğru irəliləyir:
“Artıq şirkətlər və dövlətlər daha açıq şəkildə birgə işləyir. Əvvəlki sərbəst bazar yanaşması isə yeni reallıqlarla uyğunlaşmaqda çətinlik çəkir”.
Akan Abdula vurğulayıb ki, Çin modeli qlobal iqtisadi rəqabətdə dövlətin strateji rolunu daha da gücləndirib: “Çin yanaşmasında dövlət seçir, istiqamət verir və müəyyən sektorları birbaşa dəstəkləyir. Bu model bəzi sahələrdə güclü nəticələr ortaya çıxarıb”.
Onun fikrincə, texnologiyanın sürətlənməsi biznes mühitində dəyər anlayışını da dəyişdirir:
“Bu gün şirkətlərin dəyəri təkcə maliyyə göstəriciləri ilə ölçülmür. Əsas məsələ gözlənti yaratmaq və gələcəyə dair inam formalaşdırmaqdır”.
Akan Abdula əlavə edib ki, innovasiya və inkişaf üçün iqtisadi sistemlərdə yeni tarazlıqlar formalaşır və şirkətlər bu dəyişikliklərə uyğunlaşmaq məcburiyyətindədir.

