Dünya liderlərinin qonaq olduğu Çertoza villası satıldı

Bu gün, 10:22           
Dünya liderlərinin qonaq olduğu Çertoza villası satıldı
İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin ailəsi Sardiniyadakı Çertoza villasını Qətərin sabiq baş naziri və xarici işlər naziri Həməd bin Casim bin Cabir Al Taniyə satıb.

Bu barədə ANSA agentliyi Berluskoni ailəsinin aktivlərini idarə edən "Fininvest" holdinqinə istinadən məlumat yayıb.

Müqavilənin məbləği rəsmi olaraq açıqlanmasa da, KİV-in yaydığı məlumata görə, villa 350 milyon avroya satılıb. Alıcı qismində Qətər kral ailəsinə məxsus "Constellation" şirkəti çıxış edib. "Politico"nun məlumatına görə, sövdələşmə Al Tani ailəsi ilə əlaqəli və Lüksemburqda qeydiyyatdan keçmiş investisiya strukturu vasitəsilə rəsmiləşdirilib. ANSA-nın qeyd etdiyinə görə, villa ilə Bruney sultanı da maraqlanıb.

Çertoza villası Sardiniya sahillərində, Marinella körfəzinə mənzərəsi olan ərazidə yerləşir. Berluskoninin dövründə bura yay siyasi rezidensiyası funksiyasını yerinə yetirib və dünya liderlərinin, xarici qonaqların qəbul edildiyi məkana çevrilib.

Villanın satılması ilə bağlı planlar barədə ilk dəfə 2024-cü ilin fevralında məlumat verilmişdi. Potensial alıcılar arasında BƏƏ, Səudiyyə Ərəbistanı, Hindistan və ABŞ-dən olan milyarderlərin adları çəkilirdi.

Qeyd edək ki, Berluskoninin 1980-ci illərin sonlarında aldığı bu villada müxtəlif illərdə ABŞ-nin keçmiş prezidenti Corc Buş, Böyük Britaniyanın sabiq baş naziri Toni Bler və Rusiya Prezidenti Vladimir Putin kimi tanınmış şəxslər qonaq olublar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru