Biletlərin 3 ay əvvəldən satılması... ADY problemi həll edir, yoxsa daha da böyüdür?
Bu gün, 16:09

“Yüksək tələbatı nəzərə alaraq, aktiv bilet satışı dövrünün hazırkı 30 gündən 90 günə qədər artırılması mexanizminin yaxın günlərdə tətbiqini planlaşdırırıq”.
Bizimesr.com bildirir ki, bu sözləri “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov bildirib.
Onun sözlərinə görə, mövcud qaydalara əsasən xarici ölkə vətəndaşlarının Azərbaycanı quru yolla tərk etməsinə məhdudiyyət yoxdur. Lakin Azərbaycana giriş yalnız hava və dəmir yolu nəqliyyatı vasitəsilə mümkündür. Bu səbəbdən Gürcüstandan Azərbaycana qatar reyslərinə tələbat xeyli artıb.
Qeyd edək ki, hazırda beynəlxalq qatar biletləri yalnız 30 günlük dövr üçün satışa çıxarılır. Yeni mexanizm tətbiq olunacağı halda sərnişinlər biletləri 90 gün əvvəldən əldə edə biləcəklər.
İlk baxışdan bu qərar sərnişinlərin səfərlərini daha rahat planlaşdırmasına imkan verəcək müsbət addım kimi görünür. Lakin məsələnin digər tərəfi də var. Hazırda belə Bakı–Tbilisi marşrutu üzrə bilet tapmaq kifayət qədər çətinləşib. Biletlər qısa müddətdə tükənir və çoxsaylı sərnişinlər istədikləri tarixlərə yer tapa bilmirlər. Satış müddətinin 30 gündən 90 günə qaldırılması isə bəzi hallarda vəziyyəti daha da mürəkkəbləşdirə bilər.
Belə ki, əvvəllər sərnişinlər maksimum bir ay sonrakı səfərləri üçün bilet axtarırdılarsa, yeni sistemdə üç ay sonrakı tarixlər üçün də eyni vaxtda böyük tələbat yaranacaq. Nəticədə biletlər daha erkən tükənə, səyahət planlarını sonradan quran insanlar isə aylarla növbə gözləməli ola bilərlər.
Problemin əsas səbəbi satış müddətinin uzun və ya qısa olması deyil. Əsas problem mövcud sərnişin axını ilə müqayisədə qatarların tutumunun məhdud olmasıdır. Hazırda bir reyslə təxminən 200 nəfərin daşınması yüksək tələbatı qarşılamaq üçün kifayət etmir.
Bu baxımdan,problemin həlli üçün ilk növbədə reyslərin sayının artırılması, əlavə vaqonların qoşulması və sərnişin tutumunun genişləndirilməsi vacibdir. Əks halda, bilet satış müddətinin artırılması yalnız biletlərin daha tez tükənməsinə səbəb olacaq və sərnişinlərin narazılığını tam aradan qaldırmayacaq.
Beləliklə, 90 günlük satış sistemi planlaşdırma baxımından üstünlük yaratsa da, qatarlarda yer sayının artırılmaması halında Bakı–Tbilisi marşrutu üzrə bilet çatışmazlığı probleminin davam edəcəyi gözlənilir.
Bizimesr.com

