Kiberhücumlarda qorxulu mərhələ: Şirkət rəhbərlərinin səsini və üzünü təqlid edirlər
Bu gün, 17:08

İş dünyasında rəqəmsal transformasiya prosesləri sürətlənərkən, korporativ şəbəkələri hədəf alan kibertəhdidlərin xarakteri də dəyişir. Süni intellekt alətlərinin şirkətlərin bütün şöbələrində fəal istifadə olunması məhsuldarlığı artırmaqla yanaşı, yeni təhlükəsizlik boşluqları da yaradır.
Valyuta.az xəbər verir ki, süni intellekt texnologiyaları şirkətlərin müdafiə sistemləri ilə yanaşı, kibercinayətkarların da ən mühüm silahlarından birinə çevrilib. Hakerlər maşın öyrənməsi modellərindən istifadə etməklə fişinq kampaniyalarını fərdiləşdirir, sosial mühəndislik ssenarilərini daha inandırıcı edir və sistemlərdəki boşluqların aşkarlanması proseslərini avtomatlaşdırırlar.
"ESET Türkiyə"nin Məhsul və marketinq rəhbəri Can Erginqurban bildirib ki, ənənəvi müdafiə üsullarının artıq kifayət etmədiyi barədə xəbərdarlıq edib.
ESET-in təhlillərinə görə, mətn generasiyası, səs klonlaşdırılması və "deepfake" kimi texnologiyalar hücumların aşkarlanmasını çətinləşdirir və şəxsiyyət saxtakarlığını daha təhlükəli mərhələyə daşıyır.
İkili şantaj modeli və fidyə proqramları
Korporativ strukturlar üçün ən dağıdıcı təhdidlərdən biri olaraq qalan fidyə proqramları ("ransomware") son dövrdə daha mürəkkəb strategiya ilə fəaliyyət göstərir.
Hücum edənlər artıq məlumatları yalnız şifrələməklə kifayətlənmir, həm də oğurlanmış məxfi məlumatları internetdə yaymaqla hədələyərək "ikili şantaj" tətbiq edirlər. "ESET PROTECT" platformasının məlumatları bu cür hücumların xüsusilə kiçik və orta sahibkarlıq subyektlərini hədəf aldığını göstərir.
Təchizat zəncirindəki zəif halqalar və "deepfake" təhlükəsi
Böyük korporativ şəbəkələrə birbaşa daxil ola bilməyən hakerlər məqsədlərinə çatmaq üçün üçüncü tərəf xidmət təminatçılarını və şirkətlərdə istifadə olunan xarici proqram təminatını vasitə kimi seçirlər.
"Təchizat zənciri hücumları" adlandırılan bu üsul şirkətin əlaqədə olduğu bütün rəqəmsal ekosistemin kompleks şəkildə qorunmasını zəruri edir.
Digər tərəfdən, ənənəvi fişinq hücumları da süni intellektin inteqrasiyası ilə fərdi təhdidlər yaradan dinamik formaya çevrilib. "Deepfake" texnologiyası sayəsində şirkət rəhbərlərinin səsi və görüntüsü təqlid edilərək saxta maliyyə köçürməsi göstərişləri hazırlana bilir.
Bu risklərlə necə mübarizə aparmaq olar?
Demək olar ki, hər gün yeni üsullarla ortaya çıxan bu təhdidlərdən qorunmaq mümkündürmü? Mütəxəssislərin fikrincə, ilk addım rəqəmsal aktivləri yalnız bir proqram vasitəsilə qorumağın mümkün olduğunu düşünməkdən imtina etməkdir.
Sistemləri daim yeniləmək vacibdir. Lakin bunun qədər əhəmiyyətli digər məsələ əməkdaşların maarifləndirilməsidir. Ən inkişaf etmiş təhlükəsizlik proqramı belə rəhbərinin səsini təqlid edən "deepfake" zənginə inanan və ya saxta elektron məktubdakı keçidə klikləyən əməkdaşın səhvinin qarşısını təkbaşına ala bilməz.
Bu səbəbdən həm texniki infrastrukturu, həm də insan amilini əhatə edən çevik müdafiə xəttinin qurulması artıq seçim deyil, zərurətdir.

