Kiçik toy məcarası (Olmuş hadisə)
20-02-2026, 09:54

Biri də varmış, biri yox Sibirin Şimal Buzlu okeanı sahillərində məskunlaşan xantlarla birlikdə Ağdam sakini bir soydaşımız da yaşayırdı.
Xantların əsas məşğuliyyəti maral saxlamaqdır. Kərəm adlı soydaşımız da (Adı şərti) onlarla bərabər maral saxlamaqla məşgul idi.
Günlərin birində həmvətənlərimiz mənə telefon açıb dedilər ki, bəs Esmira xanım, qəzetində gərək bu Kərəmi biabır rüsvay edəsiniz. Adımızı-sanımızı büsbütün bədnam edir. Dedim, - bir dayanın görək. Axı, bu Kərəm neyləyib ki, siz belə odlu, alovlu danışırsınız.
Dedilər ki, - Daha bundan artıq nə eləməlidir ki? Keçən il 7 yaşlı oğluna dəmdəsgahla sünnət edib, bu il yenə də hamıya xəbər göndərib ki, oğlumun kiçik toyuna mütləq gəlməlisiniz. İndi ya siz, ya da özümüz bu Kərəmin dərsini verməliyik.
Sözün düzü, bu olay mənə də çox pis təsir etdi. Kərəmin telefon nömrəsini əldə edib, məsələnin nə yerdə olduğunu öyrənməyə çalışdım.
- Kərəmlə danışıram?
- Bəli. Düppədüz Kərəmə zəng etmisiniz.
- Kərəm, barəndə heç də xoşa gəlməyən söz-söhbət gəzir. Deyirlər, oğluna ikinci dəfə yenidən kiçik toy edirsən. Bu barədə nə deyə bilərsən?
- Lap düppədüz söhbətdir. Bəli, oğluma kiçik toy edirəm. Burda nə var ki?
- Axı camaat keçən il sənin oğlunun kiçik toyunda iştirak edib. Bu necə ola bilər?
- İştirak ediblər, canları sağ olsun. Yenə də iştirak etməlidilər.
- Bu məcburidir?
- Bəli, hamı bir nəfər kimi toya gəlməlidir.
Bu yerdə düzü mən çox hiddətləndim və soruşdum:
- Siz bu uşağı kəsdirə-kəsdirə başına nə oyun açmaq fikrindəsiniz?
Bu zaman Kərəm təəccüblə soruşdu:
- Kim deyir ki, mən kəsilən uşağı bir də kəsdirirəm?
- Belə çıxır ki, camaatı aldadırsınız? Məqsədin pul yığmaqdır?
- Xeyir, xanım. Şükür Allaha ki, marallarım mənə yetərincə pul qazandırıb. Heç kimin puluna ehtiyacım yoxdur.
- Bəs məqsədin nədir?
- Hə, indi gəldik mətləb üstünə. Deyim biləsiniz ki, mən burada bir xantın ailəsi ilə birlikdə yaşayıram. Onun da bir oğlu var. Uzun sözün qısası, onlara o qədər adət-ənənələrimizdən, müsəlmançılığımızdan danışmışam ki, deyirlər bizi də müsəlman eylə. Mən də bildirdim ki, elə gəl oğlundan başlayaq. Xantı başa salmışam ki, oğlun sünnət olmasa müsəlman ola bilməz. O da razılaşıb. İndi bütün yemək-içməyi, musiqisi, oxumaq-oynamağı ilə xantin oğluna kiçik toy keçirdirəm. Bəyəm pis iş görürürəm? Bir müsəlman da artırıram də! Siz də gəlin, bütün dost-tanışlara da deyin ki, hamı bu toyda bir nəfər kimi iştirak etsin. Heç nəyə də narahat olmayın. Hər şey mənlikdir.
- Ay səni Allah sevindirsin, Kərəm. Çox gözəl, təqdirə layiq bir iş tutmusan. Bu şad xəbəri hamıya çatdıracam. Arxayın ol.
Beləliklə də Kərəmin təşkil etdiyi xeyir işdə bütün soydaşlarımız sevinclə, deyə-gülə iştirak etdilər. Kərəm də belə Kərəmdir.
Esmira ŞÜKÜROVA
TEREF

