Kor olsun o gözlər ki, xalq üçün ağlamır.

27-02-2026, 09:54           
Kor olsun o gözlər ki, xalq üçün ağlamır.
Bu bizik?!
Beynimdə Biryanın son məsləhəti hey səslənir -“Bax haa, ölülər hərdən mürdəşirin barmağını dişləyir! Həə, özünüzü yığışdırın Bakıya təzə təbrizli mürdəşir gəlir!!!
Kimdir bu mürdəşir?!
...Məhəmməd Bağırzadə...Təxəllüsü Bireya, yəni, riyadan uzaq, riyasız...Haqqında bilmədklərini bilmək istəyirsənsə, oxumağa davam et... Bu gün Karaqandada məhbus, Şamaxıda molla, Bakıda mürdəşir, Təbrizdə Azərbaycan Milli Hökumətinin Məclis və Mədəniyyət və Maarif Naziri...son günlərini də Təbrizin küçələrində səfil günündə keçirib, kimsəsizlər evində başa vuran riyadan uzaq, riyasız Məhəmməd Biryanın vəfat günüdür.
22 ildən artıq həbsdə yatmış Pişəvərinin Mədəniyyət naziri...Çox yox, onun elə siyasi tərcümeyi -halına baxanda həyatının böyük bir qisminin aldanışlar, zillət, məşəqqət və məyusluq içində keçirdiyinin şahidi oluruq. çox kədərli taleyi olub. Hətda sizi inandırım ki, heç Parisin lənətlənmiş şairləri belə Təbrizin qarğınmış şairi Biriyanın yaşadığı taleyi yaşamadı...O, Milli Azərbaycanın Həmkarlar Təşkilatının sədrindən, Pişəvəri hökumətində Azərbaycanın maarif naziri vəzifəsinə qədər yüksəldi...
Bilmirəm, deyilənə görə həbsi üçün şəxsən Mir Cəfər Bağırovdan razılıq alınıb. Məhkəmədə cəmi bircə günahını boynuna alır: NKVD ilə əməkdaşlıq iltizamını imzaladığını İran konsuluna xəbər verdiyinə görə günahkar olduğunu deyir. Biriya Azad Azərbaycan Hökumətinin maarif naziri olarkən iki dəfə Amerika konsulunu qəbul etdiyinə görə müstəntiq bunu casusluq fəaliyyəti kimi başa düşürdü. Bu zaman onun əleyhinə ifadə verən də tapılır..
Prokuror onun üçün 15 il iş istəsə də hakim 10 il iş verir...Sonra isə həbsdən azad olma və yenə həbslər, bəraət ...
Məhəmməd Biriya verilmiş bəraət hökmü ilə razılaşmayıb. Etirazını Sovet hökümətindən imtiyazlarından istifadə etməmək, şəxsiyyətini təsdiq edəcək hər hansı bir Sovet sənədinə əlini vurmaqla bildirib. Ona təqaüd də kəsilmişdi. O isə ona ayrılmış təqaüdü aldığı ərzaqla sahibsiz itləri yemləyirmiş. Bunu isə çəkinmədən hamının yanından da nümaişkəranə şəkildə deyirmiş. Təkcə bunu yox. Zaman -zaman kiril əlifbasından imtina edib ərəb əlifbasına qaytarmağın, marksizm-leninizm məktəblərini bağlamağın, Marksın, Engelsin, Lenin və Stalinin heykəllərini götürməyin, sərhədləri açmağın, aləmi-islamın düşməni olan erməniləri Azərbaycandan çıxartmağın, siyası səbəblərdən həbsə və sürgünə göndərilmiş insanların azad edilməsinin şəriətdə bərpa edilməsinin vacibliyi və s. deyirdi..
Sonda öz ədalətli səsinin qurbanı olur. Həyat onu Bakı qəbristanlıqlarında mollalıq, mürdəşirlik eləməyə məcbur edir...
Tarixçi alim Solmaz Rustamova-Togidi deyir: Hələ yeniyetmə ikən ildə 1-2 dəfə atamla o vaxtlar Şamaxının 1 saylı sovxozuna qonaq gedərdik. 1946-cı iıdə bu taya mühacirət etmiş İran demokratlarının böyük bir dəstəsi, o cümlədən Məhəmməd Biriya bu sovxoz-kənddə yaşayırdı, Azərbaycan Demokrat Firqəsinin də burada ən çoxsaylı təşkilatı fəaliyyət göstərirdi. Atam onların hamısını, öz silahdaşlarını yaxından tanıyırdı, hər gəlişində ilk olaraq Biriyanı soruşurdu və onunla görüşmək istəyirdi. Çox vaxt da dostları başlarını bulayaraq ah çəkirdi. Biriya artıq 10 illik həbsdən qayıtmışdı və ruhiyyəsi pozulmuşdu. Bir dəfə uzaqdan küçədə bərkdən danışa-danışa gedən uzun saqqallı adamı görəndə atamın rəngi qaraldı. Kim idi ki? sualıma: Biriyadır, böyük şairimiz -dedi. Dalınca getdi, çatmadı. Yanındakı dostları onu saxladı, getmə, Əli, dedilər, - tanımayacaq, yava danışacaq, qanın lap qaralacaq...Bir vaxt sovetlərə pənah gətirmişdi...Sonra rəgbəti nifrətə döndü... Amma yollar açılanda hər halda Vətənə qayıtmağa imkan tapdı Allah rəhmət eıəsin. Əqidə ilə başlayan Fəciəvi bir insan taleyi ..."
Sovet rejimi ona İrana, ailəsinin yanına getməyə icazə versə də qayıdanda evində nə oğlunu, nə də həyat yoldaşını tapa bilmir...Başqa versiyaya görə, həyatı qədər sevdiyi arvadı qapını onun üzünə bağlayır. Bu məsələ ilə bağlı Piruz Dilənçinin xatirəsi çox maraqlıdır: Bakıda olduğum zamanlar çox axtardıqdan sonra, onu evində saxlayan yaşlı bir xalanı tapdım (Əgər ölübsə, Allah rəhmət eləsin). Ara-sıra gedib qadının evində oturub, onun xatirələrini dinləyirdim. O qədər acınacaqlı həyatı olub ki, hər dinləyəndə ixtiyarsız ağlayırdım.
İrana, Güney Azərbaycana həyat yoldaşına məktub yazırmış. Həmişə də məktubları cavabsız qalırməş. Həyat yoldaşı da oradan bu tərəfə məktub yazırmış. Onun da məktubları cavabsız qalırmış.
Həyat yoldaşı, cəmi bir dəfə Biriyadan caba alıb. Həmin cavabda qısa-konkret yazılıbmış ki "Ay arvad, məndən əl çək! Buralarda mənim kefim sazdır. Bolluq və firavanlıq içində yaşayıram. Sağım-solum da gözəl sarışın Rus qızları ilə doludur. Sənə ehtiyacım yoxdur!..."
Biriyanın bu məktubunu oxuyan həyat yoldaşı, bir dəfəlik ona da, Azərbaycana da nifrət edərək onu beynindən və ürəyindən silir...
Sən demə yazıq Biriya bunların tərsini yazırmış və onun adından həyat yoldaşına gedən bu məktubu KQB yazıbmış!!
Yəni əslində Biriya Azərbaycandan da çox uzaqlarda sürgündə idi və oradan bu şeri həyat yoldşına yazmışdı:
Başına döndüyüm, qurban olduğum,
Deyirsən evə gəl, mən necə gəlim?
Gözəl camalına heyran olduğum,
Deyirsən evə gəl, mən necə gəlim?
Üzümü bir belə danlama, bəsdi,
Bilirsən, fələyin işləri nəsdi,
Gəlirdim, yolumu EMGEBE kəsdi,
Deyirsən evə gəl, mən necə gəlim?
Laygerin dövrəsi çəpərdi, valla,
Hər yana baxıram xətərdi, valla,
Burda xilas olmaq hünərdi, valla,
Deyirsən evə gəl, mən necə gəlim?
Çəpərin dalında durub nigəhban,
Qabaqda ölümdü, arxada zindan,
Qadasın aldığım yari-mehriban,
Deyirsən evə gəl, mən necə gəlim?
Üzümü tutanda qadir Allaha,
Dönür seksiyalar ibadətgaha,
Mənə vəslin olub canımdan baha,
Deyirsən evə gəl, mən necə gəlim?
Adım Məhəmməddir, özüm riyasız,
Hələ çıxmamışam sənə vəfasız,
Məni buraxmayır tutan həyasız,
Deyirsən evə gəl, mən necə gəlim?
Çox böyük psixi sarsıntı keçirən, uzun saqqal saxlayan şair, nazir əlinə kitabını götürüb dərviş kimi Təbrizin küçələrində gəzməklə özünün ziddiyyətli ömrünü 1985-ci il fevralın 19-da Təbrizdəki kimsəsizlər evində başa vurur.
Kim bilir, Bəlkə də o, mürdəşirlik işində aldandığından özünə bu şəkildə zülm etmişdi...
Amma yox, hər halda o, ömrünü səfil, kimsəsiz kimi başa vursa da öz kimliyini məzarını bəzəyən "Vəsiyyəyət"ində bildirməyə imkan tapdı...Bu mənada onun öz dövrünün poeziya müstəvisində məzarını bəzəyən "Vəsiyyət"dən başqa kiminsə üstün şeiri yoxdur.
Vurma əl türbətimə, türbəti-Adəm də mənəm,
Nə o dünya, nə bu dünya, iki aləm də mənəm.
Neyləyim, pey aparan olmadı bu varlığıma,
Eyşi-işrət də mənəm, möhnəti-matəm də mənəm,
Arama qəbrimi, axtarma mənim baş daşımı
Rəsmdə Həzrəti Nuh, ismdə Xatəm də mənəm.
Baba Allahnəzərov
TEREF















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru