Jacob Reineggs Qafqaz insanları barədə

7-04-2026, 12:54           
Jacob Reineggs Qafqaz insanları barədə
Jacob Reineggs Qafqaz insanları barədə:
Heç bir Asiya dilində bir millətin adını tək sözlə izah etmək mümkün deyil. Onu ancaq dini mənsubiyyət ilə birləşdirməlisən.
Məsələn, bir iranlı müsəlman erməni xristianlığına keçsə ona artıq iranlı deməyəcəklər. Yaşadığı ölkəni dəyişməsə belə "Erməni oldu" deyəcəklər. Bir erməni hətta öz ölkəsində belə gürcülərin qədim yunan sektasına (ortodoksluğa) keçsə "Gürcü oldu" deyəcəklər. Dinsiz osetinlər xristian olan kimi ona "gürcü" adı veriləcək. Hətta bu səbəbdəndir ki, onların bir hissəsi İrakli dövründə xristianlığa keçəndə onların torpaqlarına "Yuxarı Gürcüstan" deyilməyə başlandı. Gürcüstanın qərb bölgəsində yaşayan türklər heç vaxt özlərinə gürcü deməzlər, ölkələrinə də Gürcüstan adı verməzlər. Özlərinə müsəlman, ölkələrinə də Axalsıx deyərlər. Gürcü katolik olan kimi özünə "frank" deməyə başlayar, çünki onu gürcü edən dinidir.
[...]
Bu camaat ilə farslar arasında əsas fərq odur ki, xüsusilə Xəzərin şimal-qərbində yaşayan tatarlar qafqazlılarla qarışmışdır. Mən hətta Şirvan və Dağıstanda yaşayan bu insanlara Qafqaz Tatarı deməyi daha üstün tuturam, çünki İrandakı yeni şahlıq ilə də stabil əlaqədə deyillər. Onların dili və dini də mənim bu fikrimi təsdiqləyir.
Dilləri Tavrida tatarlarından (Krım tatarları) çox da fərqlənmir. Velikorus və malorus dilləri arasındakı fərq kimidir. Farsi dilini ümumiyyətlə heç kim bilmir və ancaq Şirvan xanları arasında ictimai işlərdə istifadə edilir. Məhəmmədin dini əsas inancdır amma şiəlik ancaq şəhərlərdə var. Kumuklar, dağıstanlılar, şirvanlıların çoxu və Şimal-Qərb tatarları Ömərin məzhəbindəndir.
Onlar gözəllikdə çərkəzlər və ya gürcülərlə bərabər deyillər; buna baxmayaraq, güc və cəlbedicilikdən də məhrum deyillər. Biz burada çərkəzlərdə, gürcülərdə, ermənilərdə və tatarlarda olduğu kimi müəyyən bir milli fizioqnomiya müşahidə etmirik; qarışmaq elə cizgilər meydana gətirib ki, bütövlükdə onlar haqqında deməyə çox az şey qalır. Kişilər orta boylu, arıq, qarayanız və qara saçlıdırlar. Qadınlar gözəl gürcü və çərkəzlərdən qat-qat aşağıdırlar və hərəmlər əsasən sonunculardan ibarətdir; lakin əgər hərəmlərdə regionun öz gözəlləri varsa, onlar adətən yerli ermənilərdir; çünki bütün Şərqdə ermənilər, yəhudilər kimi, yalnız öz aralarında evlənirlər. [Müəllif, görünür irqi saflığı və qaynayıb-qarışmamağı daha üstün hesab edirdi - C.A.]
Ümumiyyətlə, onlar mülayim həyat sürürlər. Gündə iki dəfə sadə yemək yeyirlər və böyük əksəriyyəti şərab və sərt içkilər məsələsində kifayət qədər çəkinəndirlər. Şəhərlərdəki varlılar və əyanlar, xüsusilə də Dağıstanda, bu məsələdə şübhəsiz ki, özlərini Qurandan üstün tuturlar [spirtli içki içirlər]; lakin sıravi xalq şərab və brendi əldə etmək imkanına nadir hallarda malik olur, çünki ermənilər [bu içkilərdən] yalnız az miqdarda saxlayırlar.
Adətən buğda çörəyi nazik kömbələr şəklində bişirilir və çörək (tschurek) adlanır. Onlar əsasən çox ağ və dadlıdırlar, xüsusilə də şəhərlərdə satılanlar. Dərbənd öz yaxşı çörəyi ilə, Buynak (Şamxalın ərazisində kiçik bir şəhər) isə ucuz çörəyi ilə məşhurdur. Dağıstanda, xüsusilə Tarkidə çox miqdarda darıdan [çörək] hazırlanır; o ağır olur, lakin qeyri-adi dərəcədə tox tutur.
Onların sevimli yeməyi plovdur. Varlılar onu müxtəlif üsullarla hazırlayır, dəbdəbə üçün zəfəran və digər zərərsiz bitkilərlə rəngləyirlər. Düyü yetişdirməyənlər onun yerini darı yarması ilə əvəz edirlər. Süd, kərə yağı, pendir və meyvələr onların əsas qidasını təşkil edir. Hakimlərin və böyük adamların süfrələrində müxtəlif digər yeməklər olsa da, onlar əsasən düyü və qoyun ətindən ibarətdir.
Avropa mətbəxinə alışmış hər kəs onları həddindən artıq yağlı və hər cür ədviyyatla, xüsusən də zəfəranla örtülmüş hesab edəcəkdir. Üzüm yarpaqları [dolma üçün], xiyar, qarpız, soğan və sarımsaq da istifadə olunur. Badam, şəkər və mürəbbəli meyvələrlə hazırlanan nəfis bir xəmir xörəyi [şirniyyat] həmişə süfrəyə qoyulur. Bununla belə, bütövlükdə milli təntənəli şam yeməkləri Avropa yeməkləri ilə müqayisə oluna bilməz.
Su ilə qarışdırılmış turş süddən hazırlanan və ayran adlanan Tatar içkisi məşhurdur. O, sərinlədicidir və bir az razyana habelə təzə xiyar ilə qarışdırıldıqda kifayət qədər dadlı olur. Onların həmçinin baldan və ya meyvə şirələrindən hazırlanan müxtəlif şərbət növləri var; nar şirəsindən hazırlananı xüsusilə yüksək qiymətləndirilir. Çay və qəhvədən nadir hallarda istifadə olunur; lakin qadınlar da daxil olmaqla hər kəs tütün çəkir. Tütün qeyri-adi dərəcədə sərtdir, buna görə də qəlyanda çəkilməlidir.
[...]
Şirvandakı xanlar öz təbəələri üzərində şübhəsiz ki, daha çox nüfuza malikdirlər; buna baxmayaraq, onlar mühüm işləri baş bəylər və hərbçilərdən ibarət olan Divanın məsləhəti olmadan həyata keçirməmək üçün çox ehtiyatlı olmalıdırlar. Divan həmçinin hüquqi məsələlərdə, xüsusən də cinayət işlərində məsləhətləşmələr aparır. Əgər xan bircə dəfə belə mütləq hakim kimi təkbaşına mühakimə etməyə və cəzalandırmağa cəhd etsə, o, ən azından öz təbəələrinin narazılığından qorxmalıdır. Quran qanunlarından başqa digər yazılı qanunların qüvvədə olmasına baxmayaraq, adətlərin rədd etdiyi bu cür özbaşına tədbirlərə əl atmaq istəsə, bu, şübhəsiz ki, onun üçün ölümcül nəticələrlə müşayiət olunar.
Lakin xanların hakimiyyətinin məhdud olması təbəələrinin böyük hissəsinin çəkdiyi zülm və səfalətin qarşısını zərrə qədər də almır. Zadəganlar və hərbçilər siyasi və məhkəmə işlərində öz nüfuzlarını qorumağa çalışsalar da, yəhudilərdən, ermənilərdən və digər xristianlardan bac-xərac toplamaq məsələsində, yaxud qonşu kiçik dövlətləri qarətçi yürüşlərlə narahat etmək lazım gəldikdə, hakimlərin fikirləri ilə çox asanlıqla razılaşırlar. Bu yürüşlərdə zadəganlar öz rəhbərləri ilə həm təhlükəni, həm də qəniməti bölüşürlər.
Bu xanların bir müddətdir ki, İrana qarşı itaətsizlik nümayiş etdirmələri əyalətlərdə daxili iğtişaşları azaltmaq əvəzinə, onları xeyli dərəcədə artırmışdır; çünki əyanların tam cəzasızlığı indi tiranlıqla birləşmişdir. Qarətçi ləzgilərin yaxınlığı ölkə üçün ikiqat bəladır; bu, həm onların daimi talanları, həm də kifayət qədər pul toplayıb bu qarətçiləri muzdla tutan hər hansı cəsarətli macəraçıya dəstək verməyə hazır olmaları ilə bağlıdır. Belə macəraçılar ölkənin hər hansı bir hissəsini fəth etmək və bəlkə də taxtı eyni dərəcədə ədalətsiz yolla qəsb etmiş hakimi devirmək üçün bu talançılardan istifadə edirlər. Bir sözlə, çox az xalq bu qədər acınacaqlı vəziyyətdədir; ürəkdən arzu edirəm ki, onlar özlərini qonşularının və həmvətənlərinin barbarlığından qoruya bilən müdrik bir hökumət altında sülh və xoşbəxtlikdən həzz ala bilsinlər.
Cavid Ağa












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru