Paşinyandan KURYOZ manevr: milyonlarını və evli olduğunu NİYƏ açıqladı? - İLGİNC
Bu gün, 17:43

Ermənistanın baş naziri Nikol Paşinyan gəlir və əmlakı ilə bağlı illik bəyannaməsini açıqlayıb.
Musavat.com xarici mediaya əsasən bildirir ki, sənəddə Paşinyanın son bir ildə ümumilikdə təxminən 222 milyon dram gəlir əldə etdiyi qeyd olunub.
O, maaşdan 31 milyon dramdan çox gəlir götürüb, əlavə olaraq “Zayed” İnsan Qardaşlığı Mükafatı Komitəsindən 500 min dollar alıb. Paşinyan həmçinin, İcevanda ortaq mənzilini bəyan edib, başqa daşınmaz əmlakı və avtomobilinin olmadığını göstərib.
Bəyannamədə diqqət çəkən məqamlardan biri isə onun ailə vəziyyətini “evli” kimi qeyd etməsi olub. Halbuki Paşinyan və Anna Akopyanın rəsmi nikahda olmaması ilə bağlı məlumatlar uzun illərdir müzakirə edilir. Son dövrlərdə Akopyanla münasibətləri ətrafında yayılan iddialar fonunda bu detal xüsusilə maraq doğurur.
Bəs Paşinyanın seçkiqabağı dövrdə ailə statusunu bu formada göstərməsi nə mesaj verir? Onun illərdir formalaşdırmağa çalışdığı “sadə xalq adamı” imici açıqlanan milyonlarla dramlıq gəlirlə nə dərəcədə uyğun gəlir?
“Atlas” Araşdırmaları Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Musavat.com-a deyib ki, seçkilər yaxınlaşdıqca siyasi qüvvələr və liderlər arasında rəqabət daha da kəskinləşir. Onun sözlərinə görə, belə bir gərgin mübarizə şəraitində siyasi liderlərin bir-birinə qarşı kompromat savaşına başlaması gözlənilən idi.
“Məsələn, Paşinyanın son açıqlamalarında Robert Köçəryanın həbs edilməli olduğunu deməsi, onu korrupsiya və 1 mart hadisələri ilə əlaqələndirməsi təsadüfi deyil. Paşinyan keçmiş hakimiyyət nümayəndələrini hədəfə alaraq öz elektoratını möhkəmləndirməyə çalışır”, - deyə analitik belə təhlil edib.
Onun fikrincə, digər tərəfdən isə müxalifət və radikal dairələr Paşinyana qarşı müxtəlif kompromatlar axtarmağa, xüsusilə ailədaxili məsələləri gündəmə gətirməyə çalışırlar:
“Son dövrlərdə müxalif mediada Paşinyanla Anna Akopyanın münasibətləri barədə müxtəlif iddiaların yayılması da bunun bir hissəsidir. Ona görə belə bir vəziyyətdə Paşinyan üçün şəxsi imicini qorumaq mühüm məsələyə çevrilir. Burada həm maliyyə məsələləri, vergilər, gəlirlərin şəffaflığı, həm də ailə münasibətləri xüsusi rol oynayır. Çünki seçkiqabağı dövrdə siyasətçilərin ailə həyatı və şəxsi münasibətləri cəmiyyət tərəfindən daha həssas qarşılanır”.
Ekspert hesab edir ki, seçki ərəfəsində ailədaxili problemlər və ya həyat yoldaşı ilə bağlı qalmaqallar siyasətçiyə mənfi təsir göstərə, hətta səs itkisinə səbəb ola bilər:
“İnsanlar siyasətçiyə yalnız siyasi baxışlarına görə yox, həm də bir insan kimi davranışına, ailəsinə münasibətinə görə qiymət verirlər. Bu baxımdan Paşinyanın bəyannamədə özünü “evli” kimi göstərməsi təsadüfi addım sayılmır. Görünür, o, müxalifətin əlində əlavə kompromat mövzularının yaranmasının qarşısını almağa çalışır”.

