SOVET STEREOTİPİ – içiboş fəxri adlar
8-04-2026, 00:01

XALQ ARTİSTİ, XALQ YAZIÇISI, XALQ ŞAİRİ, XALQ RƏSSAMI, ƏMƏKDAR ARTİST, ƏMƏKDAR İNCƏSƏNƏT XADİMİ, ƏMƏKDAR MÜƏLLİM, ƏMƏKDAR ELM XADİMİ, ƏMƏKDAR MƏDƏNİYYƏT İŞÇİSİ, ƏMƏKDAR JURNALİST...
SÖZARASI: Bir gün xalq artisti adını yeni almış bir müğənni parkda rəhmətlik Habil Əliyevi görür, deyir Habil müəllim məni təbrik edə bilərsiniz, mənə də xalq artisti adını verdilər. Habil Əliyev gözünə döndüyüm də deyir indi onlar verirdi verirdi, sənin abrına nə gəlmişdi götürürdün?
Zaman özündən öncəki dövrlərin stereotiplərini istər-istəməz rişxənd obyektinə çevirib bir kənara tullayır. Bu gün hansısa xalq yazıçısının efirə çıxıb “quşladığını”, hansısa xalq artistinin səviyyəsiz hoqqalar verdiyini gördükdə istər-istəməz insanda belə bir sual yaranır – kimə lazımdır bu adlar?
Kim çıxardıb bəzi səviyyəsizlərin özlərinə “qalxan” etdiyi lazımsız “fəxri adları”?
Guya bilmirikmi bu adları sovet dövründə hansı meyarlar əsasında paylayırdılar?
Bəs indi hansı parametrlərlə Əməkdarlıq müəyyən olunur?
Əməkdar artistlə Xalq artistinin fərqi nədədir?
Ölkədə on minlərlə müəllim çalışır, cəmiyyət bunun adisini əməkdarından nəyə əsasən seçib-ayırd etməlidir?
Yəni ömrü boyu öz ixtisas sahəsində çalışıb-vuruşmuş minlərlə insan nə etməlidir ki, onu həmin sahəyə cavabdeh olan dövlət qurumları ƏMƏKDAR gözündə görsün?
XALQ şairi olmağın qəlibi nədir, bu adı almaq üçün bir şeir yazan nə etsin?
Ümumiyyətlə, şairlik ixtisası və diplomu olmadığına görə, hansısa sahədə diplomu olub şeir yazmaqla ömrünü yola verən adamın Xalq şairi olması üçün parametrlər nədir? Yazıçılar birliyinə üzv olmaq? Poema adına uzun-uzadı, bitib-tükənməyən söz yığınını qafiyə şaqqıllatmaq üsulu ilə misraya düzüb “Ana südü” adı verərək çap etdirmək?
Yaxşı “şirinlik” vermək müqabilində rekomendasiyalar alıb dövlət orqanlarına ötürərək özü özünü fəxri adlara namizəd verməyin adı nədir?
Standart-şablon düşüncədən çıxış edən və bu adların verilməsini alqışlayanların bu yerdə adətən bir arqumenti olur – filankəs bu mahnını oxumaqla mədəniyyətimizə xidmət edir, ona görə rəğbətləndirilməsi yaxşı haldır. İndi nə edək, onda repertuarına hərəsi bir xalq mahnısı və ya sovet vaxtı çıxmış mahnını salan hər kim var götürüb“əməkdar” adı versinlər ki rəğbətləndiririk? O biri sahələrdə çalışanların nə günahı var bəs? 40 il sərasər vicdanla mühasibatlıqda çalışmış birinə nə üçün “əməkdar mühasib” adı verilmir? Soruşanda deyirlər o işlədiyinə görə pul alır. Bəyəm “mədəniyyətimizə xidmət ediyini” iddia etdiyiniz hansısa müğənni toylarda havayı oxuyur? Bəlkə fəxri adı olan və olmayan müğənnilərin toy qiymətlərini bir müqayisə edək ki, fəxri addan kimin necə sui-istifadə etdiyi ortaya çıxsın? Kimisə öz işinə görə belə rəğbətləndirmək lazımdırsa, konkret gözə dəyəsi bir pul vəsaiti ilə rəğbətləndirilsin, vəssalam da. Nə adbazlıq xəstəliyidir ölkədə?
Psixologiyada “böyüklük maniyası” deyilən bir nəsnə var ki, şizofreniya əlaməti hesab olunur. Təəssüf ki, çox zaman bu “fəxri adların” arxasında gizlənən adamların böyük qismində məhz bu xarakterik cizgi özünü qabarıq biruzə verir. Yerişi, baxışı, danışığı dəyişir, millətə ehkam kəsir, ağıl öyrədir, havalı hallara girir. Halbuki heç nə dəyişməyib, dünən toyda oxuduğu “Yar başına dönüm sənin” mahnısını yenə oxuyacaq, həm toyda, həm dövlət tədbirlərində filanda. Və ya TV verilişlərində Xalq yazıçısı adının “çəkisinə uyğun” bir ədada-görkəmdə üyüdüb-tökür. Bunları görə-görə gəlirik.
Konkret olaraq ayrı-ayrı fərdlərin fürsətcilliyinə rəvac verən amil kimi ƏMƏKDAR və XALQ fəxri adları ləğv olunmalıdır. İnsanları öz məhsuldar fəaliyyətinə görə digər daha effektiv və praktik şeylərlə rəğbətləndirmək lazımdır. Dövlətin əlində bunun üçün yetərincə resurs (ev, maşın, bağ sahəsi, pul vəsaiti və s.) var. Kimə lazımdı indiki zamanda acından ölə-ölə “əməkdar rəssam” adı daşımaq? Rəhmətlik Səttar Bəhlulzadənin şəklinə baxan adam ona “əməkdar rəssam” adını verib acından öldürən sovet hökümətinin goruna söyər. Və yaxud xalq artisti adını daşıyan Arif Quliyev pulsuzluqdan gedib müəssisə-müəssisə gəzirdi ki, bəlkə hansısa müdir cibindən çıxarıb ona nəsə verə. Xalq artisti Rasim Balayev zarafata salıb demirdimi ki, mənə gündə bu qədər verin elə mən gedim Nəsiminin heykəlinin yerində durum? Reallıq budur. Boş mənasız adlar kimin nəyinə gərəkdir? İnanın həqiqətən məhsuldar və səmərəli fəaliyyəti olub, elmimizə, təhsilimizə, mədəniyyətimizə böyük töhfələr verən insanların hansına desən ki, gəl sənin ƏMƏKDAR adını ləğv edək və əvəzində sənə Novxanıda 5 sot bağ sahəsi hədiyyə verək, deyəcək qadan alaram, nə ƏMƏKDAR, ver gəlsin. Nadir Qafarzadəyə “xalq artisti” adı verilməsə, Azərbaycan mədəniyyəti bununla heç nə itirən döyül. Sozümün canı, sovetlərdən qalma mənasız adlardan və elementlərdən qurtulmaq vacibdir. Fəxri adlar sanki yeməyini yeyən uşağın ağzına əmzik verməyə bənzəyir. İnsanlara əmək fəaliyyətinə görə qiyməti real ölçülə bilən resurslarla vermək lazımdır, daha köhnə “sovet əmziyi” ilə yox.
P.S.: 15 ildir səhərdən-axşama küçənin tinində çömbəlib təsbeh fırladan Əlövsətə də məhəllə ağsaqqalları “respublikanın əməkdar ləlöyünü” adını verir. Rəğbətləndirmək məqsədilə...
karikatura Chat GPT/OpenAI süni zəka proqramı vasitəsilə çəkilib.
Ceyhun Bayramli
TEREF

