Abbasqulu ağa xanlıqların hökmdarları haqda nə düşünürdü?
Dünən, 16:04

Hamımız Abbasqulu ağa Bakıxanovu xanlıqlar dövrünə aid tarixin - "Gülüstani İrəm"in müəllifi kimi tanıyırıq. Hətta AMEA Tarix İnstitutu onun adını daşıyır. Bəs Abbasqulu ağa xanlıqların hökmdarları haqda nə düşünürdü?
Bu barədə onun ölümünün ildönümü münasibəti ilə Kavkaz qəzetində yayımlanmış "Hazırda Zaqafqaziya vilayətlərini məskunlaşdıran tayfaların mənşəyi haqqında" başlıqlı 18 (5) yanvar 1848-ci il tarixli köşə yazısından öyrənirik:
"İran hökmdarları qədim nəsilləri və ümumiyyətlə ali zümrəni dəstəkləməyə çalışırdı. Xüsusi səbəb olmadan onları ailə ənənəsinə çevrilmiş vəzifələrindən məhrum etmirdilər. Çünki bu, demokratik idarəetmənin olduğu Dağıstan cəmiyyətlərinə qonşu olan xalqı itaətdə saxlamağın yeganə yolu idi.
1742-ci ildə Nadir Şahın ölümü ilə hər xanlıqda o vaxta qədər Şahlara tabe olan irsi valilər müstəqil hökmdarlara çevrildilər. Şəki, Şirvan və Qarabağda isə əsil-köklü olmayan, lakin xalq üzərində güclü nüfuza malik şəxslər bu səviyyəyə yüksəldilər."
Qısası, özü də bir xan oğlu olan Abbasqulu ağa, Cavanşirləri, Sərkərləri və Şəkixanovları əsilzadə olmayan, sadəcə bəxtəbəxt hakimiyyətə gəlmiş ailələr kimi görürdü. Maraqlıdır ki, o boyda tarixçi olan Bakıxanov Nadir şahın öldürülməsi ilini bu məqaləsində səhv salıb.
Abbasqulu ağa bu məqaləsində xanlıqlardakı bir çox bəy nəslinin də sonradan bu statusa yüksəldiyini qeyd edirdi. Məqaləsində qeyd edirdi ki, bəylər xanların təltif etməsi ilə bu titula sahib olur və öləndən sonra bunu öz övladlarına ötürə bilməzdilər. Amma xanlıqlar müstəqil olandan sonra necəsə bu qayda da dəyişib, hər yerdən bir bəy çıxıb.
Məqalədə bir çox Dağıstan xalqlarının mənşəyi haqqında fikir bildirilir. Hətta Abbasqulu ağa bir az da qabağa gedərək udiləri Ermənistanın qədim sakinlərinə aid edir: "Şəki, Şirvan və Quba qəzalarının bir hissəsini məskunlaşdıran Udilər miladi eradan əvvəl 3 əsr mövcud olmuş Ermənistan paytaxtının qədim sakinlərinin qalıqlarıdır; onlar yəhudilər və bu bölgəni məskunlaşdıran digərləri kimi Məhəmməd dinini qəbul etmiş və müsəlmanlarla qarışmışlar."
Abbasqulu ağa çoxlu etimoloji səfsətə də edir. Sırf adları oxşayır deyə əhalisi avarlardan ibarət Qunib (Гъуниб) kəndini Hunlara bağlayır; Tabasaran, Quba, Kürə, Samur regionlarında yaşayan ləzgiləri "Cənub monqolları" adlandırır.
Abbasqulu ağa "Xalqların fasiləsiz hərəkətlərinin tarix üçün qaranlıq dövrünü ötüb keçərək, miladi 6-cı əsrə nisbətən etibarlı şəkildə dayanmaq olar; o vaxt İran fatehi Ənuşirəvan Xosrov ölkəni ələ keçirərək İrandan çoxlu tayfaları Şirvana və Dağıstana köçürdü" deyir. Şirvan sözünü nömrələyərək belə bir qeyd əlavə edir: "Şirvan o dövrdə aşağıdakı hazırki qəzaları əhatə edirdi: Şərvan, bəzən qismən Ermənistana aid olan Qarabağ, Şəki, Quba, Bakı qəzaları və Dərbəndin bir hissəsi."
Mənbə: https://upload.wikimedia.org/.../%D0%9A%D0%B0%D0%B2%D0%BA...
Cavid Ağa
TEREF

