ŞAD: Türk törəsinə görə, hökmdarın oğlu orduya və ya bir asılı bölgəyə başçı təyin olunanda ona ŞAD sanı verilirdi.
Dünən, 17:04

ŞAD: Türk törəsinə görə, hökmdarın oğlu orduya və ya bir asılı bölgəyə başçı təyin olunanda ona ŞAD sanı verilirdi. Elbəy oğlunun vəliəhd olması üçün öz millətindən olan xatundan doğulması gərəkirdi. Bu törə irsi hakimiyyətə keçən bəzi türk boylarında işlək olsada, artıq Göytürk elinin sonlarında və Uyğur elində pozulmuşdu. Hələ m.ö. 654-də qamər (kimmer) elbəyi Tuğdamı umman-manda çarı adlandıran asur qaynağında onun oğlu Sandak şat-ər haqqında gərəkli bəlgə vardır. Aşina soyundan 439-da Bilgə-Şad, 576-da Bizanslı elçi Valentinosla görüşən GÖYTÜRK dövlətinin prensi Türk-Şad, 704-də türgeşlərə qarşı vuruşan Börü-Şad adları tarixi qaynaqlardan məlumdur.
Qətran Təbrizinin (1012-1088) Təbriz yaxınlığında kı Şadi-abad kəndində doğulduğu bəllidir.
Aşina soyundan olan hər hansı bir şahzadənin bu titulu daşıya bilmək imkanı da var idi. Şadlar içərisində tölis və tarduş şadları Göytürklər dövründə xüsusi seçilirdi. Əlavə olaraq çin mənbələrində adları qalmış bəzi şadları yadımıza salaq : Ərbək şad, İl Külük şad, Tigin şad, Işbara Sunişi şad, Bağa şad, İgid şad, Bahadur şad, Kül Şad, Tonq şad, Börü şad, Yukuk şad, Sibir şad, İl Külük şad.
Lakin Şadlar içərisində xüsusi qəhrəmanlığı ilə yadda qalan ŞAD, “KÜRŞAD (KÜR ŞAD) olmuşdur. “KÜRŞAD” Çin ordusunda general-leytenant vəzifəsinəcən yüksəlmiş bir Göytürk şahzadəsidir. “KÜRŞAD”, Şərqi Göytürk xaqanı Şibi xaqanın oğludur. Əmisi Çula xaqanın Çinə təslim olmasından sonra Çində hərbi rütbə qazanır. Tölis xaqanın kiçik qardaşıdır. “KÜRŞAD” 639-cu ilin avqustunda təzəlikcə ölən Tölis xaqanın oğlu Aşina Holoku ilə 40 nəfərdən ibarət bir qrupla, çin imperatorunu şəhərdə girov götürmək planını hazırlayır. Ancaq basqın planı hazırlandığı gün olan 19 may 639-cu ildə dəhşətli bir fırtına və yağış başladığından Çin imperatoru saraydan çıxmır. Buna qarşılıq planın pozulmasını istəməyən “KÜRŞAD” və onun 40 nəfərlik dəstəsi saraya basqın edirlər. Uzun sürən çarpışma nəticəsinə yüzlərlə keşikçi məhv edilsə də, “KÜRŞAD” dəstəsinin böyük bir hissəsini itirir və saraydan çəkilmək məcburiyyətində qalır. Saraydan atları oğurlayaraq şəhərdən çıxıb Vey çayını keçirlər və Çin ordusu tərəfindən qırılırlar. Məhs bu hadisədən, üsyandan sonra, Çin İmperatoru Göytürkləri sərbəst buraxır və yenidən müstəqil şəkildə xaqanlıq qurmalarına icazə verir.
Mənbələr: «Doqquz bitik» əsəri. (III-bitik) Firudin Ağasıoğlu
«Turk savaş sənəti» 1996, Müəlliflər: Əfsələddin Əsgər, Məmmədəli Qıpçaq

