Bir şəklin tarixcəsi
17-04-2026, 11:04

Gürcü keşişi Moisey Otaraşvili və Güllük kənd məscidi mollası Novruz Sadıqov, Qaxingiloy kəndindəki Müqəddəs Georgi kilsəsinin önündə. Foto: D. Kalinin, 1989.
Bu fotodan 9 il öncə, Otaraşvili Qax şəhərindəki Patara Alaverdi (Kiçik Alaverdi) kilsəsində şam yandırdığı üçün Azərbaycan polisi tərəfindən həbs olunmuş, bir neçə gün sonra buraxılmışdı. Daha sonra Gürcüstan prezidenti olacaq Zviad Qamsaxurdiya Brejnevə bu münasibətlə sərt bir məktub yazmışdı:
"1980-ci il dekabrın 19-da Gürcüstanın şərq bölgəsində — Saingiloda, Azərbaycan SSR-ə aid olan Qax rayon mərkəzində Azərbaycan milisi tərəfindən gürcü kahin Moisey Otaraşvili həbs edilmişdir. Həbs səbəbi onun, əcdadlarının dua etdiyi "Kiçik Alaverdi" gürcü kilsəsində şam yandırması idi.
Artıq bir neçə ildir ki, Qax rayonunun gürcü əhalisi yuxarı orqanlara məktublar və ərizələr göndərərək bu kilsənin açılmasını xahiş edir, çünki Saingilo bölgəsində ümumiyyətlə fəaliyyət göstərən heç bir kilsə yoxdur. Lakin Sovet dini kultlar qanunvericiliyinə əsasən, fəaliyyət göstərən bir kilsənin açılması üçün cəmi 20 mömin istəyi kifayət etdiyi halda, heç kim bu xahişlərə məhəl qoymur. Burada isə yüzlərlə möminin istəyi heçə sayılır. Üstəlik, bütün qanunları və konstitusion hüquqları pozaraq Qax rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi möminlərə rəsmi imtina məktubu göndərmişdir (16 iyul 1980-ci il tarixli, №324 məktub). İndi isə buna bir də keşişin həbsi əlavə olundu. O, bir neçə gündən sonra azad edilsə də, Azərbaycan milisi möminlərə kilsədə dua etsələr həbs ediləcəkləri ilə hədə-qorxu gəlir. Görəsən, ölkəmiz Albaniyaya çevrilmişdirmi?
Xahiş edirəm ki, bu dəhşətli qanunsuzluğa son qoyulması üçün tədbirlər görülsün, möminlərin ədalətli tələbləri yerinə yetirilsin və keşişi döyüb zorakılıq edən Qax milisi əməkdaşları arasındakı günahkarlar cəzalandırılsın."
Moisey Otaraşvili 2 may 1946-cı ildə Qaxda doğulub. 1979-cu ildə II İliya tərəfindən keşiş kimi təqdis edilib. Görünür ki, həbsindən 9 il sonra Qafqazda baş qaldırmış etnik münaqişələrin fonunda SSRİ onu Azərbaycanın indi də elədiyi kimi "tolerantlıq simvolu"na çevirib və bir molla ilə şəklini çəkdirib. Otaraşvili daha sonra Tiflisdə Didube monastırında baş keşiş olub. 27 sentyabr 2024-cü ildə vəfat edib və Qaxda basdırılıb.
Maraqlıdır ki, mən onun haqqında Azərbaycan dilində heç bir mənbə tapmadım.
Cavid Ağa
TEREF

