"Yan Rıpka Nizami Gəncəvi haqqında"
Bu gün, 12:14

Məşhur türkoloqlar Yan Rıpka
Yan Rıpka (28 may 1886, Kromerjij – 29 dekabr 1968, Praqa) çex filoloqu və şərqşünası (türkologiya və İranşünaslıq üzrə ixtisaslaşıb).
Yan Rıpka sənətkar ailəsində anadan olub və Kromerjijdə orta məktəbi bitirib. Vyana Universitetini bitirib və Adolf Varmund və Yozef Karabacek də daxil olmaqla aparıcı alimlərdən dərs alıb. 1909-cu ildə türk və fars dillərindən (xüsusən də Camidən) tərcümələr dərc etməyə başlayıb və 1910-cu ildə Sədinin əsərləri haqqında dissertasiya müdafiə edib. 1920-ci ildən Praqada, 1930-cu ildən isə Çarlz Universitetində professor olub.
1934-1935-ci illərdə bir il Tehranda çalışıb, Firdovsinin minillik şənliklərində iştirak edib və Fars Dili və Ədəbiyyatı Akademiyasının üzvü seçilib. Tehran və Varşava Universitetlərindən fəxri doktorluq dərəcələri alıb.
Rıpkanın filoloji tərcümələri, Vitězslav Nezvalın əsərləri də daxil olmaqla, Azərbaycan və fars poeziyasının (Nizami, Ömər Xəyyam) çex dilinə poetik tərcümələri üçün əsas rol oynayıb.
O, hesab edirdi ki, Hafiz Şirazi və Sədidən sonra Saib Təbrizi ən parlaq şairdir.
Yan Rıpka nəinki çex-Azərbaycan ədəbi əlaqələri, bütövlükdə iki xalq arasında mədəni əlaqələrini formalaşmasında çox böyük rolu olan ziyalılardandır. Onun, xüsusilə dahi Azərbaycan klassiki Nizami Gəncəvi yaradıcılığını tədqiq etməsi, şairin əsərlərini çex dilinə tərcümə etməsi çox böyük bəşəri bir hadisə olub. Yan Rıpkanın bu sahədə tədqiqatçılıq fəaliyyəti ötən əsrin 30-cu illərindən başlamışdı ki, bu da görkəmli tədqiqatçını çex-Azərbaycan mədəni əlaqələrinin yaranmasında ilk təşəbbüskarlardan biri kimi səciyyələndirir. Rıpkanın "Yeddi gözəl" əsərini tərcümə etməsi 1939-cu ildə başa çatıb. Tərcümə elə həmin il Praqada Avropa ədəbi birliyinin vəsaiti hesabına nəşr olunub. Əsərin tam şəkildə çex dilində nəşri 1943-cü ildə sona çatıb.
Röya Mirzəbəyova "Yan Rıpka Nizami Gəncəvi haqqında"

