Konstantin Feoktistov SSRİ-də kosmosa uçan yeganə qeyri-kommunist idi.
22-04-2026, 16:54

Feoktistov 1926-cı ildə Voronejdə anadan olub. 1942-ci ilin iyulundan, 16 yaşından könüllü olaraq sovet-alman müharibəsində iştirak edib, kəşfiyyatçı olub. Lakin döyüş yolu cəmi bir ay çəkib.
Artıq avqustda düşmənin arxasında kəşfiyyat apararkən almanlar tərəfindən tutulub və güllələnib. Güllə çənəsinə dəyərək boynunun arxasından çıxıb. Öldüyünü zənn edən almanlar onu 1,5-2 metr dərinlikdə basdıraraq gediblər. Çətinliklə məzardan çıxan Kostya 3 gün gizlənə-gizlənə cəbhə xəttini keçə bilib.
Müalicəsi bitdikdən sonra tərxis olunub və almanların tutduğu Voronejdən təxliyə edilən ailəsinin yanına, Özbəkistanın Kokand şəhərinə gedib. Burada orta məktəbi fərqlənmə ilə bitirib və Moskva Ali Texniki Məktəbinə daxil olub. Raket mühərrikləri üzrə mütəxəssis kimi yetişib, müxtəlif konstruktor bürolarında çalışıb.
Feoktistov 1957-ci ildən “1 saylı Xüsusi Konstruktor Bürosu”nda Sergey Korolyovun rəhbərliyi altında çalışıb. Burada Yerin ilk süni peykinin hazırlanmasında iştirak edib, “Vostok” və “Vosxod” gəmilərinin layihələndirilməsinə rəhbərlik edib, həmçinin “Soyuz”, “Soyuz T”, “Soyuz TM”, “Proqress”, “Proqress-M” gəmilərinin, eləcə də “Salyut” və “Mir” orbital stansiyalarının aparıcı konstruktoru olub.
1964-cü il oktyabrın 12-də Vladimir Komarov və Boris Yeqorovla birlikdə “Vosxod-1” gəmisində kosmosa uçub. Bu uçuş kosmonavtika tarixində xüsusi yer tutur. İlk dəfə kosmik gəmidə 1 nəfərdən çox adam uçurdu. “Vosxod” ilk kosmik gəmi idi ki, burada kosmonavtlar skafandrsız uça bilirdilər. İlk dəfə idi ki, kosmik uçuşda hərbçi olmayan şəxs - Feoktistov iştirak edirdi.
Bütün bunlardan əlavə, ictimailəşdirilməyən daha bir ilk vardı: Feoktistov kommunist partiyasının üzvü deyildi. Əslində beləsinin kosmonavt olması, demək olar, mümkünsüz idi. Lakin kosmosa mülki alim göndərmək qərara alınanda Feoktistov öz biliklərinə görə ən real namizəd idi: “Vosxod”un hazırlanmasına o rəhbərlik etmişdi. Üstəlik, kosmos uçuşlarında həlledici sözə malik olan baş konstruktor Sergey Korolyov məhz onun uçmasında israr edirdi.
Uçuşu bir sutka çəkən “Vosxod” havaya qalxanda və enəndə SSRİ-nin partiya rəhbəri Nikita Xruşşov idi. Amma oktyabrın 15-də Moskvaya gələndə Leonid Brejnevə məruzə etdilər: bir gün əvvəl Xruşşov devrilmişdi.
Feoktistov xasiyyətcə tündməcaz adam idi. Onun üçün kimsə tənqiddən sığortalanmamışdı. Hətta aralarında qarşılıqlı hörmət olan Korolyovla dəfələrlə dava-dalaşa çıxmışdı. Baş konstruktor “elə sabah” onu işdən qovacağını deyir, amma qovmurdu.
Sergey Korolyovun ölümündən sonra onu əvəz edən Vasili Mişin də bir neçə dəfə Feoktistovun kosmosa uçmasını təklif etdi. Lakin hərbi çevrələr sağlamlıq göstəricilərini əsas gətirərək rədd etdilər. Bəlkə partiya üzvü olmaması da bunda rol oynadı.
Konstantin Feoktistov partiya üzvü olmamağın dezavantajlarını bilməmiş deyildi. Bununla belə, niyə üzv olmaq istəməməsi maraqlıdır. Yəqin ki, dəfələrlə təklif olunub. Bilmirəm, SSRİ dağılandan sonra bu barədə bir söz deyib, ya yox. Mənim axtarışlarım nəticə vermədi.
Feoktistov 2009-cu ildə 83 yaşında vəfat etdi.
Yadigar Sadigli

