NİYƏ İRAN MƏĞLUB OLMADI? (dövlət, məmur və korrupsiya haqda düşüncələr)

17-04-2026, 16:18           
NİYƏ İRAN MƏĞLUB OLMADI? (dövlət, məmur və korrupsiya haqda düşüncələr)
Müasir dövrdə əqidəli insan azdır. O mənada əqidəli ki, əqidəsi uğrunda ölümə hazır olsun. Məmurlar arasında isə belələri lap azdır. Çünki idarəetmə sistemindən (demokratiya, diktatura – fərqi yoxdur) asılı olmayaraq demək olar ki, hər bir məmur korrupsionerdir. Rüşvət almaya bilər, amma vəzifəsinin ona verdiyi imkanlardan sui-istifadə etməyə meyllidir.
Bu statusuma qoşduğum video “Nə? Harada? Nə zaman?” verilişində xəlifə Ömər (yeri gəlmişkən, İrandakı molla rejiminin ən çox nifrət etdiyi şəxslərdəndir) haqda məşhur əhvalatla bağlıdır. Oyunçular suala cavabı tapa bilməmişdilər, amma cavab onları da valeh etmişdi. Deməli, dövlət işləri ilə məşğul olan Ömərin yanına dostu gəlir və Ömər dövlət qəndilini söndürüb, şəxsi qəndilini yandırır ki, dövlət hesabına şəxsi işləri ilə məşğul olmasın. Bir dövlət xadiminin antikorrupsionluq nümunəsidir!
Əlbəttə, bu cür yüksək nümunə hazırda yoxdur. Hər şey nisbidir. Ümumi yanaşma isə budur ki, məmurlar hər yerdə zatən əqidəsiz və korrupsioner kəslərdir. Nəinki ABŞ və İsrail, digər ölkələrin də əksəriyyəti hər şeyi öz arşını ilə ölçərək düşünürdü ki, İran rəhbərliyi və məmurları da yalnız dildə əqidəlidir, əslində isə oğrudurlar, buna görə də təcavüz əsnasında canlarını və mallarını qorumaq naminə qaçacaqlar. Lakin İran məmur elitasının mütləq əksəriyyəti qaçmadı, satılmadı. Bu o demək deyil ki, onlar korrupsioner deyillər. Böyük ehtimalla çoxu bu və ya digər şəkildə vəzifələrindən sui-istifadə edirlər. Amma son nəticədə əqidəlidirlər və əqidələri onlar üçün canları və mallarından daha əzizdir. XVIII əsrdə ABŞ-ın qurucuları, Böyük Fransa İnqilabının xadimləri, ötən əsrdə isə bolşeviklər və s. də belə idilər. Yəni əqidənin mahiyyəti (din və ya başqa əqidə) əhəmiyyətli deyil. Əsas odur ki, siyasilər əqidəlidir və dövlət hesabına yaxşı yaşamağı sevsələr də əqidələri uğrunda ölümə də hazırdılar. Belə kəsləri məğlub etmək çox çətindir.
Bəli, ABŞ və İsrail hərbi hesabla İranı darmadağın etdi: xeyli canlı qüvvəsini və resurslarını məhv etdi. Amma son anda məlum oldu ki, ABŞ ən azı iki amilə görə müharibəni davam etməyə hazır deyil: 1) quru əməliyyata başlamalıdır, amma onun hərbçiləri iranlılardan fərqli olaraq yalnız öldürə bilir, ölməyə hazır deyillər; 2) iqtisadi itkilər elə yüksək olacaq ki, ABŞ-ın korrupsioner elitası üçün bu məqbul deyil. İran elitası isə ölməyə də, malından keçməyə də hazırdır.
Etiraf edim ki, mən də İran elitasının belə əqidəli olduğunu düşünmürdüm. Əksəriyyətimiz kimi, çünki öyrəşmişik bizim əqidəsiz və konyukturaya qulluq edən əliəyri məmurlara. Bəli, mən İran rejiminin əqidəsini qəbul etmirəm, amma rəhbərliyinin həqiqətən əqidəli olduğunu etiraf edirəm. O vaxta kimi ki, bunu başa düşməyəcəyik, proqnozlarımız da səhv olacaq. Bu gün Qərbin zəifləməsinin əsas səbəbi əqidəsizlikdir. Bütün güclü imperiyalar (Roma, Xilafət, Osmanlı və s.) əsasən əqidəsizlik nəticəsində hərbi cəhətdən daha zəif düşmənə məğlub olub. Hamımız öləcəyik, amma bu dünyada qalib o kəs olur ki, ölümdən qorxmur və dünyaya bağlanmır...
Əkrəm Həsənov
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru