Qürbətdədə mehriban qonşular olur... Gunel Movlud yazır
Bu gün, 15:18

İki gün əvvəl kofem qurtardı. Getdim marketə ki, tədarükümü görüm. Kofenin qiymətinə baxanda, bahalılığına təəccüblənməklə yanaşı, fərqinə vardım ki, indiyə qədər heç özüm kofe almamışam. İllərdir, hər gün evdə dəmlədiyim halda, heç vaxt nə kofe, nə də kofe maşını, espresso çaynik və digər avadanlığı özüm almamışam.
Beş il əvvəl, hələ başqa şəhərdə yaşadığımız vaxtlar idi. Bir gün evdən çıxanda giriş qapısının qarşısında bir bağlama gördüm. Üstündə For You yazılmışdı. Açanda altı-yeddi dənə kruassan gördüm. Norveçli qonşularda belə şeylər olmadığı üçün, kimin qoya biəcəyi barədə heç bir fikrim yox idi. Sonrakı günlərdə qapının ağzında fokaçça çörəyi, streçlənmiş qabda hazır bolonez, nə bilim, müxətlif dadlı şeylər peyda olmağa başladı.
Bir gün dözməyib, qapıqonşunun qapısını döydüm, qapını bir cavan oğlan açdı. İngiliscə salamlaşdı, dedi mən İtaliyadan gəlmişəm, qonşunuzam, restoranda aşpaz işləyirəm, hərdən evə dadlı şeylər gətirirəm, sizin payınızı da ayırıram, ümid edirəm, şəxsi ərazinizə hücum etmiş olmadım. Dedim, qardaş, allah varsa, təkcə elə səndən razı olsun, niyə hücum, niyə etiraz, buyur, nə vaxt nə istəyirsən, gətir, qoy qapının qabağına...
Sonralar bu mehriban oğlan qapının qabağına Rafaello şokolad, italyan şərabı, yeməli qurudulmuş güllər, ədviyyat qoydu, bir neçə dəfə əlində öz kofesi ilə gəlib dedi ki, təkəm, darıxıram, kofe gətirdim ki, birlikdə içək. Uşaqların atası da onunla yaxşı dil tapdı, bəzən axşam yeməklərini birlikdə yeməyə başladıq, belə, arada gözəl bir qonşuluq yarandı.
Sonra indi yaşadığımız şəhərə köçdük. Bir müddət sonra müəllimi məhləmizdə gördüm. Dedi ki, burda yaşayır. Düz bizim qonşu binada. Yenə qonşu olduq. Yenə restorandan dadlı şeylər daşımağa başladı. Əsas da kilolarla kofe gətirirdi. Bir neçə dəfə uşaqlarımı küçədə görüb, onları marketə aparıb, şokolad, konfet-zad alıb hədiyyə elımişdi, üstəlik, hər dəfə ayrıca 70 faiz kakaolu plitka alıb vermişdi ki, bu da mama üçün.
Kofe maşınımı, espresso çaynikimi, kofe filtrlərini - hamısını o gətirib. O qədər kofe gətirib ki, iki gün əvvələ qədər kofem qurtarmayıb. Adətən, qışı İtaliyaya gedir, yazı gəlir buralara, başlayır sezon restoran işinə. Payızda gedədə də, bütün kofe ehtiyatını mənə verib, gedir. Bu ilə qədər həmişə o gələnə qədər çatırdı. Bu il hələ gəlməyib deyə, bitib.
Kofeni aldım, sonra müəllimə mesaj yazdım ki, Antonino, ya tez gəl, ya da mənə ikinci italyan qonşu lazımdı, sənin kofen bəs eləmir...
Gunel Movlud
TEREF

