Məşhur türkoloqlar. İren Məlikova
Bu gün, 16:54

İren Məlikova (1917 - 2009) — Fransada fəaliyyət göstərmiş əslən azərbaycanlı türkoloq alim, professor. 1917-ci il noyabrın 7-də Sankt-Peterburqda ziyalı ailəsində anadan olub. O, neft sahibkarı İsgəndər bəy Məlikovun qızıdır. Bolşeviklər hakimiyyəti ələ aldıqdan iki il sonra, 1919-cu ildə ailə Finlandiyaya köçüb. Özü bu hadisəni belə ifadə edib:“Atam qaçmağa məcbur idi, çünki varlı idi. Onu öldürəcəkdilər. Qaçmağa məcbur idik. Tez qaçdığımız üçün qurtula bildik. Qatarla qaçdıq. Bir ay sonra isə qatarlar dayandırıldı”.
Finlandiyada bir qədər qaldıqdan sonra Danimarkaya, oradan da həmişəlik Fransaya köçərək Parisdə yaşayıblar. Atasından qismən Azərbaycan dilini, anasından (anası rus balerina Yevgenya Nikiferovna Mokşanova idi) rus dilini öyrənib. İren ilk təhsilini Parisdə alıb. Orta məktəbi bitirdikdən sonra da təhsilə böyük maraq göstərən İren məşhur Sorbonna Universitetində ingilis dili və ədəbiyyatı fakültəsinə qəbul olunub. Bununla paralel École Nationale des Langues Oriantales Vivantes-də (Şərq Dilləri Dövlət Məktəbi) türk və fars dillərini öyrənib. O, türk dilini Jean Deny və Adnan Adıvardan, fars dilini Anri Massedən öyrənib. Burada o, tanınmış türkoloqların mühazirələrini dinləyib. Təhsil aldığı illərdə fransız dilindən başqa, türk, fars, ərəb dillərini də öyrənir. Universiteti uğurla başa vurduqdan sonra elmi işlə məşğul olmağa başlayıb.
1940-cı ildə məşhur türk riyaziyyatçısı Saleh Zəki Sayarın oğlu Faruq Sayar ilə ailə həyatı quran İren Məlikova 1941-ci ildə həyat yoldaşı ilə birlikdə Türkiyəyə köçərək orada yaşayıb. 1948-ci ildə Fransaya qayıdaraq türkologiya sahəsində araşdırmalar aparıb, məşhur əsərlər yazıb. Onun elmi araşdırmaları Türkiyəni, Balkan ölkələrini, Azərbaycanı, İran və Orta Asiyanı əhatə edib. Strasburq Universitetinin türkologiya və İran fakültəsinin rəhbəri olub. İren Məlikova bir çox beynəlxalq elmi qurumların, o cümlədən Asiya və Ernest Renan kimi məşhur cəmiyyətlərin üzvü seçilib.
İrenin əsas tədqiqat obyektlərindən biri də Azərbaycan, onun tarixi və ədəbiyyatı olub. Mehmet Fuad Köprülü və Ömər Lütfi Barkan ilə yaxın əlaqədə olan İren türk dastanları ilə bağlı araşdırmalar aparıb, mistisizmi öyrənərkən Ələviliklə tanış olub. 1957-ci ildə doktorluq dissertasiyası müdafiə edir. Az sonra onun "Danışmənd dastanı", "Əbumüslüm Xorasani", "Umur Paşa dastanı" adlı kitabları işıq üzü görür. 1957-ci ildən 1964-cü ilədək Parisdə Elmi Araşdırmalar Milli Mərkəzinin Şərqşünaslıq bölməsində çalışır. Sonra o, Strasburq Humanitar Elmlər Universitetində işləməyə başlayır, bu məşhur təhsil və elm ocağının professoru olur. Burada işləyə-işləyə türk dilləri və ədəbiyyatı sahəsində böyük elmi mərkəz yaratmağa səy göstərir, bir müddət inadlı fəaliyyət göstərdikdən sonra istəyinə nail olur. Onun yaratdığı Türkiyyat Araşdırmalar İnstitutu qısa müddət ərzində Avropada ən nüfuzlu türkoloji mərkəzlərdən birinə çevrilir.
Bundan əlavə, Strasburq Humanitar Elmlər Universitetində 1984-cü ildə Azərbaycan Mədəniyyətini Araşdırma Mərkəzi yaradır və onun prezidenti seçilir. Mərkəzin adı 1988-ci il may ayında dəyişdirilərək Azərbaycan Mədəniyyətini və Sivilizasiyasını Öyrənən Mərkəz olur. Azərbaycan mədəniyyətini, incəsənətini, tarixini və ədəbiyyatını öyrənən bu mərkəzə yenidən məşhur Azərbaycanşünas alim, professor İren Məlikova prezident, professor Lui Bazen və Timurçin Hacıbəyli vitse-prezident seçilirlər. Bundan əlavə Mərkəz öz qarşısına Azərbaycan haqqında umumi məlumatlar yaymağı, Azərbaycan yazıçılarının və şairlərinin əsərlərinin nəşrini təşkil etməyi qoyur. Mərkəz alimlərin görüşlərini keçirməyi, müxtəlif tədbirlər təşkil etməyi, xüsusi kitabxana, videoteka, fonoteka yaratmağı da nəzərdə tutulmuşdur.
İren xanım Strasburq universitetində işə başlayanda bu ali təhsil ocağının türk şöbəsində cəmi iki tələbə olur. Onun ciddi fəaliyyəti nəticəsində bir neçə il sonra bu tələbələrin sayı 380 nəfərə çatir. Onlardan 40 faizi dil, 60 faizi isə ədəbiyyat və mədəniyyət üzrə ixtisaslaşmışlar. İren xanım Strasburq universitetində dil və ədəbiyyatdan dərs deyir. 1988-ci ildə "Ədəbiyyat və incəsənət" qəzetində onun "Türk Qafqaz qeydləri" silsiləsindən "Babək Xürrəmi və Seyid Battal" adlı böyük məqaləsi dərc edilir. O, eyni zamanda Bakı Dövlət Universitetinin fəxri professoru olub. Qərbi Avropada nəşr edilən yeganə türkologiya jurnalı olan "Türkika"-nın baş redaktoru olan İren xanım Cənubi Azərbaycanda da olub, Təbrizi gəzib.
Əsərləri
• La Geste de Melik Danişmend (Paris, 1960)
• Abu Muslim, le "Portre-Hache" du Khorassan dans la tradition épique Turco-Iraienne, (Paris, 1962)
• Uyur İdik Uyardılar Alevîlik-Bektaşîlik Araştırmaları (Türk dilinə tərcümə edən: Turan Alptekin, İstanbul, 1992)
• De L’épopée au Mythe/Itinéraire Turcologique, (İstanbul 1995)
• Hacı Bektaş/Efsaneden Gerçeğe (Türk dilinə tərcümə edən: Turan Alptəkin)
• Hadji Bektach: Un Mythe et ses avatars/Genèse et évolution du Soufisme populaire en Turquie, Leiden (New York-Köln, 1998)
• Tarihî ve Kültürel Boyutlarıyla Türkiye’de Alevîler-Bektaşîler-Nusayrîler (İstanbul, 1999)
• Kırklar’ın Cemi’nde (İstanbul, 2008)
Bundan əlavə, 15-i İslam Ensiklpediyasında olmaqla, ümumilikdə təxminən 70 məqalə yazıb. 1990-cı ilin 20 yanvarında Sovet İttifaqı Silahlı Qüvvələri Bakıda qırğın törətdikdən sonra İren Məlikova Azərbaycan mühacirətinin bir çox üzvü ilə birlikdə Parisdə mitinq ekeçirib. 1940-cı ildə məşhur türk riyaziyyatçısı Saleh Zəki Sayarın oğlu Faruq Sayar ilə ailə həyatı qurub. Qızı Şirin Məlikova anasının yolu ilə gedərək Azərbaycan ədəbiyyatı sahəsində ixtisaslaşıb və doktorluq dərəcəsi alıb. O, 2019-cu ilin oktyabr ayında Azərbaycanın Avropa Şurası yanındakı daimi nümayəndəsi tərəfindən Azərbaycan Demokratik Respublikasının yubiley medalı təqdim olunub.
Mükafatları
• İran Milli Təhsil Nazirliyi Şərəf Medalı (1973)
• Türkiyə Dövlət Nazirliyi Şərəf Diplomu (1973)
• Chevalier de l'Ordre des Palmes Academiques (1978)
• Türk Tarix Qurumu Şərəf Medalı (1982)
• Mevlana Anma Töreni Onur Madalyası (1982)
• Officier de l'Ordre des Palmes Academiques (1983)
• Strasburq Universiteti Şərəf Medalı (1992)
• "Fəxri Legion" ordeni (1994)Vikipediya materialı
Vasif Sadiqli
TEREF

