Qızılbaş konfederasiyasında Talış tayfası olubmu?
Bu gün, 15:14

Məsələni aydınlaşdırmaq üçün ilk öncə qızılbaş tayfaları haqqında ən sanballı mənbəyə - XVII əsrdə ananonim müəllif tərəfindən farsca yazılan Tarixi-Qızılbaşan əsərinə müraciət edirik. Bu əsərdə bütün qızılbaş tayfaları və həmin tayfalardan çıxan qızılbaş əmirlərinin hamısı haqqında məlumat olsa da talış adlı tayfadan bəhs edilmir.
Belə olan halda səfəvi mənbələrində adları keçən talış əmirləri kimdir? Bu suala cavab tapmaq üçün həmin qızılbaş talış əmirlərinin mənbələrdəki adlarına baxmaq lazımdır.
Dədə bəy Zülqədər Talış
Həmzə bəy Kəngərli Talış
Qara xan Bayandur Talış
Xadim bəy Talış (qaynaqlarda daha çox Xadim bəy Xüləfa kimi yazılır)
Göründüyü kimi, yuxarıda adları keçən qızılbaş əmirləri talış bölgəsindən çıxan müxtəlif türkman tayfalarına (zülqədər, kəngərli, bayandur) mənsub olan şəxslərdir. Yəni, bu şəxslərin adındakı talış sözü tayfa adı yox, ərazi adıdıdr. Bu paralellik digər qızılbaş tayfalarına da aiddir. Məsələn, şamlı, rumlu, qaracadağlı, mosullu adlı oğuz tayfası yoxdur. Bu adlandırma həmin bölgələrdə yaşayan türkman tayfalarına şamil edilir. Eynilə, bəzi qızılbaş əmirlərinin ad sonluğunda talış yazılması da bu qəbildəndir. Səfəvi qaynaqlarında tez-tez xatırlanan rum sufiləri, talış sufiləri də eyni mənanı (rumdan/talışdan çıxan sufilər) verir.
Digər maraqlı məqam qızılbaş talış-mikeyli tayfası haqqındakı məlumatlardır. Bildiyimiz kimi, hazırda İran Biləsuvarında talış-mikeyli (talış mikayıllı) tayfası yaşayır. Görkəmli Azərbaycan etnoqrafı M.V.Baharlı bu tayfanın Şah Abbasın hakimiyyəti zamanı (1587 -1629) Yunsur paşa adlı bir nəfər tərəfindən Anadoludan Azərbaycana gətirildiyini yazır. Mənbələrdən də görünür ki, bu Talış Mikayıl adlı bir şəxsin obası (tirə) olmuş və zamanla tayfa halına gəlmiş və talış-mikeyli tayfası adlanmışdır. Sovet tarixçisi V.Minorski bu tayfanı türkmənşəli hesab etmiş və bəzi Azərbaycan səfəvişünasları da onun fikrini dəstəkləmişdir.
Beləliklə, heç bir səfəvi qaynağında etnik anlamda talış adlı tayfanın izinə rast gəlinmir və bu ad sadəcə toponim kimi qarşımıza çıxır. Bəs nə üçün bəzi müəlliflərin fikrinin əksinə olaraq qızılbaş konfederasiyasında irandilli talışlar olmayıblar? Çünki qızılbaşlıq bir türkman sistemi və yalnız köçəri oğuz boylarının mənsub olduğu hərbi-siyasi birlik idi. Hacı Zeynalabdin Şirvaninin yazdığı kimi, "qızılbaş tayfalarının hamısı türk, qılınc əhli və şiə məzhəbli idilər". Görkəmli səfəvişünas alim Namiq Musalının dediyi kimi, "qızılbaşlıq yalnız Səfəvi ordusundakı türk tayfalarına xas olan bir kimlik idi". Ona görə də XVI - XIX əsrlərdə Qafqaz və Anadoluda qızılbaş adı türk adına sinonim kimi işlənirdi.
Елбрус Вахидов
TEREF

