Bəxtiyar Vahabzadənin qatil erməni Qavril Hambarsumoviçi illər sonra tanıması..
Bu gün, 15:34

Araşdırmaçı, filologiya elmləri doktoru Ramil Manafoğlu bildirir ki, 1990-cı ildə Respublika qəzetlərinin birində xalq şairi Bəxtiyar Vahabzadənin Şəki qiyamı ilə bağlı gördüyü gülləbaran haqqında bir yazısı getmişdi. Müəllif həmin hadisələrin şahidi olduğunu qeyd edirdi. O, qalanın içərisində güllələnən azərbaycanlıları gördüyünü, qətli yerinə yetirənlərin sir-sifətindəki vəhşiliyi, xüsusən onların arasında olan gənc erməninin daha çox canfəşanlıq etdiyini unuda bilmədiyini yazırdı. Əbdürrəhman Abdullayev də partiya işçisi kimi 1934-cü ildə Şəkinin Bideyiz kəndində partkom olan Əbdülcabbarın evində olarkən divardan Qavril Hambarsumoviç Şabanyan adlı bir erməninin şəklinin asıldığını görür: «Bəxtiyar Vahabzadə yazırdı ki, illər keçdi. Yolum 1972-ci ildə Baş Göynük kəndindəki Nizami muzeyinə düşdü. Orada təsərrüfat müdiri işləyən bir nəfər qoca diqqətimi yaman cəlb etdi. Mən onu harada gördüyümü xatırlamağa çalışdım. Evə gəldim, bütün gecəni fikirləşdim ki, onu haradan tanıyıram. O erməninin qəzəb dolu baxışları gözlərimin qarşısına gəldi. Mən səhər kənd muzeyinə getdim. Onu tapdım. Soruşdum ki, sən həmin adam deyilsənmi? O, kəkələyə-kəkələyə danmağa çalışdı. Dedi mən deyiləm. Mən ona sübut etməyə çalışdım. Səhər yenə muzeyə gələndə onu görmədim. Soruşdum, dedilər ki, ürəyi partlayıb ölüb».
Həqiqət İbrahimova
TEREF

