Azərbaycanda antisovet millətçilik KGB-nin hədəfində

2-06-2026, 10:54           
Azərbaycanda antisovet millətçilik KGB-nin hədəfində
XX qurultaydan, xüsusilə dil haqqında qanun qəbul edildikdən sonra Azərbaycanda antisovet çalarlı millətçilik meylləri güclənirdi. Azərbaycan SSR Nazirlər Soveti yanında KGB-nin sədri Fyodor Kopılovun SSRİ KGB-nin sədri, ordu generalı İvan Serova göndərdiyi 1957-ci il üçün gizli məruzəsində respublikada vəziyyətin elə də yaxşı olmadığı bildirilirdi. Hesabatdan görünür ki, SSRİ KGB-sı respublika təhlükəsizlik orqanlarının qarşısında antisovetizm və millətçiliyin təzahürlərinə qarşı mübarizə aparmağı başlıca vəzifə olaraq qoymuşdur. Buna nail olmaq üçün agentura-əməliyyat və istintaq işlərinin təkmilləşdirilməsi, agentura şəbəkəsinin şübhəli şəxslər¬dən təmizlənməsi və sair tədbirlərin həyata keçirildiyi bildirilirdi.
Antisovetizm və millətçiliyin qarşısını almaq üçün hələ 1955-ci ildə SSRİ DTK-nın gizli əmri verilmişdi ki, həbsdən və sürgündən qayıdanların gizli qeydiyyatı aparılsın və onlar üzərində nəzarət mexanizmi tətbiq edilsin. Bu əmrin yerinə yetirilməsi ilə bağlı Kopılov Serova yazırdı ki, vaxtı ilə Azərbaycan SSR-də antisovet cinayətlərə görə həbs edilmiş və sürgünə göndərilmiş, 50-ci illərin ortalarında isə cəzaçəkmə yerlərindən qayıtmış 200-dən artıq şəxsin istintaq-arxiv işlərinə baxılmış, onların üzərində agentura nəzarəti qoyulmuşdur. Eyni zamanda Fyodor Kopılov əlavə edirdi ki, bu şəxslərin arasında antisovetizmin hər hansı yeni təzahürü təhlükəsizlik orqanlarının müşahidəsi altındadır.
1957-ci il ərzində Azərbaycanda yayılan antisovet-millətçi sənədlər barədə Kopılov hesabatda göstərirdi ki, 1958-ci il yanvar ayının 1-nə qədər dövlət təhlükəsizliyi orqanları tərəfindən 133 anonim məktub axtarılmışdır ki, onların 100-ü antisovet, 32-i millətçi, 1-i isə terrorçu xarakterdə olmuşdur. Aparılan axtarış-əməliyyat tədbirləri nəticəsində anonim məktub müəlliflərindən 33 nəfəri aşkarlanmış, onlardan 7 nəfəri həbs olunmuş, 26 nəfəri isə agentura təhqiqatına cəlb edilmişdir. Bundan əlavə Fyodor Kopılov qeyd edirdi ki, hesabat ilində DTK 84 müəllif tərəfindən yazıl¬mış 94 anonim sənədin, 9 müəllif tərəfindən yazılmış antisovet məzmunlu 14 vərəqənin axtarışı ilə məşğul olmuşdur.
Hesabatdan aydın olur ki, SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi 1957-ci il may ayının 15-də antisovet məzmunlu sənədlərin müəlliflərinin axtarışı, belə sənədlərin və onların müəlliflərinin kartotekasının yaradılması barədə xüsusi göstəriş vermişdir. Bu göstərişə uyğun olaraq antisovet fəaliyyətdə şübhəli bilinən şəxslərin xətt nümunələri respublika təhlükəsizlik orqanları tərəfindən müəyyənləşdirilmiş, əvvəllər müəyyən edilmiş antisovet məzmunlu anonim sənədlərin əlyazmalarının nümunələrinin kartotekası yaradılmışdı. Respublika ərazisində antisovet məzmunlu anonim sənədlərin müəlliflərinin tapılmasın daha da sürətləndirmək üçün 1957-ci ilin iyun ayında Azərbaycan SSR-in əyalətlərində fəaliyyət göstərən təhlükəsizlik orqanları əməliyyat işçilərinin respublika müşavirəsi keçirilmiş, müşavirədə anonim sənədlərin axtarış metodları, onların xətt nümunələrinin qrafik təsviri, bütün diqqətin mühüm əhəmiyyətli sənədlərin axtarışına yönəldilməsi və sair məsələlər müzakirə edilmişdi.
Mühüm əhəmiyyətli müəssisələrin və dövlət obyektlərinin qorunması üçün əks-kəşfiyyat işlərinin gücləndirilməsi məsələlərinə Fyodor Kopılovun hesabatında geniş yer verilmişdi. Burada başlıca vəzifə imperialist dövlətlərin kəşfiyyat orqanlarının və düşmən ünsürlərin bu obyektlərə nüfuz et¬məsinin qarşısını almaq, habelə dövlət sirrinin qorunmasını təmin etməkdən ibarət idi. DTK-nın 5-ci şöbəsi vasitəsi ilə Azərbaycan SSR-də 97 mühüm obyektə “xidmət” göstərildiyi, bunların 57-nin bilavasitə Bakı şəhərində yerləşdiyi hesabatda bildirilirdi. Əsasən neft, kimya, energetika, metallurgiya, maşınqayırma, dağ-mədən sənayesi müəssisələrindən ibarət olan belə obyektlərin qorunmasına yüksək ixtisaslı agentlərin cəlb olunduğu qeyd edilirdi. Kopılov yazırdı: “SSRİ KGB-nin 161ss nömrəli sərəncamına əsasən “xidmət” göstərilən obyektlərdə vaxtı ilə antisovet fəaliyyətinə görə həbs olunmuş və cəzaçəkmə yerlərindən qayıtmış şəxslərin hamısı müəyyənləşdirilmiş və qeydiyyata alınmışdır”.
Hesabatdan aydın olur ki, antisovet-millətçi hərəkatlar artdığı üçün 1957-ci ildə respublika KGB orqanları agentura şəbəkəsini genişlən¬dirmiş¬dir. 1958-ci il yanvar ayının 1-nə olan məlumata görə, bu şəbəkədə 286 agentin, 12 rezidentin olduğu bildirilirdi. Bu 1956-cı il ilə müqayisədə 54 agentin artması demək idi. Eyni zamanda KGB orqanları qarşısında qoyulan vəzifələri yerinə yetirməyə yararlı sayılmayan agentlərin şəbəkədən çıxardıldığı bildirilirdi. Fyodor Kopılovun hesabatına görə 1957-ci ildə “təhlükəsizlik orqanları tərəfindən Azərbaycanda 33 cinayət işi qaldırılmış və 38 adam cinayət məsuliyyətinə cəlb edilmişdi. Bunlardan 19 nəfəri antisovet təbliğat, iki nəfəri vətənə xəyanət, 13 nəfəri dövlət sərhədlərini pozmaq, 4 nəfəri isə antisovet vərəqələr hazırlamaq üstündə həbs olun¬muşdular”.
Məsələn, 1957-ci il aprel ayının 26-da Kirovabad şəhərində Gəncə çayı üzərindəki körpünün yaxınlığında naməlum şəxslər təhrif olunmuş xətlə Azərbaycan dilində yazılmış antisovet məzmunlu vərəqələri ağaclara yapışdırmışdılar. Azərbaycan SSR Nazirlər Soveti yanında KGB-nin 4-cü şöbəsinin hesabatında göstərilirdi: “Vərəqə müəllifi sovet həqi¬qətlərinə böhtan atır, bizim ölkəmizdə olan mövcud qaydalardan narazılıq edir, guya böyük sayda işsizlərin olduğunu bildirir və fəhlələri hakimiyyətə qarşı müqavimət göstərmək üçün birləşməyə çağırır”.
Partiya, sovet və təhlükəsizlik orqanlarının ciddi cəhdlərinə baxma¬yaraq 50-ci illərin ikinci yarısında dövlət dili ilə bağlı mübahisələr səngimək bilmirdi. İdarə və müəssisələrdən təhlükəsizlik orqanlarına qeyri-azərbaycanlılar tərəfindən yazılmış çoxlu sayda şikayət məktubları daxil olurdu. Məsələn, 1957-ci ilin iyun ayında Yeni Bakı neftayırma zavodunun 1-ci şöbəsinin müvəkkili kapitan Avakov Azərbaycan SSR Nazirlər Soveti yanında KGB-nin sədri Fyodor Kopılova yazırdı:
“İyun ayının 13-də zavodun buraxılış bürosunun işçisi Valentina Vinoqradova mənə aşağıdakı məzmunda ərizə ilə müraciət etmişdir: Sergey Kirov adına Azərbaycan Dövlət Universitetinin müəllimi, texnika elmləri namizədi Şərifov Kamil Əli oğlu tələbələrin istehsalat təcrübəsi keçmələri üçün universitetdən zavod direktorunun adına gətirdiyi məktubu iyun ayının 13-də buraxılış bürosuna təqdim edib. Lakin Vinoqradova məktubda dərkənar olmadığından ona təklif edib ki, idarəyə gedib ya direktorun, ya da onun müavininin icazəsini alsın.
Kamil Şərifov Vinoqradovaya deyib ki, ona heç yerə getmək lazım deyil, hər şey məktubda çox aydın formada yazılıb. Vinoqradova bildirib ki, məktub Azərbaycan dilində yazıldığından o, başa düşmür, ona görə də rəhbərliyin dərkənarı lazımdır. Lakin Kamil Şərifov onu ədəbsiz sözlərlə söyərək deyib: “Yaramazlar! Əgər Azərbaycan dilini bilmirsinizsə, Azərbaycandan rədd olun, kim sizdən xahiş edib ki, bura gələsiniz...” Bu söhbət zamanı bura¬xılış bürosunun işçisi Z.Yeqorova və ADU-nun tələbəsi Q.Popova hadisə yerində olublar və akt tərtib ediblər. Lakin Kamil Şərifov aktı imzalamaqdan imtina edib. Aktla bərabər Vinoqradovaya təklif edilib ki, baş vermiş hadisə ilə bağlı izahat yazıb Azərbaycan SSR KGB-nə təqdim etsin”.
XX qurultaydan sonra baş verən dəyişikliklər və antisovet əhvali-ruhiyyənin artması Sov.İKP-yə olan marağı zəiflətmişdi. 1957-ci il aprel ayının 23-də Azərbaycan KP MK bürosunda müzakirə edilən “1956-cı il ərzində respublika partiya təşkilatının tərkibi və inkişafı haqqında” məsələ bunu açıq şəkildə göstərirdi. 1957-ci il yanvar ayının 1-nə olan məlumata görə, Azərbaycan Kommunist Partiyasının 6547 ilk partiya təşkilatlarında birləşən 118.629 nəfər üzvü və 7266 üzvlüyə namizədi var idi. Büronun qərarında qeyd olunurdu ki, hesabat dövründə bir sıra partiya təşkilat¬larında sənayenin aparıcı sahələrindən olan fəhlələrin xüsusi çəkisinin azalması qənaətbəxş sayıla bilməz.
Ümumilikdə 1957-ci il yanvar ayının 1-i üçün respublikada 2598 nəfər partiya üzvlüyünə namizədin namizədlik müddəti tamam olmuşdu ki, bunlar da bütün namizədlərin 35,7 faizini təşkil edirdi. Yeri gəlmişkən, bunlardan yalnız 214-nün namizədlik müddətinin uzadılması haqqında partiya təşkilatlarının qərarı var idi, qalanlarına münasibətdə isə partiya nizamnaməsi açıq şə¬kildə pozulmuşdu. Büronun qərarında göstərilirdi ki, ayrı-ayrı partiya komitələri Sov.İKP-yə qəbul olunanların şəxsi keyfiyyətlərinin öyrənil¬məsində diqqətsizlik edirlər və nəticədə partiya sıralarına layiq olmayan adamlar düşürlər. Bakı partiya komitəsinə tapşırılırdi ki, neft sənayesi müəssisələrində kommunistlərin sayının azalmasının səbəblərini öyrənib, qabaqcıl neftçilərin partiya sıralarına qəbul olunmasının yaxşılaşdırılması istiqamətində tədbirlər görsün.
Fotolar: 1. Azərbaycan SSR KGB-nin sədri Fyodor Kopılov. 2. SSRİ KGB-nin sədri İvan Serov. 3.Ötən əsrin 50-ci illərində Azərbaycan Dövlət Universitetinin müəllimi texnika elmləri namizədi Şərifov Kamil Əli oğlu haqqında kimdə məlumat və fotosu varsa şərh bölümündə yerləşdirməsini xahiş edirəm.
Cəmil Həsənli
Milli Şuranın sədri, tarixçi alim.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru