Robert Hossein, Abraham Hosseinoff və yaxud Rober Osseyn

8-06-2026, 12:14           
Robert Hossein, Abraham Hosseinoff və yaxud Rober Osseyn
Onu bütün dünya sevirdi
O, Parisdə doğulub böyüsə də, özünü azərbaycanlı hesab edirdi
Dahi aktyor haqqında bildikləriniz və bilmədikləriniz...
Ötən əsrin uzaq 70-ci illəri.
Günlərin bir günü tikintidə çalışan bir tanışım ordan-burdan söhbət açandan sonra astadan soruşdu:
-Sən kitab oxuyansan, bir adam desəm tanıyarsan?
Təəccüblə çiynimi çəkib dedim:
- O baxır həmin adamın kimliyinə...
Tanışım nədənsə tərəddüdlə dedi:
-Mən fəhlə babayam... Köhnə kişilərdən eşitmişəm ki, bizim bir yerlimiz olub, Əli bəy Hüseynzadə...
Mən əlüstü cavab verdim:
-Bəli, əlbəttə, haqqında oxumuşam. Fyuzatçı olub...
Təbii ki, mənim bu “cavabım” o vaxtkı kitablarda təqdim edilən məlumatlardan qaynaqlanırdı.
Tanışım dedi:
-Düzü, mən onun haqqında təzəlikcə eşitmişəm. Deyilənə görə, Əli bəy, Şeyxülislam Salyaninin nəvəsi olub, Türkiyəyə köçüb, orada ölüb. Özü də rəssam olub, oğlu isə məşhur aktyor Robert Hüseyndir, amma Rusiyada daha çox Rober Osseyn kimi tanınır. Əsl ad-familiyası Rüstəm Hüseynzadədir...
Və sonra tanışım kiminsə eşidəcəyindən ehtiyat edirmiş kimi az qala pıçıltı ilə Əli bəy Hüseynzadə ilə uzaq qohumluğunun olduğunu da bildirdi...
... Sonralar bildim ki, nəhəng ictimai-siyasi-ədəbi şəxsiyyət və üstəgəl, istedadlı rəssam Əli bəy Hüseynzadənin oğlu Səlim Turan da rəssamdır, özü də... Fransada yaşayır... Fransada həmçinin Robert Hossein adlı dünyaca məşhur bir aktyor da yaşayır. Onu da öyrəndim ki, Robert Hüseynov ilə Əli bəy Hüseynzadənin heç bir qohumluq əlaqəsi yoxdur...
Osseynin əslən kim olduğunu o zamanlar az adam bilirdi. Haradan da bilsinlər ki? Çəkildiyi filmlərlə dünyanı, o cümlədən SSRİ-ni dolaşan bu ad hələ özlüyündə heç nə demirdi. O, təbii ki, dünyada fransız aktyoru kimi tanınırdı. Üstəlik də o zaman mövcud olan sistemin “dəmir pərdələri” bir çox məsələrin üstünə də “pərdə” kimi çəkilməkdə idi. Bir də ki, kimin haralı olması çoxları üçün o qədər də maraqlı deyildi... Amma adını ilk dəfə uzaq 70-lərdə adi bir tikinti fəhləsindən eşitdiyim Rober Osseynin (Robert Hossein) elə foto-şəklinndən görünürdü ki, o, zahiri görünüşü etibarı ilə avropalıdan daha çox şərqlidir, azərbaycanlıdır. Yeri gəlmişkən, sənədlərdə onun ad-soyadı belədir: Abraham Hosseinoff.
Sonralar bildim ki, həqiqətən Fransada Hüseynov (Hüseynzadə) soyadlı çox məşhur bir bir aktyor yaşayır. Sən demə, əslən azərbaycanlıdır. Daha doğrusu, onun atası Əminulla Hüseynov (Andre Osseyn-Hosseyn) bizim soydaşımız olub, Səmərqənddə doğulub. Gələcək aktyorun anası yəhudidir, bessarabiyalıdır, yəni Moldovadandır. 1927-ci il təvəllüdlü, Parisdə anadan olmuş Rober Osseyni bütün dünyada, o cümlədən keçmiş SSRİ-də tanıdan onun “Anlelika” seriallarında çəkildiyi Qraf Joffrey de Peyrak obrazı olub. Bir zamanlar bu serial filmlər dünyada tufan qoparmışdı. Ann Qolon,un (sonralar onun əri Serj Qolon da əsərin müəllifi qismində zühur etdi) 13 cilddən ibarət magik-macəra romanı əsasında çəkilmiş beş seriyalıq filmdə baş rolun ifaçıları- Mişel Mersye və Rober Osseyn qısa bir müddətdə milyonların sevimlisinə çevrildi. Onun “sifətiçapıqlı” şəkli daha çox məşhur idi.
Yeri gəlmişkən, Sovetlərdə böyük ajiotajla qarşılanan filmi rus dilində məşhur aktyorlar səsləndirmişdi. Belə ki, Mişel Mersye,ni -Anjelika Sanse de Montelu obrazını dublyajda Natalya Kaznaçeva, Pober Osseyn,ni- Qraf Joffrey de Peyrak obrazını isə Vyaçeslav Tixonov səsləndirmişdi. Yaxşı yadımdadı ki, aktyorlarla yanaşı onları ekranda səsləndirilənlərin adı da az qala Sovetlərdəki bütün sənətsevərlərin dilinin əzbəri idi. Amma burası var ki, dünya Rober Osseyni kinoaktyor kimi tanıyıb sevsə də o, özünü daha çox teatr aktyoru hesab edir.
Rober Osseyn rəsmən üç dəfə ailə qurub. O, özü deyirdi ki, “mən həyatımı üç dəfə yenidən başlamışam”. Onun birinci arvadı dünyaca məşhur, rus əsilli aktrisa, müğənni, rəssam, heykəltaraş Marina Vladi olub. Osseynin Marinadan iki oğlu var (İqor və Pyotr).
Marina Vladi sənətsevərlərə yaxşı tanışdır. Yeri gəlmişkən, bu məşhur xanım Osseyndən boşandıqdan sonra aviaşirkət rəhbəri və pilot Jan-Klod Bruye ilə ailə qurub. Marinanın üçüncü əri şair, müğənni və aktyor kimi tanınmış Vladimir Vısotski olub. Vladi, Vısotskinın evləndiyi son qadın olsa da, Vısotski Vladinin həyatındakı növbəti kişilərdən biri oldu. Xanım Vladi bundan sonra da öz şəxsi həyatını yaşamaqda davam etmiş, həkim-ankoloq Leon Şvarsenberqlə yenidən ailə qurmuşdur. Mən bunu nə üçün yazdım? Zira rus mətbuatında hətta indi də belə bir fikir təlqin olunur ki, guya Marina Vladi hər gün Vladimir Vısotski üçün göz yaşları tökür. Bu, yalandır.
Sonrakı dövrdə Osseyn Karolina Elyaşev ilə ailə qurub. Karolinanın atası Anatol Elyaşev Bakıda doğulmuş kinoprodüsser idi. Onun Karolina ilə olan izdivacdan Nikolay adlı oğlu dünyaya gəlib.
Aktyorun üçüncü, rəsmən sonuncu arvadı aktrisa Kendis Patudan Jülyen adlı oğlu anadan olub.
Rober Osseynin həyatının ən böyük sevgisi Mişel Votrin adlı aktrisa olub. 1975-ci ildə Rover öz sevimlisi Mişel ilə avtoqəzaya düşür. Mətbuatda belə bir məlumat gedir ki, iki məşhur aktyor- Osseyn və Votrin həlak olub. Hətta, Robertin bu xəbəri eşidən yaxınları-doğmaları qəbristanlıqda qoşa (iki) məzar yeri qazdırıblar. Bütün Paris yas içində idi. Ağır zərbə almış Mişel Votrin həlak oldu. Amma... Osseynin qismərində hələ yaşamaq payı varmış; belə ki, o, qəzadan bir müddət sonra ayıldı, sağaldı və öz işinə başladı. Di gəl ki, böyük aktyor öz böyük sevgisinə sadiq qaldı. Mişelin dəfnindən sonra özünə qazılmış məzarı da olduğu kimi saxladı. O, öz söhbətlərində etiraf edirdi ki, ürəyinin bir parçası Mişel ilə birlikdə dəfn olunub. Rober Osseyn həyatının sonuna qədər “qoşa məzara” baş çəkər, Mişel Votrinin qəbrinin üstünə güllər səpərdi...
Rober Osseyn özünü azərbaycanlı hesab edirdi. O, öz tarixi Vətənini çox sevirdi. Nə yaxşı ki, o, ömrünün ahıl çağlarında dövlətimizin rəhbərliyi səviyyəsində bir neçə dəfə, daha dəqiq desək üç dəfə Azərbaycana gəldi. Adətən təyyarədə uçmağı xoşlamayan metr öz tarixi vətəninə gələrkən bu “fobiyanı” unudardı. Əlamətdar hadisələrdən biri də budur ki, 2015-ci ildə Bakıda keçirilən birinci Avropa oyunlarında məşəlçilərdən biri də Osseyn olub.
Robert Osseyn həm də maraqlı memuarlar müəllifidir. Onun “Kor adam” və “Qəbiləsiz gəzərgi” adlı kitabları oxucular tərəfindən rəğbətlə qarşılanmışdır.
Böyük aktyor Rober Osseyn 2020-ci ildə dekabr ayının 31-də 94 yaşında koronovirusdan vəfat etdi. Yaxınlarının dediyinə görə, o, yeni il şamlarının parıltıları, işıqları altında gözlərini əbədi yumdu.
Фируз Мустафа
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru