“ADİL İSMAYILOV: MƏN NƏ İSTƏYİRƏM. Bir hüquqşünasın və ziyalının düşüncələri...”

Bu gün, 00:05           
“ADİL İSMAYILOV:  MƏN NƏ İSTƏYİRƏM. Bir hüquqşünasın və ziyalının düşüncələri...”
Bu gün Azərbaycan ictimaiyyətinin daha çox Vəkil kimi tanıdığı Adil İsmayılovun doğum günüdür. Yaşasaydı 69 yaşı tamam olacaqdı. Uzun illər peşəkar fəaliyyəti ilə yanaşı FB səhifəsində də oxucuları ilə fəal ünsiyyətdə olan Adil müəllimə hər ilin 5 iyulunda çoxsaylı təbriklər gələrdi və o özü də bu günlə bağlı özünəməxsus yumor və səmimiyyətlə qısa statuslar paylaşardı. Həyatının sonuncu ad günü olacaq - 5 iyul 2020-ci il tarixində Adil İsmayılov birdən-birə oxucularına “İnsan yaşa dolduqca nə hiss edir” başlıqlı geniş və düşündürücü bir yazı ilə müraciət etmişdi. Kovid xəstəliyinin tüğyan etdiyi və hər kəsin əhval-ruhiyyəsinə mənfi təsir qoyduğu bir zamanda Müəllif həyatda olduğuna, yaşa dolduğuna sevindiyini vurğulayır, dünyanı vaxtsız tərk etmiş dostlarını yada salır, “etdikləri və edə biləcəyi halda etmədiklərini” haqda düşüncələrini paylaşır, yaşının artması ilə bağlı hisslərin yaratdığı fikirlərinin davamını gələn ad günündə bölüşəcəyini vəd edərək yazısını “Sevək bir-birimizi” çağırışı ilə tamamlayırdı. Aylar sonra bu Ad günü müraciətinin Adil İsmayılovun əslində öz yaxınlarına, dostlarına, oxucularına vəsiyyəti olduğu aydınlaşdı...
Adil İsmayılovun özünün əməl edə bilmədiyi həmin vəd bu gün – 6 ildən sonra – yaxınları və dostları tərəfindən yerinə yetirilir. Həm də yalnız yaşa dolduqca deyil, keçdiyi bütün ömür yolunu, düşüncə və duyğularını əks etdirən zəngin yazılı irsi ilə Adil İsmayılov bizlərin, uzun illər onun yoxluğunu hiss edən dostlarının, həmkarlarının, eləcə də onu tanıyıb-tanımayan, köhnə-yeni oxucularının yanına qayıdır.
Etiraf edim ki, Azərbaycan ictimai-siyasi, fəlsəfi-mədəni fikrinin yaranma və formalaşma tarixinə bələd olan bir tədqiqatçı kimi Adil İsmayılovun əsasən FB səhifələrində bölüşdüyü statusların ictimai məzmununa vararaq onun vəfatından sonra bu yazıların toplanması və nəşri işində redaktor kimi yardımçı olmağı təklif edərkən bu yazılı irsin miqyasını təsəvvürümə belə gətirməmişdim. Odur ki, bir kitab kimi nəzərdə tutulan nəşrin sonradan 4 cildliyə çevrilməsi bu işin 5 ilə yaxın vaxt çəkdiyi səbəbini yəqin ki, izah edir.
Hazırkı təqdimat sırf Anons məqsədi daşıdığı üçün burada cildlər haqqında ən ümumi məlumatlarla kifayətlənəcəyəm. Sonrakı yazılarda Adil İsmayılovun olduqca rəngarəng xarakterli yazılı irsinin daha geniş, dərin və cəlbedici məqamları açıqlanacaq. Beləliklə:
4-cildliyə Adil İsmayılovun dövrü mətbuat səhifələrində çıxışları, şəxsi arxivindən dərc olunmamış, yaxud nəşri tapılmamış məqalələri, müxtəlif mətbuat və media orqanlarına verdiyi müsahibələr və Facebook şəbəkəsindəki şəxsi status-yazıları daxil edilmişdir. Adil İsmayılovun 2013-cü ildə ilk dəfə FB səhifəsində paylaşdığı və əslində onun həyat kredosunu əks etdirən “Mən nə istəyirəm!” başlıqlı statusu “...azad, firavan, müstəqil, demokratik Azərbaycanda ... layiq olduğu kimi” yaşamağı arzulayan Müəllifin yazılı irsinin bütün məna yükünü özündə əks etdirən Bəyanat-Manifest kimi 4-cildliyə epiqraf kimi seçilmiş və ona ad vermişdir. Nəşrin ümumi məzmununu ifadə etmək üçün “Bir ziyalının və hüquqşünasın düşüncələri” ifadəsi də ikinci ad kimi məqbul sayılmışdır. Hər cildin üz qabığının arxa hissəsində onu yaxından tanıyan insanların Adil İsmayılov haqqında qısa fikirləri yer almışdır.
Ümumiliklə, 4-cildlik – müasir Azərbaycan Respublikasının öz müstəqilliyini bərpa etməsi ilə başlanan 30 illik bir dövrün ictimai-siyasi Portret-Mənzərəsini canlandırır və bütün məzmunu ilə bu yazılı irsin Vətəni üçün yanan və bu yanğısı ilə kifayətlənməyib həm də yazmaqla xidmətə üstünlük verən bir Azərbaycan Ziyalısı və Vətəndaşı tərəfindən yaradıldığını təsdiq edir.
I cild (584 səh.) – Solmaz Rüstəmova-Tohidinin bütün nəşrin ümumi və ətraflı təqdimatı verilən “Redaktordan” adlı Ön sözü ilə açılır. Bu cild "Mətbuat" adı altında Adil İsmayılovun bir qәzetci kimi fәaliyyәtә başladığı vә publisist yaradıcılığının ilk 10 illik dövrünü - 1991-2000-ci illər Azərbaycan mətbuatında nəşr olunmuş məqalə, məktub, müraciət və müsahibələrini (131 yazı) - əhatə edir. Bu yazılarda dağılmaqda olan Sovet dövlətinin siyasi həyatında baş verәn mühüm hadisələrin Azərbaycanda təzahürü və müstəqilliyini bərpa etmiş respublikada gedən ciddi proseslər detallı, əsasən tənqidi nəzərdən təhlil edilir. Peşəkar hüquqşünas Adil İsmayılovun özünün təsisçisi olduğu “Rezonans” qəzetindəki ardıcıl çıxışlarında Azәrbaycan dövlәti vә cәmiyyәtinin üzlәşdiyi ciddi problemlәrin ilk növbәdә hüquqi müstәvidә islah olunmasının, ölkәnin məhz hüquqi dövlәt kimi inkişaf etmәsinin labüdlüyü ictimai-siyasi mövqe kimi ortaya qoyulur. Azərbaycan qanunvericiliyi, rüşvətxorluqla mübarizə, insan amili və s. konkret mövzularda silsilə məqalələr müəllifin hüquqi maarifçilik sahəsində xidmətlərini əks etdirir. Bu cilddə tanınmış hüquqşünaslar – İlyas İsmayılov, Ənnağı Hacıbəyli, İntiqam Əliyev və Nizami Qocayev – Adil İsmayılov haqqında peşəkar hüquqçu kimi fikirlərini bölüşmüşlər.
II cild (640 səh.) – “Medianın diqqətində” ümumi başlığı ilə müəllifin 1997-2020-сi illərdə ölkənin müxtəlif kütləvi informasiya vasitələrinə verdiyi müsahibələri əhatə edir. Bu cildə peşəkar hüquqşünas, eləcə də ölkənin ictimai-siyasi və mədəni həyatında mühüm hadisələrə münasibət bildirən ictimai xadim və ziyalı kimi Azərbaycan mediasının daim diqqət mərkəzində olmuş Adil İsmayılovdan alınan yüzlərlə müsahibədən yalnız 94-ü daxil edilmişdir. Bu zaman onun bilavasitə vəkil kimi iştirak etdiyi məhkəmə proseslərinə dair verdiyi müsahibələr arasından daha çox ictimai-hüquqi əhəmiyyət daşıyan, ölkədəki məhkəmə-hüquq sisteminin ümumi vəziyyəti, vəkillər institutunun durumu və problemləri əks olunan yazılar seçilmişdir. Kitabda Adil İsmayılovun ölkə və cəmiyyət üçün taleyüklü məsələlərə dair bir ziyalı, hüquqşünas, vətəndaş mövqeyi açıqlanan və şəxsiyyət amili önə çəkilən müsahibələr də geniş təqdim olunmuş, onun təkliklə, yaxud digər qonaqlarla birlikdə radio və internet-televiziyalara verdiyi müsahibələrin mətnləri yer almışdır. II cildin “Əlavələr” hissəsində Adil İsmayılovun ümumilikdə 225 yazı və çıxışları dərc olunmuş mətbuat-media orqanlarının (37 adda) və ondan müsahibə götürmüş jurnalistlərin (71 nəfər) siyahıları verilmişdir. Belə ki, bu media orqanları və jurnalistlər Azərbaycanın son 30 illik ictimai-siyasi mənzərəsinin yaranmasında Adil İsmayılovla birlikdə bu və ya digər dərəcədə öz mövqeləri, verdikləri suallar və şərhləri ilə iştirak etmişlər. Bu mənada təqdim olunan cildlər həm də 1991-ci ildən başlayaraq Azərbaycan mediasının, onun müstəqil və əsasən müxalif-tənqidi mövqedə duran kəsiminin də mübariz simasını əks etdirir. II cildin sonunda Azərbaycan mediasının nümayəndələri – Mehman Cavadoğlu, Qulu Məhərrəmli, Aytən Məmmədova, Vahid Mustafayev Adil İsmayılovu peşəkar publisist, qəzetçi və ictimai xadim kimi səciyyələndirən fikirlərini bölüşmüşlər.
III-IV cildlər Adil İsmayılovun 2010-2020-ci illər Facebook sosial şəbəkəsindəki şəxsi səhifəsində paylaşdığı status-mətnləri ehtiva edir. Bu mətnlər məzmun əsas götürülməklə xronoloji qaydada tərtib edilmiş və aid olduqları mövzulara görə 12 bölümdə qruplaşdırılmışdır.
III cilddə (576 səh.) – “Azərbaycan”, “Cəmiyyət”, “Hakimiyyət”, “Müxalifət” və “Media” adlı bölümlərə daxil olan FB statusları toplanmışdır. Azərbaycanın ictimai-siyasi, mənəvi-əxlaqi mühitinə dair toxunulan məsələlərin mövzu dairəsi baxımından mətbuatdakı yazılarından daha əhatəli olmaqla, bu status-mətnlər müəllifin öz fikir və mövqeyini bölüşmək imkanlarının xeyli genişləndiyini, bu zaman sosial şəbəkənin yaratdığı üstünlüklərdən yetərincə faydalandığını, yeni forma və üsullardan istifadə etdiyini, oxucuları ilə birbaşa əlaqə yaratdığını, FB platformasında nə qədər azad və sərbəst davrandığını göstərir.
Bu cildə həmçinin Adil İsmayılovun 2008-ci ildə nəşr olunmuş “Qanuni absurdlar” adlı kitabı daxil edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin maddələri təhlil edilən bu əsərdə onun hazırlanmasında yol verilmiş nöqsanlar və boşluqlar, ayrı-ayrı qanunların tətbiqi zamanı təcrübədə meydana çıxan ziddiyyətlər şərh olunur, yaranan problemlərin həlli yolları göstərilir. III cildin sonunda akademik İbrahim Quliyev, şairlər Ramiz Rövşən, Rüstəm Behrudi və Zülfüqar Rüfətoğlu (məktəb dostu) Adil İsmayılovu Şəxsiyyət, Ziyalı və Dost kimi səciyyələndirən fikirlərini bölüşmüşlər.
IV cildə (584 səh.) – daxil olmuş mətnlər mövzularına görə 7 bölümdə qruplaşdırılmışdır: “Qanunvericilik-Məhkəmə”, “Vəkil”, “Peşə fəaliyyəti-Memuarlar”, “Özüm”, “Aforizmlər”, “Musiqi dünyası”, “Foto-qalereya”.
Bu cildin əsas hissəsini Adil İsmayılovun Azərbaycanda hüquq sisteminin – qanunvericilik, məhkəmə, prokurorluq, polis orqanları, eləcə də vəkillik institutunun – vəziyyəti və fəaliyyəti ilə bağlı yazıları, həmçinin özünün vəkil qismində çıxdığı məhkəmə prosesləri haqqında memuarları təşkil edir. Müəllif bilavasitə öz peşə fəaliyyəti ilə bağlı olan bu mövzulara əsasən tənqidi mövqedən yanaşır, hüquq sahəsində islahatların aparılmasına dair bir sıra təkliflər irəli sürür. “Özüm” bölümündə Adil İsmayılovun həyat kredosu əks etdirən mənəvi-əxlaqi məsələlərdən bəhs olunur, “Aforizmlər” bölümündə ictimai-siyasi həyata və gündəlik məişət hadisələrinə aid fikirlərin qısa, bitkin şəkildə ifadə etmək məharəti öz təsdiqini tapır.
Adil İsmayılovun FB yaradıcılığı Azərbaycan cəmiyyətində daim böyük maraq və geniş müzakirələr doğurmuş və bu amil öz əksini çoxsaylı oxucu şərhlərində tapmışdır. Dövrün müxtəlif aktual məsələlərinə dair ictimai rəyin formalaşması və öyrənilməsi baxımından əhəmiyyəti nəzərə alınmaqla Adil İsmayılovun özünün cavablandırdığı şərhlərinin bir qismi də III və IV cildlərdə əlavə olunmuşdur.
IV cildə həmçinin “Son Söz əvəzi” kimi nəşrin redaktoru, tarixçi alim Solmaz Rüstəmova-Tohidinin Adil İsmayılovun yazılı irsinin elmi-tənqidi təhlilinə həsr olunmuş “Azərbaycanın müasir ictimai-siyasi fikir tarixindən, yaxud, Adil İsmayılov Nə istəyirdi” adlı irihəcmli tədqiqatı daxil edilmişdir. Bu elmi oçerkdə Azərbaycanın ictimai-siyasi fikrinin formalaşdığı və bilavasitə dövlətçilik tarixi ilə bağlı olduğu iki oxşar 30 illik tarixi dövr – [1890-1920] və [1990-2020] – və həmin dövrləri təmsil edən Azərbaycan Ziyalısının missiyası arasında paralellər aparılır, Adil İsmayılovun 4 cildliyə daxil olmuş yazılı irsi və keçdiyi 30 illik mübarizə yolu məhz bu bacaqdan ətraflı təhlil edilir. Tədqiqatın nəticəsi kimi peşəkar Hüquqşünas, Publisist, Qəzet təsisçisi, Maarifçi, Vəkil, Ziyalı, İctimai xadim və Vətəndaş olmaqla Adil İsmayılov bütün bu missiyaların tarixi daşıyıcıları – XX əsrin əvvəllərində mənsub olduqları Xalq qarşısında məsuliyyətlərini duyan və Yola çıxan Böyük Azərbaycan Ziyalılar nəslinin müasir Azərbaycan gerçəkliyində layiqli davamçısı və xələfi kimi dəyərləndirilir.
IV cildin sonunda tarixçi alimlər Firdovsiyə Əhmədova, Fərda Əsədov, Solmaz Rüstəmova-Tohidi və siyasətçi Zərdüşt Əlizadənin yazdıqları rəylərdə Adil İsmayılovun yazılı irsinin Azərbaycanın çağdaş tarixinin siyasi, hüquqi, sosial məzmununun düzgün qiymətləndirilməsi baxımından əhəmiyyəti qeyd edilir, onun şəxsi həyat hekayəti, Ədalət və Ləyaqət kimi dəyərlərə əsaslanan Əxlaq kodeksi ilə ölkəsinə və vətəndaşlarına xidmət etdiyi, özü və yaşadığı dövr haqqında tarixi mənbə yaratmaqla onu gələcək nəsillərə ötürdüyü kimi mühüm məqamlar vurğulanır.
Redaktor olaraq bu 4 cildliyin ərsəyə gəlməsində əməyi keçən hər kəsə, ilk növbədə Adil İsmayılovun fədakar bacılarına – Adilə xanım, Nazlı xanım, Nailə xanım İsmayılovalara, Adilə xanımın qızı Ülviyyə xanım Yolçiyevaya, eləcə də uzun illər bu kitablar üzərində böyük diqqət və məsuliyyətlə çalışan “Təhsil” nəşriyyatının kollektivinə təşəkkürümü bildirirəm.
Adil İsmayılovun yazılı irsinin bütün oxucularına, ona mənbə kimi müraciət edəcək alimlərə, tədqiqatçılara, media nümayəndələrinə uğurlar arzulayıram.
Solmaz Rustamova-Togidi












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru