Mirzə İbrahimov: Belə adamı əclaf adlandırmaq olar...
Bu gün, 00:07

Mərkəzi Komitə katibi Abdulla Bayramov iyun plenumunda Mirzə İbrahimova qarşı cavab çıxışında Azərbaycan dili haqqında qanun qəbul edildikdən sonra bir sıra idarə və müəssisələrdən adamların yerli dili bilmədiklərinə görə işdən çıxarılması və digər nümunələrə toxunduqdan sonra soruşdu: “Nəyə görə İbrahimov ərizə məsələsini, dərkənar məsələsini və sairlərini misal gətirir, lakin fərman çıxandan sonra aldığımız imzalı və imzasız kütləvi məktubları misal gətirmir. Həmin məktublarda deyilirdi ki, adamları yalnız Azərbaycan dilini bilmədiklərini bəhanə eləyib işdən çıxardırlar. Özü də yalnız makinaçıları deyil, başqalarını da işdən çıxardıblar.
Mirzə İbrahimov tərəfindən 1943–1945-ci illərdə Təbrizdə yazılan məqalələrini yenidən 1957-ci ildə çap edilməsinə hansı zərurət var idi? Niyə Mirzə İbrahimov MK bürosu tərəfindən mühakimə edilən məqaləni ikinci dəfə yenidən nəşr etdirdi? Əgər bu, dilçilik haqqında hansısa bir elmi məqalə olsaydı, biz bu məsələyə elə də böyük prinsipial əhəmiyyət verməzdik. Lakin məsələ bundadır ki, bu məqalə “Azərbaycan dili dövlət idarələrində” adlanır və nəzərə almaq lazımdır ki, həmin məqalədən əvvəl Azərbaycan dilinin dövlət dili olması haqqında müvafiq qanun qəbul edilmişdi. Dövlət dili haqqında qəbul edilmiş qanunla bağlı, bütün müəssisələrdə Azərbaycan dilinin təcili tətbiqi haqqında Ali Sovetin Rəyasət Heyətinin tələbləri ilə bağlı bu məqaləni oxuyanda, orada irəli sürülən fikir və mülahizələr elə də yaxşı təsir bağışlamır, siyasi cəhətdən ziyanlı görsənir.
Biz, bütün büro üzvləri bu məqalənin mətbuatda çıxmasını yekdilliklə pislədik, belə ki, bu məqalə odun üstünə yağ tökdü, yeni ərizələr, yeni anonimlər və sair meydana gəldi. Əgər Bakı əhalisinin 90–95 faizi, heç olmasa 80 faizi azərbaycanlılardan, 5–6 faizi isə qeyri-azərbaycanlılardan ibarət olsaydı, bəlkə hansı dərəcədəsə böyük güzəştlə idarələrin Azərbaycan dilinə keçməsi ilə bağlı söhbətlərə haqq qazandırmaq olardı. Lakin son siyahıyaalmaya görə, Bakıda azərbaycanlılar cəmi 38 faiz, qeyri-azərbaycanlıların nümayəndələri isə 62 faiz təşkil edir. Özü də bu cür milli tərkib yalnız sovet hakimiyyəti illərində Bakının iqtisadi inkişafının gücünə deyil, Bakıda neft sənayesi yarandığı vaxtdan əmələ gəlib.
Nə olsun ki, Bakı coğrafi ərazi baxımından Azərbaycanın paytaxtıdır, bizim heç birimiz bunu danmırıq, lakin axı Bakıda Sovet İttifaqının bütün xalqlarının nümayəndələri yaşayırlar. Əgər bu yolla gedilsə, onda gərək bizim partiya MK-nın, sovet hökumətinin qarşısında məsələ qaldırasan ki, bütün xalqların nümayəndələri yalnız öz respublikalarının ərazilərində yerləşdirilsin, gediş-gəlişi məhdudlaşdırmaq üçün müxtəlif şərtlər müəyyənləşdirsinlər.
Öz fikrini əsaslandırmaq üçün Abdulla Bayramov Mirzə İbrahimovun məqaləsinin ayrı-ayrı yerlərindən müəyyən parçaları plenum iştirakçılarına oxudu. Sonda o, Mirzə İbrahimovun çıxışında İmam Mustafayevin ünvanına səsləndirilmiş tənqidi fikirlərə toxunaraq dedi: “Əgər İmam Mustafayevi nədəsə günahlandırmaq olarsa, bu da onun Mirzə İbrahimovun səhvlərinə münasibətdə liberal və həddən artıq dözümlü olmasıdır. Əgər yoldaş Mustafayev lap əvvəldən bizim hamımıza, o cümlədən Mirzə İbrahimova qarşı yetərincə prinsipiallıq və tələbkarlıq göstərsəydi, ola bilsin ki, bu məsələ gəlib indiki səviyyəyə çıxmazdı”.
Plenumun işini yekunlaşdıran İmam Mustafayev kimin sualı olub-olmadığını soruşduqda, Mirzə İbrahimov bir-iki kəlmə demək istədiyini bildirdi. Yerlərdən replikalar atdılar ki, müzakirələr artıq başa çatıb. Buna baxmayaraq, MK üzvü olduğundan İmam Mustafayev ona söz vermək məcburiyyətində qaldı. O, dedi: “Mən həmişə düşündüyümü danışıram. Əlbəttə, mənim fikirlərim də səhv ola bilər, əgər mən onun səhv olduğunu hiss edirəmsə, onun səhv olduğunu başa düşürəmsə həmişə vicdanla öz səhvimi etiraf edirəm, əgər mən müzakirə edilən məsələnin də belə olduğunu anlasam, gələcəkdə də öz səhvimi etiraf edəcəyəm.
Vəli Axundov çıxış edəndə mən çox fikirləşdim. Yoldaş Axundov, sizin çıxışınızda insanı düşünməyə vadar edən çox şey vardır. Həqiqətən dövlət dili haqqında qanunun doğurduğu əks-səda, alınmış nəticə o qədər də mühüm və yaxşı deyildir, mən bununla razıyam. Lakin biz dövlət dili haqqında məsələni qaldıranda, mən təkbaşına heç nə etməmişəm, hər şey büroda təsdiq edilib. Biz fikirləşirdik ki, bu tədbirlər bizim həyatımızda özünə yer etmiş təhriflərin aradan qaldırılmasına gətirib çıxaracaq. Mən haqqında söhbət gedən məqaləni yazanda da bu çatışmazlıqların aradan qal¬dırılmasını düşünürdüm. Dövlət dili haqqında qanun qəbul olunanda büro üzvlərinin hamısına olduğu kimi mənə də elə gəlirdi ki, işlər yaxşılığa doğru gedəcək.
Lakin təəssüf ki, biz baş verə biləcək bütün çətinlikləri, bütün incəlikləri vaxtında görə bilmədik. Əgər biz həyatın bütün çətin¬liklərini o zaman görə bilmədiksə, gəlin indi səhvlərimizi düzəldək. Baxın, il yarımdır mən yoxam, tutduğum vəzifədən getmişəm. İl yarımdır ki, mənim bu işlərə qarışacağım yoxdur. Bu il yarım ərzində mən sizə heç nə deməmişəm, heç bir yerdə mənim səhv çıxışlarım olmayıb. Yaxşı, indi məsələ nədədir? Niyə vəziyyəti düzəltmirsiniz? Əgər mənim köməyimə ehtiyac varsa, mənim iştirakım lazımsa, buyurun çağırın və deyin ki, bu məsələləri düzəltmək lazımdır. Əgər ayrı-ayrı vəzifəli şəxslər səhvlərə yol verirsə, burda mənim günahım nədir? Mənə belə gəlir ki, başqalarının günahını mənim üzərimə atmağa ehtiyac yoxdur. Bizim hamımız tərəfindən yol verilmiş səhvləri aradan qaldırmaq üçün əsəbi şərait yaratmağa, olmayan şeyləri uydurmağa ehtiyac yoxdur. Gəlin hisslərin təsiri altına düşməyək”.
Mirzə İbrahimov onun dil haqqında məqaləsindən gətirilən nümunələrin kontekstdən çıxarıldığını, bəzi hallarda təhrif edildiyini bildirdi. Onun çıxışından sonra fasilə elan olundu. Hələ onun plenumdakı birinci çıxışından sonra MK-nın müvafiq şöbələrinə göstəriş verilmişdi ki, Mirzə İbrahimovun “Azərbaycan dili” kitabının “şübhəli” bilinən məqamlarından seçmələr hazırlasınlar. İmam Mustafayev plenumun işini yekunlaşdıranda bu sənəd artıq hazır idi. On bir səhifədən ibarət olan bu materialda Mirzə İbrahimovun millətçilik kimi qiymətləndirilən fikirlərinin onun hansı məqaləsindən götürüldüyü səhifəsinə qədər göstəril¬mişdi. Əslində bu sənədi müzakirəyə çıxarmaqla Mirzə İbrahimovu susdurmaq istəyirdilər. İki gün ərzində plenumda Mirzə İbrahimovun əleyhinə 20-yə yaxın MK üzvü çıxış etmiş və onun əleyhinə müxtəlif tənqidi fikirlər söyləsələr də, o, bu çıxışların heç birini cavabsız qoymamışdı.
İmam Mustafayev yekun sözündə ilk növbədə respublikada son illərdə görülən işlərdən danışdı və sonra Mirzə İbrahimovun ötən iclasdakı çıxışının üzərinə qayıtdı. O, etiraf etdi ki, görünür, bu tənqidin müəyyən əsası var, bunu nəzərə almaq və gələcəkdə düzəltmək lazımdır. İmam Mustafayev Mirzə İbra-himova qarşı çıxışını dil haqqında qanunla başladı. O, dedi ki, Mirzə İbrahimov dövlət dili haqqında məsələni qaldıranda, həqiqətən biz hamımız bu əhvali-ruhiyyənin təsiri altına düşdük. Lakin bu, birdən olmadı, bu məsələ dəfələrlə büroda müzakirə olundu. Yəqin ki, köhnə büro üzvləri xatırlayırlar ki, biz bu məsələni bir neçə dəfə təxirə saldıq. Nəhayət, yoldaş İbrahimov məlumat təqdim etdi ki, guya o, bu məsələni bütövlükdə SSRİ Ali Soveti Rəyasət Heyətində razılaşdırıb.
Bizim səhvimiz onda oldu ki, biz Mirzə İbrahimovun bu məlumatını əsas götürdük və belə ciddi bir məsələni Sov.İKP MK ilə razılaşdırmadıq. Biz Mirzə İbrahimovun nüfuzuna arxayın olduğumuzdan bunu etdik. Mən deyərdim ki, əgər biz, hətta Mirzə İbrahimovun nüfuzuna etibar edib bunu qanunla konstitusiyamıza yazanda da heç nə baş verməzdi, hərçənd ki, buna ehtiyac yox idi. Sonra nələr baş verdi? Sonra baş verənlərdən məlum oldu ki, bu, təmiz, vətənpərvərlik niyyətindən deyil, tamamilə anlaşılmaz olan iylənmiş niyyətdən doğmuşdur. Nəticədə nə alındı, yoldaş İbrahimov? Partiya üzvünə, MK üzvünə yaraşarmı ki, söhbət hətta onun dili haqqında gedəndə belə ehtiyatlı, dözümlü və diqqətli olmasın?
İmam Mustafayev dil haqqında qanunun qəbulundan daha çox həmin qanunun Mirzə İbrahimov tərəfindən inzibati yollarla həyata keçirilməsi üzərində dayandı və qanunun tətbiqində yol verilmiş inzibatçılığın məsələni gətirib belə həddə çatdırdığını vurğuladı. Nazim Hikmətlə birlikdə ADU-da, Qara Qarayevlə bağlı yaradıcılıq təşkilatlarının respublika müşavirəsində, Elmlər Akademiyasının illik toplantısındakı hadisələrə toxunaraq dedi: “Nazim Hikmət ADU-da olur, Dövlət Universitetinin müəllim və tələbələri ilə görüşür. Birdən rəyasət heyətinə Nazim Hikmətə ünvanlanmış təxminən belə məzmunlu bir məktub gəlir ki, əgər azərbaycanlı ziyalı Azərbaycan dilini bilmirsə və Azərbaycan dilində danışmırsa, onu necə adlandırmaq olar? Görünür, Nazim Hikmət bu məktubu oxumur və ona cavab vermir. Mirzə İbrahimov isə həmin dəqiqə bu məktubu oxuyur və deyir: “Belə adamı əclaf adlandırmaq olar”...
Ardı var...
Cəmil Həsənli, tarixçi alim.

