Hər şey, hər kəs müzakirə oluna bilər. Ancaq ən yaxşı şeyi belə bizim cəmiyyətin ağzına at — urvatsız edib atacaq kənara.

Bu gün, 07:54           
Hər şey, hər kəs müzakirə oluna bilər. Ancaq ən yaxşı şeyi belə bizim cəmiyyətin ağzına at — urvatsız edib atacaq kənara.
Şah İsmayıl Səfəvini qəbul etsən də, etməsən də, yesən də, yeməsən də, vahid Azərbaycanın qurucusudur. Bu gün durub 500 il əvvəl Şah İsmayıl Səfəvi "onu səhv etdi, bunu səhv etdi" demək şizofrenlikdən başqa bir şey deyil. Xeyli məqalə oxudum, bir çoxları yazır ki, o, şiəliyi özünə ideologiya kimi götürdü, sünnilərin qanını tökdü. Söhbətdən xəbəri olmayan, kənardan baxan da elə bilər ki, Şeyx Heydər, Cüneyt ateizmin təbliğatçısı imiş. Məlum ideoloji savaş uzun illər əvvəl başlamışdı. Şah İsmayıl Səfəvi sadəcə olaraq babalarından, atasından qalanı daha da təkmilləşdirdi, dövlətin siyasi xəttinə çevirdi. Osmanlı imperiyası nə idi? Osmanlı dövləti klassik dövrdə Sünni-İslam (Hənəfilik) və Sultan mütləqiyyətinə söykənən teokratik-avtokratik bir imperiya idi. I Səlimin (Yavuz) 1517-ci ildə Məmlük dövlətini məğlub edib Məkkə, Mədinə və Qüdsə nəzarəti ələ keçirməsindən sonra Osmanlı sultanları həm də bütün dünya müsəlmanlarının Xəlifəsi ünvanını daşımağa başladılar. Dağılma dövründə isə ardıcıl olaraq Osmanlıçılıq, İslamçılıq və son olaraq Türkçülük idologiyalarını sınaqdan keçirərək mövcudluğunu qorumağa çalışırdılar.
Baxıram, camaata ağıl verənlər var. Deyirlər ki, Şah İsmayıl məsələsinə məzhəb üzərindən baxmaq doğru deyil. Bu cümləni oxuyanda sevinirsən, ürəyində deyirsən ki, aha, axır ki bir normal adam çıxdı. İkinci cümləsinə baxanda görürsən, adam tər-təmiz sünni məzhəbindən çıxış edir. Dünən axşam bir yazı oxudum. Müəllif yazır ki, Türkiyə mətbuatında Şah İsmayılı təhqir edən, aşağılayan olmayıb, ancaq Azərbaycanda Sultan Səlimi təhqir edirlər. Yalançının atasına, ata-babasına lənət! Şah İsmayılın təhqir edildiyi, hətta türk olmadığı ilə bağlı onlarla fakt var. Kimi aldadırsınız? 500 il bundan əvvəl baş vermiş prosesləri bu günkü İran üzərindən dəyərləndirənlər də var. Nə içir, nə çəkir bunlar, anlamaq olmur. İrana bu gün Səfəvilər sərf edir, özünü Səfəvilərin varisi elan edir, sabah başqa bir şey sərf edəcək, onu elan edəcək. "Türkiyə coğrafi rəqibimizdir" deyən Yəhya Rəhim Səfəvi belə "Türk dövlətləri güclənir, təşkilat güclənir, onlarla münasibətləri daha da inkişaf etdirməliyik" deyir. Gördün indiki İrana Səfəvilər necə sərf edir? İranın konstitusiyasında, hansısa qanununda hansısa dövləti özünə varis götürməsi ilə bağlı bir cümlə belə yoxtur. İsrail, ABŞ Pəhləvi kuklasın oynadanda, İranda biri çıxıb Səfəvi kartını qoyacaqdı da ortaya. Nə gözləyirdiniz? Biz özümüzü rəsmi olaraq Cümhuriyyətin varisi elan etmişik. Onun da ləğv edilməsini istəyənlər var idi. Uzaq tarixdə olmayıb ha bu, bir-iki il öncənin söhbətidir. Bir zırrama tarixçi də çıxıb yazır ki, Azərbaycan özünü Şirvanşahların varisi elan etməlidir. Şirvanşahların tarixi ərazisinə baxırsan, görürsən o deyil. Heç Azərbaycan Respubilkasının indiki sərhədlərini belə əhatə etmir. Deyirlər, 1828-ci ildə yaxşı ki, Azərbaycan indiki adla İranda ayrılıb. Tarixə baxırsan ki, bunun bizə heç bir aidiyyatı yoxdur. İndiki adlarla Rusiya və İran müharibə edib, ruslar qalib gəlib. Ermənilər də deyəndə ki, "Coca-Cola"nın tarixi sizin dövlətçilik tarixinizdən daha qədimdir, inciyirik. Özümüzün özümüzə vurduğumuz zərəri hiç kim vurmur bizə — belə baxıram, vura da bilməz.
Deyirlər, Şah İsmayıl Səfəvi qardaş qırğını törədib, oranı qılıncdan keçirib, buranı qan gölünə çevirib. Bunu o adamlar deyir ki, səhər "Dərbəndi birləşdirəcəyik özümüzə", axşam "Təbrizi birləşdirib vahid Azərbaycan yaratmalıyıq" deyir. Böyük dövlət qurmaq istəyirsən? Mənə tarixdən və indiki dünyadan bir dənə fakt gətir ki, böyük dövləti, imperiyanı öpüşə-qucaqlaşmağa qurublar. Özümüzün olan, dünya tərəfindən Azərbaycan ərazisi kimi tanınan balaca Qarabağı ermənilərin əlindən azad etməyimiz belə qanlı oldu. Qansız imperiya qururlar? Öyrəşmişik deyək: "Rusiyanın əli qanlıdır". Rusiya nə vaxt müharibələri dayandıracaq, nə vaxt militarizmdən əl çəkəcək, o zaman dağılacaq. İmperiya bərabərdir qan! ABŞ elə deyil? Böyük Britaniya elə olmayıb? Portuqaliya, İspaniya, Roma elə olmayıb? Osmanlı o boyda imperiyanı qansız qurmuşdu? Ümumiyyətlə, bu tip yanaşmaları oxuyanda ətim tökülür. Bir ara bir təbliğata başlamışdılar ki, ABŞ və İsrail İranı parçalayacaq, Vahid Azərbaycan yaranacaq. ABŞ, İsrail qan tökəcək, pul xərcləyəcək ki, Azərbaycan vahid olsun?
Çönüb biraz geriyə baxırsan, görürsən Səfəvilər, o taylı-bu taylı Azərbaycan məsələsi ən mükəmməl səviyyədə SSRİ-də işlənilib. Türk dili qurultayı SSRİ-də, Şah İsmayıl, Babək, Koroğlu yenə SSRİ... Uşaq olanda bir müəllimimiz Süleyman Rüstəmin "Təbrizim" şeirini oxudu. Dedi ki, SSRİ zamanında, o çətin vəziyyətdə risk edib, kişi belə bir şeir yazıb. İllər keçdi, biraz böyüyüb oxuyanda məlum oldu ki, SSRİ-nin sifarişi imiş. SSRİ qara qaşımıza, qara gözümüzə vurulmamışdı; maraqları vardı, bunu edirdi. Bunları niyə yazıram? Bizim indiki xeyli millətçilərimiz bax o SSRİ-nin qoyduğu o taylı-bu taylı Azərbaycandan çıxış edirlər. Müstəqil dövlətsən, oturub hər şeyi yenidən araşdırmaq, yenidən yazmaq yerinə, Səfəvilərə baxış ya SSRİ-nin yanaşmasıdır, ya da indiki Türkiyənin. Sən Səfəvilərdən imtina edəndə buna ən çox sevinən elə İran olacaq. Sənə kim deyir, İrana biət elə, İranı sev?! Ancaq sən Səfəvilərdən imtina edəndə, İrandakılar deyəcək ki, şərikdən qurtulduq. Səfəvilərdən imtina etmək, Təbrizdən imtina etməkdir, Təbrizdən imtina etmək Rəvvadilər, Eldənizlər (Atabəylər), Elxanilər, Qaraqoyunlu, Aqqoyunludan, mədəniyyətdən, miniatürdan, Füzulidən imtina etməkdir. Kiminsə fındıq boyda beyninin məhsuluna və hansısa marağına görə niyə bunlardan imtina etməliyəm? Bu qədər şeydən imtina etmək İranpərəstlikdir, yoxsa bunları tələb etmək, yaşatmaq və hər fürsətdə, ortaq tarximizin olmağını başlarına vurmaq?
Necə ki 9 Maydan imtina edəndə buna ən çox sevinənin Rusiya olacağı kimi. 600 min azərbaycanlı gedib döyüşüb, "İkinci Dünya müharibəsinin qaliblərindən biriyik, qələbənin ortağıyıq" deməkdənsə, deyirlər ki, "rusun qələbəsidir, buna sevinmək olmaz". Cəhənnəmə imtina elə! Sən imtina edirsən, sahib çıxanlar tapılacaq. Gedin, ruslardan soruşun, görün 9 Maydan imtina etmək onların zərərinədir, yoxsa tələb etmək ki, İttifaq dövləti olmuşuq, hər şeyimizlə İkinci Dünya Müharibəsində iştirak etmişik, qələbəyə də şərikik? Orada tarixini İrana təslim elə, burada soydaşlarının qanını Rusiyaya təslim elə, sonra da çıx onu bunu İrana, Rusiyaya işləməkdə ittiham elə.
Fars dili məsələsinə gəldikdə — bu, təkcə Səfəvilərin problemi idi? Osmanlının yüksək saray ədəbiyyatı hansı dildə idi? Millətçilik dünən yox, srağagün yaranmış bir şeydir. Tayfaçılıq vardı, din vardı.
Demirəm ki, Şah İsmayıla tap, biət elə. Əsla. Adam var tarixi şəxsiyyətləri sevir, onlara pərəstiş edir, adam da var, ümumiyyətlə, hamısına eyni gözlə baxır. Müzakirə elə, ancaq kiminsə gözü və sözü mənim üçün etalon deyil ki, onun baxışı və deyişi ilə nəyisə dəyişim, nədənsə imtina edim. Bu nəyin cəhtidir? Dindirsən tolerantlıqdan danışıacaqlar. Tolerantlıq hətta nifrət etdiyin, əks fikirli insanlarla belə bir cəmiyyədə yaşamaq, onun öz fikrinə sahib olmaq hüququnu tanımaqdır. Ateisti dindara, dindarı atesitinə cahil deyir. Bir yığın zırramanın əlində qalmışıq.
Ramiz Mehdiyev Şah İsmayıl haqqında məqalə yazıb, kitab yazıb. Elə təqdim edirlər ki, sanki Şah İsmayılı təqdir edənlər Ramiz Mehdiyevin adamıdır, yaxud Ramiz Mehdiyevsevərdir. Bunu edənlərin biri də Ramiz Mehdiyev sağ olanda (Azərbaycanda vəzifədən getdin — ölmüş kimi bir şeysən) onun əleyhinə bir cümlə belə işlədə bilməmişdi. Ramiz Mehdiyev yazıb deyə Şah İsmayıl inkar edilməlidir? Bu nə axmaq yanaşmadır? Bunu yazacağım heç ağlıma gəlməzdi, kiminsə sosial şəbəkədə İran əleyhinə ağzına gələni, hətta dişinin dibindən çıxanı yazması çox İran dövlətini narahat edər, yoxsa Azərbaycan Prezident Aparatının rəhbərinin Şah İsmayıl haqqında yazdığı kitab?
Keçmiş, tarix — tarixçilərin, alimlərin işi olmalıdır. Tarixçilər bu məsələyə qiymət verməlidir. Bizim işimiz gələcəyi qurmaqdır, gələcəyə baxmaqdır. Burdan baxanda neçə metr qabağı, neçə gün öncəni görürük? Bunun üzərində baş sındırmalıyıq. Cəmiyyət ümidsizliyə qərq olub. Qarabağ qələbəsinin dadını belə bu cəmiyyət yaşaya bilmədi. Yazının bu yerində dostlardan birindən mesaj gəldi. Bir video atıb; videoda dahilərimizdən biri deyir: "Şah İsmayılı yox, 92-93-cü illərdə olanları müzakirə etməliyik. AXC-Müsavat...". Standart olaraq yazıları bir nəfəsə yazıram. Ara verən kimi fikirlərimdə qırılma olur. Başım qarışdı ekranın tüpürcəyini silməyə, nə yazacağımı da unutdum...
Gələcəyimiz də bu yazının axırı kimi: yarımçıq, tamamlanmadan...
Səxavət Məmməd












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru