Bəlkə də gələcəyin ən böyük problemi çox şey bilib, heç nə haqqında dərindən düşünməmək olacaq. İnformasiya bolluğunun və süni intellektin hökm sürdüyü dövrdə əsas məsələ daha çox məlumat toplamaq deyil. Çünki məlumat artıq qıt deyil. Bir neçə saniyəyə istənilən mövzuda yüzlərlə mənbə, fikir, cavab və izah qarşımıza çıxır. Əsas məsələ oxuduğunu anlamaq, düşündüyünü süzmək və eşitdiyin hər şeyə dərhal inanmamaqdır. Əvvəllər insanın biliyini artırmaq üçün daha çox oxuması lazım idi. İndi isə bəzən çox oxumaq belə kifayət etmir. Çünki qarşımızda o qədər informasiya var ki, insan nəhayət məlumatın içində düşüncəsini itirə bilər. Süni intellekt də bizə cavab tapmağı asanlaşdırır. Amma cavabın hazır olması düşüncənin hazır olması demək deyil. Əksinə, hazır cavabların çoxaldığı bir dövrdə insanın öz sualını vermək qabiliyyəti daha qiymətli olur. Gunel Musa