8 avqust - Qafqazın tarixinin dəyişdirən gün
Bu gün, 16:02

2025-ci il avqustun 8-də Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin məhz ABŞ lideri Donald Trampın iştirakı ilə Ağ Evdə paraflanması Prezident İlham Əliyevin böyük siyasi-diplomatik qələbəsidir.
Cənubi Qafqaz böyük sürətlə yeni regional dəyişikliklər mərhələsi üzrə irəliləyir. Bu regional dəyişikliklərin əsası isə məhz Azərbaycanın İkinci Qarabağ savaşında tarixi zəfər qazanması ilə qoyulmuş oldu. Məhz Azərbaycanın hərbi zəfərindən sonra Cənubi Qafqaz geopolitik, geoiqtisadi və Geostrateji transformasiya mərhələsinə keçid etdi. Və hazırda bu region savaşöncəsi situasiyadan tamamilə uzaqlaşaraq, yeni inkişaf perspektivlərini reallaşdırmaq imkanları qazanıb.
Cənubi Qafqazda yeni mərhələnin başladılmasında və bütövlükdə regionun gələcək taleyini müəyyən edəcək geopolitik proseslərin başladılmasında Azərbaycan Prezidenti İlham Əliyevin siyasi-diplomatik fəaliyyətinin rolu inkaredilməz və əvəzolunmaz xarakter daşıyır. Xüsusilə də, Azərbaycan Prezidenti İlham Əliyevin 2025-ci il avqustun 8-9-da ABŞ-a səfərinin yekun nəticələri Cənubi Qafqazda yeni tarixi mərhələnin geriyədönməz xarakter almasını təmin etmiş oldu.
Ötən il avqustun 8-də Prezident İlham Əliyevin həmin səfəri ABŞ-Azərbaycan əlaqələrinin transformaiyası, eləcə də, Azərbaycan-Ermənistan sülh gündəliyinin formalaşması baxımından da, tarixi əhəmiyyətə malikdir. Bu istiqamətlər üzrə əldə olunmuş bütün uğurlar məhz Prezident İlham Əliyevin praqmatik, məqsədyönlü, Azərbaycanın milli maraqlarına əsaslanan dəqiq siyasi-diplomatik fəaliyyətinin nəticəsidir. Çünki Azərbaycan lideri bütün məsələlərdə məhz Azərbaycanın maraqlarını öndə tutur, ardıcıl siyasət yürüdür və heç nə onu prinsipial mövqeyindən geri döndərə bilmir.
Bütün bunları nəzərə aldıqda, ABŞ-Azərbaycan əlaqələrinin daha pozitiv mərhələyə transformasiyası həmin məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq, diqqəti çəkir. Belə ki, Bayden administrasiyası dövründə ABŞ-ın Azərbaycana qarşı qərəzli münasibəti, həmin dövrə kimi ikitərəfli münasibətlərdə əldə olunmuş önəmli pozitiv nəticələrə olduqca ciddi zərbələr vurmuşdu. Hətta vaxtilə Co Bayden senator olanda belə, Azərbaycana qarşı sanksiyaların əsas təşəbbüskarları sırasında yer almışdı. Co Baydenin prezident seçilməsindən sonra isə onun administrasiyasının Cənubi Qafqaz siyasəti əsasən regional parçalanma, hərbi münaqişələr və siyasi qarşıdurmalar üzərində qurulmuşdu.
Bu baxımdan, Cənubi Qafqazın uzun müddət ərzində ədalətli sülhdən və regional sabitlikdən uzaq qalmasının əsas səbəbləri sırasında məhz Bayden administrasiyasının qərəzli mövqeyi də yer alırdı. Çünki Bayden administrasiyası Azərbaycanın regionda şəriksiz lider dövlət olmasını, ölkəmizin geopolitik və geoiqtisadi potensialını düzgün qiymətləndirmirdi. Və əksinə, ardıcıl şəkildə Azərbaycanla mövcud əlaqələri pozmaq xəttini inkişaf etdirməyə üstünlük verirdi.
ABŞ-ın indiki prezidenti Donald Tramp seçkilərdə qalib gəldikdən sonra önəmli siyasi dəyişikliklər də özünü çox gözlətmədi. Belə ki, ABŞ-ın xarici siyasətində, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, dünyada sülh və sabitlik yolu dövlətlərarası münasibətlərdə də əsas amil olaraq, ön plana çəkildi. Bu baxımdan, ABŞ-ın Azərbaycanla münasibətləri də yenidən qiymətləndirildi, iki dövlət arasında əlaqələrin inkişafı və regional sülhün təmin edilməsi əsas istiqamət kimi götürülərək, reallaşdırılmağa başlandı.
Hazırda ABŞ-Azərbaycan münasibətlərinin transformasiyası və Azərbaycanla Ermənistan arasında sülhün təmin olması bir-birini tamamlayan ümumi prosesə çevrilib. ABŞ-Azərbaycan münasibətlərinin indiki yüksəlişində isə hələ Donald Tramp prezident seçilməzdən əvvəl onun Prezident İlham Əliyevlə əlaqələrinin inkişafı və məktublaşmaların xüsusi rolu olmuşdur. Ağ Ev sahibinin hakimiyyətə gəlişindən sonra isə Prezident İlham Əliyevin ABŞ-a səfəri reallaşıb, görüşlər keçirilib, ortaq bəyanatlar verilib.
Maraqlıdır ki, hazırda Azərbaycan və ABŞ arasında artıq Strateji Tərəfdaşlıq haqqında Xartiya mövcuddur, “907-ci düzəliş”in dondurulması ilə bağlı qərar qəbul edilib, TRİPP layihəsi ilə bağlı razılaşma əldə olunub və Zəngəzur dəhlizinin reallaşdırılması geriyədönməz prosesə çevrilib. Bütün bunlara paralel olaraq, ABŞ-ın vitse-prezidenti Vensin Azərbaycana səfəri edərək, iki ölkə arasında Strateji Tərəfdaşlıq barədə Xartiyanı imzalayıb.
ABŞ və Azərbaycan arasında münasibətlərin pozitiv məzmun alaraq, inkişaf etməsi Cənubi Qafqazda sülhün və sabitliyin təmin olunması prosesinə də birbaşa təsir göstərir. Belə ki, Prezident İlham Əliyevin ABŞ-a səfəri çərçivəsində Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin Ağ Evdə paraflanması uzun bir prosesin məntiqi nəticəsidir. Burada ən böyük siyasi-diplomatik uğur ondan ibarətdir ki, Ermənistan sülhə məcbur edilib və paraflanma məhz ABŞ-ın vasitəçiliyi ilə baş tutub.
Məsələ ondadır ki, Azərbaycan sülh müqaviləsində nəzərdə tutulan 5 prinsipin müəllifidir. Ermənistan isə hazırda özünü sülh tərəfdarı kimi təqdim etsə də, əslində, bu, qətiyyən belə deyil. Çünki 2020-ci ildən əvvəl rəsmi İrəvanın işğalı genişləndirmək planları, müharibə dövründə isə Ermənistan ordusunun Azərbaycanın dinc şəhərlərini raket atəşinə tutması hələ unudulmayıb. Hətta 44 günlük müharibədən sonra belə, Ermənistanın revanşist planları mövcud idi. Ancaq 2023-cü ildə Azərbaycanın antiterror əməliyyatından sonra Ermənistan baş naziri Nikol Paşinyan mövcud reallıqları nəhayət ki, anladı və Azərbaycanın diqtə etdiyi sülh gündəliyini qəbul etmək məcburiyyətində qaldı.
Bütün bunlar o deməkdir ki, Ermənistan əslində, heç də özünü təqdim etdiyi kimi sülh tərəfdarı olmayıb. Əksinə, rəsmi İrəvan məhz Prezident İlham Əliyevin ardıcıl və məqsədyönlü siyasəti, eləcə də, Azərbaycanın hərbi-siyasi gücü sayəsində sülhə məcbur edilib. Bu baxımdan, 2025-ci il avqustun 8-də Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin məhz ABŞ lideri Donald Trampın iştirakı ilə Ağ Evdə paraflanması Prezident İlham Əliyevin böyük siyasi-diplomatik qələbəsidir. Və ən yaxın vaxtlarda rəsmi İrəvanın Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddaiaları ifadə edən müddəaları dəyişməsindən sonra bu önəmli tarixi sülh prosesi yekunlaşmış olacaq.
Adil Hüseynov – Azərbaycan Dövlət İqtisad Universitetinın dosentı, iqtisadiyyat üzrə fəlsəfə doktoru

