Fərman Kərimzadə "Qarlı aşırım" romanını yazanda cəmi 27 yaşı var idi.
Bu gün, 12:24

Bu əsər o zaman hissə-hissə "Ulduz" jurnalında çap olundu. 1971-ci ildə isə kitab halında oxucuları ilə görüşdü. Və roman qısa zaman ərzində ittifaq məkanında böyük rezonans yaratdı. "Qarlı aşırım" romanına qədər yazıçının bir neçə əsəri çap olunmuşdu. Həmin əsərlərin hər biri gənc yazıçıya böyük uğur və oxucu məhəbbəti gətirmişdi. Təsadüfi deyildir ki, Fərman Kərimzadə 30 yaşında artıq SSRİ Yazıçılar İttifaqının üzvü idi...
"Qarlı aşırım"a qədər Azərbaycan ədəbiyyatında kollektiv təsərrüfatdan bəhs edən, o cümlədən sinfi mübarizəni əks etdirən onlarla əsər çap olunmuşdu. Məsələn, "Yoxuşlar" (Əbülhəsən Ələkbərzadə), "Saçlı" (Süleyman Rəhimov), "Tərlan" (Mehdi Hüseyn), "Qəhrəman" (Əli Vəliyev)...Bu romanların hər biri otuzuncu illər kollektiv təsərrüfat uğrunda gedən mübarizələri əks etdirirdi və nə qədər maraqlı, sənətkarlıq baxımından gözəl romanlar olsa da, hər halda, dövrün ədəbi ştamplarından xali deyildilər. Ancaq "Qarlı aşırım" romanı bu əsərlərdən fərqli olaraq, yalnız dövrün ictimai - siyasi, sosial və mədəni həyatını özündə əks etdirmədi. Bu roman özündən əvvəlkilərdən fərqli olaraq, Azərbaycan oxucusunun qəlbinə, ruhuna yenməyi bacardı. Sinfi mübarizənin fonunda insanların daxili dünyasını, onların mənəvi keyfiyyətlərini bütün gerçəkliyi ilə tanıda bildi. Fərman Kərimzadə "Qarlı aşırım"la xalqın üzünə bir güzgü tutdu; xalq bu güzgüdə özünü gördü, özünü tanıdı; sevincinə, qəminə, ağrı-acılarına yaxından bələd oldu. Yazıçı bu əsərlə mövcud quruluşa boyun əyməyənlərin daxili aləminə baş vurdu, onların mübariz ruhu ilə oxucunu tanış etdi. Kərbəlayi İsmayılın monoloqunda həqiqəti olduğu kimi, qorxmadan, çəkinmədən güc sahiblərinin üzünə söylədi: "Mənə dəyən kimə dəysəydi, indiyə qədər on dəfə silah götürərdi. Adamın varına da toxunarlar, torpağını da götürərlər, nə olar, elə bilərəm əl çirkidi. Bəs hörmətə sözün nədir? Kişiliyə sözün nədir? Axı, birdən-birə hər şeyi adamın əlindən almazlar..."
Məcid Rəşadətoğlu

