Azəriqazda Əmək Məcəlləsini sayan yoxdur - "Axı bu qədər "ədalət", "şəffaflıq" və "qayğı" nümayiş etdirən sistemdən başqa nə gözləmək olar?"
Bu gün, 00:06

Azəriqaz rəhbərliyinə dərin təşəkkür və minnətdarlıq!
Azəriqaz rəhbərliyinə sonsuz təşəkkürümü bildirirəm. Xüsusilə də may ayında 1 günlük baş ofisə ezam olunduğum halda qanunla nəzərdə tutulan 37,50 manat ezam pulunu vermədikləri üçün. Belə qənaətcil rəhbərlik hər müəssisəyə nəsib olmur.
Məni baş ofisə çağıran Xəqani müəllimə də təşəkkür edirəm. Düzdür, müharibə veteranı olmağıma baxmayaraq məni özü qəbul etmədi, bu şərəfli işi müavininə həvalə etdi. Müavin də Xəqani müəllimin tapşırığı ilə Göyçayda iş yerinin olmaması, diplom uyğunsuzluğu və iş təcrübəmin uyğun gəlməməsi barədə əvvəlcədən hazırlanmış şablon cavabları böyük ustalıqla mənə təqdim etdi. Hazır cavabların bu qədər peşəkar çatdırılması həqiqətən alqışa layiqdir.
Bu yaxınlarda isə SOCAR-ın İnsan Resursları Departamentinin təşkil etdiyi, mənim isə adını "Kim sağ qalacaq?" qəfəs döyüşü qoyduğum imtahanda iştirak etdim. Ağsu RQİİ-nin kadrları əvvəlcədən demişdi ki, kim yüksək bal toplasa, o işləyəcək. Mən də xatırlatdım ki, Əmək Məcəlləsinin 78-ci maddəsinə əsasən ixtisar zamanı eyni vəzifədə və eyni ixtisas dərəcəsində üstünlük müharibə veteranına verilir.

Sağ olsunlar, görünür Əmək Məcəlləsinə məndən xəbərsiz yeni əlavələr ediblər. Bildirdilər ki, yalnız nəticələr eyni olsa, onda üstünlük müharibə veteranınadır. Qanunun belə yaradıcı şərhini eşidəndə adam doğrudan da heyran qalır.
Mən isə 40 sualdan 37-nə düzgün cavab vermişəm. İndi səbirsizliklə gözləyirəm ki, yəqin məni də böyük təntənə ilə yola salacaqlar. Axı bu qədər "ədalət", "şəffaflıq" və "qayğı" nümayiş etdirən sistemdən başqa nə gözləmək olar?
Bir daha hər birinizə təşəkkür edirəm. Mənə sübut etdiniz ki, bəzi hallarda qanun kitabda yazılır, praktikada isə ssenarini başqaları yazır.
Dasqin Abbasov
TEREF

