Qara daşın kölgəsi və ruhun azadlığı
Bu gün, 16:08

Min illərdir başımızın üzərində görünməz bir qara daşın ağırlığını daşıyırıq. O daş yalnız tarixdən gələn bir yük deyil, həm də düşüncəmizə, iradəmizə və ruhumuza çökmüş bir kölgədir. Çabalayırıq, vurnuxuruq, lakin bəzən öz gücümüzü unutduğumuz üçün onun altından çıxa bilmirik.
Qaranlıq günlərimizin səbəbi yalnız taleyin gətirdiyi çətinliklər deyil. Ən böyük faciə insanın öz düşüncəsindən uzaq düşməsi, öz mənəvi gücünə inamını itirməsi və azad ruhunu unutmasıdır.
Təəssüf ki, insanların qorxusundan, ümidsizliyindən və düşüncə zəifliyindən istifadə edən qüvvələr də həmişə olmuşdur. Bəzi din xadimləri və siyasətçilər insanın mənəvi ehtiyaclarını öz şəxsi maraqları üçün alətə çevirmiş, onu oyatmaq əvəzinə bəzən asılı vəziyyətdə saxlamağa çalışmışlar.
Lakin heç bir qara daş insan ruhundan güclü deyil. İnsan düşünəndə, sorğulayanda, öz kimliyinə və vicdanına qayıdanda həmin daş çatlamağa başlayır.
Əsl faciə daşın ağırlığında deyil, insanın ona boyun əyməsindədir. Çünki insan öz daxilindəki qorxunu məğlub edəndə, öz ağlının, iradəsinin və ləyaqətinin sahibi olanda heç bir qaranlıq onu əbədi əsir saxlaya bilməz.
Tarix boyu xalqlar yalnız qılıncla deyil, düşüncə ilə də əsir alınıb. İnsan öz mənəvi dayaqlarından uzaq düşəndə, üzərinə düşən hər yük daha ağır görünür. Ruhun azadlığı isə insanın ilk növbədə öz daxilindəki əsarətdən qurtulmasıdır.
Çünki azad insan yalnız zəncirini qıran insan deyil. Azad insan — vicdanının səsini eşidən, ağlının işığı ilə yol tapan, ləyaqətini heç bir mənfəətə dəyişməyən insandır.
Qara daş nə qədər qədim olsa da, insan ruhundakı işıq ondan daha qədim və daha qüdrətlidir.
Düzgün Atalı

