QHT-lərə Dövlət Dəstəyi Agentliyi rayon icra hakimiyyətlərində layihə mərkəzi açır(?)! - BU DA OLDU...

Bu gün, 12:34           
QHT-lərə Dövlət Dəstəyi Agentliyi rayon icra hakimiyyətlərində layihə mərkəzi açır(?)! -
Bir rayon icra hakimiyyətində çalışan şəxslər QHT layihələrinin hazırlanması və idarə olunmasında iştirak edirlər

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin rəhbərliyində təmsil olunan şəxslərdən birinin birbaşa təlimatları və tapşırıqları ilə bu məsələlər hər gün əlaqələndirilir.

Yenixeberorg.com: Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi təqdim olunur. Son illər QHT sektorunun maliyyələşdirilməsi üçün dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılır, yeni layihələr elan edilir, təlimlər keçirilir, müxtəlif proqramlar icra olunur. Kağız üzərində bütün bunlar QHT-lərin inkişafına xidmət edən müsbət addımlar kimi görünür.

Lakin "Yenixeberorg"a daxil olan məlumatlar və son dövrlərdə apardığımız araşdırmalar tamamilə fərqli mənzərənin mövcud ola biləcəyi barədə ciddi suallar yaradır.

Kənardan baxanlar bu fikirləri növbəti iddia və ya fərziyyə kimi qiymətləndirə bilərlər. Ancaq əlimizdə tutarlı məlumat olmasaydı, belə bir mövzunu ictimailəşdirməyə ehtiyac da qalmazdı. Məhz buna görə də təqdim etdiyimiz faktların aidiyyəti dövlət qurumları tərəfindən araşdırılmasını vacib hesab edirik.

Əslində sağlam vətəndaş cəmiyyətində dövlətin əsas vəzifəsi QHT-lərin əvəzinə layihə idarə etmək deyil, onların müstəqil fəaliyyət göstərə bilməsi üçün şərait yaratmaqdır. Hüquqi baza elə qurulmalıdır ki, təşkilatlar öz təşəbbüslərini sərbəst həyata keçirə bilsinlər, maliyyə mənbələrini şaxələndirsinlər, beynəlxalq donorlarla əməkdaşlıq imkanları əldə etsinlər, xarici tərəfdaşlarla layihələr həyata keçirsinlər və bütün bunları heç bir vasitəçi olmadan özləri idarə etsinlər.

Normal model məhz budur.

Əgər QHT öz layihəsini özü yaza bilmirsə, maliyyəsini özü idarə edə bilmirsə, hesabatlarını özü hazırlamırsa və bütün bu proseslər kənar şəxslərin nəzarətinə keçirsə, artıq ortada müstəqil vətəndaş cəmiyyətindən deyil, asılı idarəetmə modelindən danışmaq lazım gəlir.

Bu isə təkcə ayrı-ayrı QHT-lərin problemi deyil. Bu, bütövlükdə sektorun gələcəyini sual altına qoyan yanaşmadır.

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin yaradılmasının əsas məqsədlərindən biri məhz təşkilatların potensialını artırmaq idi. Agentlik QHT-lərin layihə hazırlamaq, maliyyə idarəçiliyi aparmaq, institusional inkişafını təmin etmək üçün praktik dəstək göstərməlidir. Təlimlər formal xarakter daşımamalı, sertifikat təqdim etmək üçün təşkil olunan tədbirlərlə yekunlaşmamalıdır. Əgər illərlə keçirilən təlimlərdən sonra təşkilatların əhəmiyyətli hissəsi hələ də layihələrini kənar şəxslərə yazdırmağa məcburdursa, bu vəziyyət görülən işlərin effektivliyi barədə əsaslı suallar yaradır.

Redaksiyamıza daxil olan konkret məlumatlarda bildirilir ki, bir sıra QHT-lərin layihələri eyni şəxslər və ya eyni şəbəkələr tərəfindən hazırlanır.

Bir müddət əvvəl"Yenixeberorg.com"da dərc olunan araşdırmada da oxşar məsələ gündəmə gətirilmişdi. Həmin materialda qeyd edilirdi ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin nəzarətində olan xanım QHT sədrlərindən biri bəzi QHT-lərdən maliyyə əməliyyatlarının həyata keçirilməsi adı ilə vəsaitlər toplayıb, daha sonra isə həmin vəsaitlərin geri qaytarılması ilə bağlı problemlər yaradıb. Bu hadisə ilə bağlı müxtəlif məlumatlar yayılsa da, məsələnin yekun hüquqi qiymətləndirilməsi ictimaiyyətə açıqlanmayıb.

Lakin görünür, bu, müzakirə olunan yeganə məsələ deyil.

"Yenixeberorg"a daxil olan yeni məlumatlarda isə bildirilir ki, konkret bir rayon icra hakimiyyətində çalışan şəxslər QHT layihələrinin hazırlanması və idarə olunmasında iştirak edirlər. Bu, artıq təkcə etik məsələ deyil, həm də dövlət qulluğunun prinsipləri və maraqlar toqquşması baxımından araşdırılmalı suallar yaradar.

Burada cavab gözləyən əsas sual budur: dövlət qulluqçusunun vəzifə səlahiyyətləri ona hansısa QHT-lərin layihəsini hazırlamağa, maliyyə əməliyyatlarını idarə etməyə və ya həmin təşkilatların fəaliyyətində faktiki iştirak etməyə imkan verirmi?

Əgər cavab "xeyr"dirsə, belə halların qarşısı necə alınır? Yox əgər"bəli"dirsə, bunun hüquqi əsası nədir?

Bu suallar yalnız bir rayon icra hakimiyyəti və ya bir qurumla məhdudlaşmır. Redaksiyamıza daxil olan məlumatlarda oxşar halların başqa dövlət qurumlarında da baş verdiyi bildirilir. Həmin məlumatlar yalnız səlahiyyətli dövlət orqanlarının araşdırması ilə tam müəyyən edilə bilər.

Əslində elə görünür ki, qeyd edilənlər nəzarətsizlik səbəbindən baş verir. Əksinə, bu məsələlər məhz QHT-lərə Dövlət Dəstəyi Agentliyi tərəfindən koordinasiya olunur. Hətta QHT-lərə Dövlət Dəstəyi Agentliyinin rəhbərliyində təmsil olunan şəxslərdən birinin birbaşa təlimatları və tapşırıqları ilə bu məsələlər hər gün əlaqələndirilir.

Bizim məlum resurslarımız olmadığından hələ ki, bu şəbəkənin tam çevrəsini müəyyən edə bilmirik, əvvəldən adları sadalayıb məsələnin hüquqi məsuliyyətini də öz üzərimizə götürmək istəmirik. Odur ki, aidiyyəti qurumlar bu məsələləri hərtərəfli araşdırmalı, faktları üzə çıxarmalıdır. Təbii ki, biz də bəzi dəqiqləşdirmələrdən sonra konkret adlarla, detallı geniş yazı hazırlayacağıq. (Yenixeberorg.com)

Qarşı tərəfin cavab haqqını tanıyırıq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru