ƏMƏVİ ZEHNİYYƏTİNİN ÇƏNLİBEL SƏFƏRİ - Şah İsmayıldan Koroğluya uzanan intriqa
Bu gün, 17:35

II YAZI
Bəlkə də mövzudan kənara çıxmaq kimi görünəcək, ancaq dəyərli oxucularım üçün Türk və yunan eposlarında, mifoloji dünyagörüşlərində çox rast gəlinən bənzərliklərə, az qala bir-birinin paraleli olan hadisələrə kiçik bir aydınlıq gətirməkdə yarar görürəm. Yoxsa oxucu üçün qaranlıq qala bilər ki, fərqli dil ailələrində təmsil olunan, fərqli genetik kodlara sahib bu iki qədim xalqın eposlarında, mifoloji dünyagörüşündə bu qədər paralelliyin, yaxınlığın səbəbi nədir? Əvvəlcə iki xalqın mifoloji görüşlərindəki bənzərliklərə baxaq...
1-ci yazımızda epik dastanların və mifologiyanın ən fundamental arxetiplərindən olan “ata və oğul qarşıdurması” - nəsillərin savaşı motivinə geniş şəkildə aydınlıq gətirmişik. Ortaya qoyulan faktlardan gördük ki, kelt, german və irani xalqların eposlarında “ata-oğul” qarşıdurmasında qalib tərəf hər zaman “köhnə qvardiya”, yəni ata olub. Türk xalqlarının mifologiyasında isə yeniliyi təmsil edən, xalqı gələcəyə aparacaq olan qalib tərəf kimi oğul təqdim olunur. Bunun səbəbi artıq oxucuya aydındır. Yunan mifologiyasında da bu tendensiya hakimdir. Əgər digər mifoloji bənzərliklər olmasaydı, biz bunu təsadüf saya bilərdik. Ancaq iki xalqın mifologiyasında o qədər bənzərliklər var ki, bu, artıq qanunauyğunluq kimi görünür. Gəlin həmin bənzərliklərə baxaq və bunun səbəbini araşdıraq.
TÜRK VƏ YUNAN MİFOLOGİYALARINDA HEYRANEDİCİ PARALELLƏR
Bu iki fərqli coğrafiya və mədəniyyət arasında çox təəccüblü oxşarlıqlar var. Onlardan ən məşhurları bunlardır:
1. Təpəgöz (“Dədə Qorqud”) və Siklop/Polifem (“Odisseya”) - hər iki eposda da ortaq simvolizm, süjet xətti üst-üstə düşür. Həm Təpəgöz, həm də Siklop/Polifem alnında tək gözü olan, insan əti yeyən div obrazındadır. Hər iki süjetdə qəhrəman (Basat və Odissey) divin gözünü qızdırılmış şişlə kor edərək mağaradan qoyun dərisinə bürünüb qaçır;
2. Dəli Domrul (“Dədə Qorqud”) və “Alkesta və Admet” mifi - bu iki bənzər hadisə həyat yoldaşı üçün canını fəda etmək motivi üzərində qurulub. Əzrayıl Domrulun canını almağa gələndə atası və anası canını vermir, amma xanımı öz canını verməyə razı olur. Yunan mifologiyasında Admet üçün eyni fədakarlığı xanımı Alkesta edir;
3. Asena/Bozqurd və Romul/Rem mifi (Yunan təsirli Roma mifi) - körpə qəhrəmanın dişi qurd tərəfindən mağarada əmizdirilərək xilas edilməsi və yeni bir xalqın, imperiyanın əsasının qoyulması;
4. Tulpar (Qanadlı atlar) və yunan mifologiyasındakı Pegasus - qəhrəmanların göylərdə uçan, onlara döyüşdə kömək edən müqəddəs qanadlı atlarıdır.
Bu cür çox sayda paralellər saymaq olar. Şəxsən mən özüm iki xalqın folklorunda paralellik təşkil edən, bir-birinin bənzəri olan 12 belə hadisəni müəyyən edə bilmişəm, ancaq bu cür bənzərliklərin, ortaq motivlərin sayı yüzlərcədir.
İKİ FƏRQLİ MƏDƏNİYYƏTDƏ NİYƏ BU QƏDƏR PARALELLƏR VAR?
Bu paralellərin iki əsas səbəbi göstərilir:
- birincisi, coğrafi təmas və mədəniyyətlərin sintezi: mütəxəssislərin fikrinə görə, türklərin Anadoluya və Aralıq dənizi hövzəsinə gəlişi ilə qədim sivilizasiyaların folkloru bir-birinə qarışıb;
- ikincisi isə, İsveçrə psixoloqu Karl Yunqun dediyi “kollektiv şüuraltı” - yəni bəşəriyyət, coğrafiyadan asılı olmayaraq, eyni qorxuları, ümidləri və keçid mərhələlərini eyni simvollarla ifadə edir.
Mifologiyadakı bu ortaqlıqlar içində xüsusilə Təpəgöz və Siklop (Polifem) müqayisəsi onilliklərdir dünya alimlərini düşündürür. Hətta bəzi alimlər Homerin bu süjeti qədim türk tayfalarından eşitdiyini iddia edirlər. Biz burada Basatın Təpəgözü öldürməsi ilə Odisseyin Polifemi kor etməsi arasındakı incə fərqləri və türk təfəkkürünün burada özünü necə göstərdiyini aça bilərik. Həmçinin Türk və yunan mifologiyalarında digər paralellərə də geniş şəkildə toxunub, oradakı həm oxşar, həm də fərqli məqamlara toxuna bilərik. Amma bu, tamam fərqli bir mövzudur, bu mövzuya ayrıca bir yazımızda əhatəli şəkildə aydınlıq gətirəcəyik. Bu yazımızda türk-yunan mifoloji paralelliyinə və bu paralelliyin kontekstində Koroğlu-Kurdoğlu qarşıdurmasına geniş yer verməyimiz həm Koroğlunun nədən Kurdoğluna yenildiyinə aydınlıq gətirmək, həm də bu paralelliyin əsl səbəbini ortaya qoymaqdır.
Yuxarıda göstərdiyim kimi, mütəxəssislər belə oxşar fraqmentlərin iki əsas səbəbindən bəhs edirlər. Mənim fikrimcə, Karl Yunqun “kollektiv şüuraltı” tezisi o qədər də inandırıcı görünmür. Biz bunu digər qədim eposlardakı “ata-oğul qarşıdurması” arxetipində də görürük. Məsələn, qədim kelt, german və Hind-İran (ari) ənənələrində tamam fərqli motivlərin ön plana çıxması məsələnin “kollektiv şüuraltı” tezisindən yox, epik ənənə və silsiləşmə qanununun tələbindən, bir az daha açıq ifadə etsək, hər xalqın öz mifoloji dünyabaxışından qaynaqlandığını söyləyə bilərik. Deməli, Türk-yunan mifoloji paralellərinin əsas səbəbi davamlı coğrafi təmas və qədim sivilizasiyaların folklorunun sintezidir.
O zaman ortaya sual çıxır: əgər bütün bu paralellər coğrafi təmas və mifologiyaların sintezinin nəticəsidirsə, türklər və yunanların təması da, Fazil Mustafa və onun kimilərin iddia etdiyi kimi, Səlcuqluların gəlişindən sonra, XI əsrdə gerçəkləşibsə, Homer dövrü və qədim türk mifologiyasındakı bənzərlikləri necə izah edə bilərik? Bu sualın bir tək cavabı var: yunanlar və türklər bir-birini Səlcuqlulardan ən az 2000 il əvvəl tanıyırdılar! Yunanlar o vaxt türklərə skif deyirdilər. Sübutmu? Buyurun!
Malazgirt savaşı haqqında yazan Bizans tarixçisi Mixail Attaliat (savaşda iştirak edib) Bizans ordusunda pullu əsgər olan peçenek və uzları birbaşa “Skif xalqı” adlandırır. O, bu döyüşçülərin qarşı tərəfdəki səlcuqluların dilini və geyimini görüb “imperatora xəyanət etmələrini” təsvir edərkən yazır:
“Bizim tərəfimizdə olan skiflər (uzlar və peçeneklər) öz soydaşları olan digər skiflərin (səlcuqlu türklərinin) tərəfinə keçdilər.”
Bu fakt bir daha sübut edir ki, Bizans mənbələri həm səlcuqluları, həm də uz-peçenekləri eyni kökdən gələn vahid bir etnik və hərbi kütlə - yəni türk dünyası kimi görür və onları ortaq şəkildə “skif” adlandırırdı. Skiflər isə bu coğrafiyada, yunanlarla qonşuluqda ən az 3000 il öncə yaşayıblar. Bax, Türk və yunan mifologiyasındakı paralellərin səbəbi birbaşa coğrafi təmas və fərqli folklorların sintezidir. Sizcə, yüksək intellekt sahibi (mən buna şübhə etmirəm) Fazil Mustafa bu qədər açıq-aşkar faktları bilmir; bilgisizlikdən deyir ki, türklər bu coğrafiyaya XI əsrdə səlcuqlularla gəlib? Fazil Mustafa belə dərin və mənəvi keçmişi görmür ki, deyir, 1918-ci ilə qədər olan bütün tariximiz qaranlıqdır? Bilir və görür! Amma O, İNDİKİ MÖVQEYİNDƏ OLMAĞA MƏCBURDUR, ÇÜNKİ MİSSİYA ADAMIDIR, QARŞISINA QOYULAN TƏLƏB ÜZRƏ MİSSİYA HƏYATA KEÇİRİR!
İKİ SAXTAKAR CAHİLİN CƏHALƏTİ
Qayıdaq əsas mövzumuza...
Vasif Efendi adlı şəxsin öz statusunda ”Koroğlu” dastanının süjetində hər hansı bir yadelli ilə döyüşləri varmı, yoxsa ancaq türk paşaları ilə döyüşüb?” sualını verməsi hər şeydən öncə dastanının tarixi-coğrafi konteksti və bədii süjet xətləri haqqında yetərsiz məlumata sahib olduğunu göstərir. Və bu bilgisizliyi, cəhaləti onu Koroğlunu türk düşməni kimi qələmə verməyə sürükləyib. Adama tapşırıq verilib: Koroğlunu düşmən kimi göstər! O da cahildir və dastan haqqında səthi bilik sahibi olduğundan belə bir sualla ortalığı qarışdırır; elə zənn edir ki, ortaya böyük bir təkzibedilməz iddia qoyub.
Sərdar Cəlaloğlu kimi tərbiyəsiz və avantürist birinin mövqeyi isə daha bərbaddır. Vasif Efendi heç olmasa sual verir və guya nəyisə öyrənmək istədiyini çatdırır. Sərdar isə birbaşa ittiham edir. Baxın nə deyir bu avantürist:
“Koroğlu deyib ki igidlik ondur, doqquzu qaçmaqdır, gizlənməkdir. Yaxşı, Qarabağ müharibəsi zamanı əsgərlərimiz həmin deyimi əsas götürsəydi, vuruşardılarmı? Xeyr! Biz Şah İsmayılı, Səfəviləri özümüzünkü hesab ediriksə, gərək Koroğlunu qadağan edək. Bizim əlimizdə olan “Koroğlu” dastanında o, türk sultanlarını, xanlarını qırır. Türk hakimiyyətinə qarşı mübarizə aparır. Bizdəki variant erməni variantıdır. O dildən tərcümə olunub. Tərcüməçisi Təhmasibdir. Xalq niyə bu gündədir? Çünki sağını-solunu tanıya bilmir. Dostunu, düşmənini bilmir. Koroğlunun tarixdə bir dənə qəhrəmanlığı yoxdur, əsas qəhrəmanlıq edənlər onun ətrafındakı dəlilərdir.”
Əvvəla, dastanda Koroğlu təkcə yerli feodallarla, xan və paşalarla deyil, həm də yadelli işğalçılara və qeyri-türk hakimlərə qarşı da döyüşür. Məsələn, Ərəb Reyhanla savaşı və Gürcüstan səfərləri, Rum torpaqlarına olan səfərlər fərqli etnik mənsubiyyətə malik hakimlərə qarşı mübarizə apardığını da göstərir. İkincisi, “Koroğlu” dastanının motivi fərqlidir...
FƏRQLİ MOTİVƏ SAHİB QƏDİM TÜRK DASTANLARI
Qədim türk dastanları mövzularına görə iki əsas qrupa ayrılır:
- xarici düşmənlərə qarşı milli mübarizəni əks etdirən dastanlar;
- və daxili ictimai problemləri, sosial ədalət uğrunda mübarizəni işıqlandıran dastanlar.
1. Milli mübarizə və yadelli işğalçılara qarşı mübarizə dastanları
Bu dastanlarda türk tayfalarının öz torpaqlarını qoruması, müstəqillik uğrunda xarici düşmənlərlə (çinlilər, iranlılar, bizanslılar və s.) apardıqları döyüşlər ön plana çəkilir. Bu dastanlara misal olaraq aşağıdakıları göstərə bilərik:
- “Alp Ər Tonqa” dastanı: Türk-İran müharibələrini və sak hökmdarı Alp Ər Tonqanın yadelli işğalçılara qarşı qəhrəmanlıqlarını tərənnüm edir;
- “Oğuz Xaqan” dastanı: Türk tayfaları birliyinin yaradılması, vətən torpaqlarının genişləndirilməsi və xarici qüvvələrin tabe edilməsi ideyasını daşıyır. Amma bu dastanda daxili ixtilaflara da yer verilib. Məsələn, tək Tanrı inancında olan Oğuz xaqan bütpərəst atası Qara xanla mübarizə aparır. Vasif Efendi və Sərdar kimi siyasi dəllalların məntiqi ilə məsələyə yanaşsaq, Oğuz xaqanı da tariximizdən silməliyik, çünki atasına qarşı çıxıb. Ancaq bu faktın özü göstərir ki (eynilə “Manas” dastanında olduğu kimi), bir türk qəhrəmanı üçün xalqının, vətəninin taleyi onu dünyaya gətirən atasından da öndə durur. Bir türk üçün vətən və millət hər şeydən, hətta qan bağından da üstündür. Türk epik təfəkküründə qəhrəmanın formalaşması və onun missiyası fərdi deyil, kollektiv xarakter daşıyır. Bu missiyanı o qəhrəmanın çiyinlərinə qoyan TÜRKÜN TANRISIDIR! Bunu Fazil Mustafa, Vasif Efendi və avantürist Sərdar, digər əməvi simpatizanları anlamaya bilərlər, amma bu bizim ən az 6000 illik həyat fəlsəfəmizdir. Bu fəlsəfədən kənar Türk yoxdur və ola da bilməz!
- “Şu” dastanı: Saka türklərinin hökmdarı Şunun Makedoniyalı İskəndərin yürüşlərinə qarşı qəhrəmancasına müqavimətini mövzu alır;
- “Bozqurd” və “Ərgənəkon” dastanları: Göytürklərin çinlilər tərəfindən məhv edilməsi təhlükəsinə qarşı milli varlığı qorumaq, yenidən dirçəlmək və azadlıq qazanmaq mübarizəsindən bəhs edir;
- “Köç” dastanı: Uyğurların çinlilərin hiylələrinə qarşı mübarizəsini və yurdlarını tərk etmək məcburiyyətində qalmalarının faciəsini işıqlandırır.
2. Sosial ədalət və feodallara qarşı mübarizə dastanları
Bu dastanlar daxili sinfi ziddiyyətləri, xalqın feodal zülmünə, ədalətsiz idarəçiliyə və sosial bərabərsizliyə qarşı etirazını əks etdirir. Bu motivdə olan dastanlara aşağıdakılar aiddir:
- “Koroğlu” dastanı: sosial ədalət və feodal zülmünə qarşı mübarizənin ən bariz nümunəsidir. Xalqı soyan paşalara, bəylərə, xanlara qarşı Koroğlunun Çənlibeldə qurduğu hərəkat tamamilə ictimai bərabərsizliklə mübarizəyə əsaslanır. Yəni dastan sosial ədalət motivi üzərində qurulub. Dastan ilk növbədə milli yox, sosial ədalət və anti-feodal xarakter daşıyır. Koroğlu milliyyətindən asılı olmayaraq məzlumların yanında yer alır, zalım şah, xan, xotkar və paşalara qarşı vuruşur. Tarixi olaraq bu hərəkat (Cəlalilər üsyanı) həm Osmanlı, həm də Səfəvi imperiyaları ərazisindəki yerli istismara qarşı yönəlmişdi. Koroğlunun sosial-ədalət uğrunda mübarizəsi məhz onun göstəricisidir ki, bir türk xarici istilaya qarşı necə mübarizdirsə, milli və sinfi mövqeyindən asılı olmayaraq, hər zaman haqqın və məzlumun yanındadır. Bu da Tanrı tərəfindən o qəhrəmanın çiyinlərinə qoyulmuş missiyadır!
- “Kitabi-Dədə Qorqud” dastanı: dastan əsasən xarici düşmənlərlə mübarizəni (məsələn, Qazan bəyin boyları) əks etdirsə də, bəzi boylarında daxili feodal çəkişmələr ifşa olunur. Xüsusilə “İç Oğuzun Daş Oğuza asi olduğu boy” daxili idarəetmə böhranını və ədalət axtarışını göstərir;
- Qazax, qırğız və qaraqalpaq dastanları (məsələn, “Kurmanbek”, Karabek-batır” və “Xan Kənəsarı”): Bu dastanlar xarici işğalçılara qarşı qəhrəmanlıq eposu olsa da, yuxarıda sadalanan digər bəzi dastanlar kimi, xüsusi qollarında yerli xanların və feodalların yoxsul xalqa verdiyi zülmlər, onlara qarşı xalq qəhrəmanlarının apardığı daxili mübarizə də xüsusi yer tutur;
- “Manas” dastanı: mən bu dastanı “Dədə Qorqud”la birlikdə bütün qədim türk dastanlarının baş əsəri hesab edirəm. Bu səbəbdən, xalqı üçün doğma atası Yakub xanla savaşmağı belə gözə alan Manas haqqında ayrıca yazı yazıb dəyərli oxucularımı bilgiləndirəcəm.
SƏRDAR CƏLALOĞLUNUN NÖVBƏTİ YALAN VƏ SAXTAKARLIĞI, FOLKLORUMUZLA BAĞLI SƏRSƏMLƏMƏSİ
Azərbaycan siyasi arenasında ən saxtakar adam Sərdar Cəlaloğludur. Onun hər açıqlaması yalan və saxtakarlıq üzərində qurulur. Koroğlu ilə bağlı açıqlamaları da istisna deyil. Sərdar elə başa düşür ki, hamı onun kimi savadsızdır və kimsə onun yalanlarını araşdırmayacaq.
Əvvəla onu qeyd edim ki, “Koroğlu” dastanı, bu saxtakar partiya sədrinin iddia etdiyi kimi, əsla erməni dilindən tərcümə olunmayıb. “Koroğlu” dastanı bütün türk dünyasının, o cümlədən Azərbaycan xalqının əsrlər boyu yaratdığı, yaşatdığı qəhrəmanlıq eposudur. Dastanın mənşəyi və yayılması haqqında onu deyə bilərik ki, o, Azərbaycan, Türkiyə, Türkmənistan və digər türk xalqlarının şifahi xalq yaradıcılığının ortaq məhsuludur.
Azərbaycanda dastan nəsildən-nəslə aşıqların dilindən gəlib çatıb və elmi şəkildə dərindən araşdırılıb. Fəlsəfi və ya tarixi əsası olmayan, guya dastanın erməni dilindən tərcümə olunduğu və ya hansısa erməni tərəfindən yaradıldığı iddiası tamamilə əsassızdır, uydurmadır və bunu ancaq Sərdar kimi gerizəkalıdan gözləmək olar.
S. Cəlaloğlunun səsləndirdiyi fikirlər Azərbaycan tarixçiləri, ədəbiyyatşünasları və folklorşünasları tərəfindən birmənalı olaraq rədd edilir və elmi əsası olmayan sərsəm iddialar sayılır. Folklorşünas alimlər bu fikirlərə qarşı konkret faktlar təqdim edirlər.
Gəlin S. Cəlaloğlu və onun kimilərin sərsəm iddialarını elmi izahlara dayanaraq əsassız olduğunu ortaya qoyaq. Onun “Koroğlu” dastanı və onun tərtibatçısı Məmmədhüseyn Təhmasib barədə səsləndirdiyi iddialar Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutu və aparıcı folklorşünas alimlər tərəfindən rəsmi və elmi şəkildə kəskin etirazla qarşılanmış və tamamilə təkzib olunmuşdur. Alimlərin bu iddiaya qarşı irəli sürdüyü əsas elmi dəlillər və cavablar aşağıdakılardır:
1. “Erməni variantından tərcümə” iddiasına cavab
- Folklor İnstitutunun alimləri bildirir ki, Məmmədhüseyn Təhmasib tərcüməçi deyil və dastanı tərcümə etməyib. O, Azərbaycanın müxtəlif bölgələrindən, eləcə də kəndlərdəki yaşlı aşıqların dilindən toplanmış folklor materiallarını bir yerə yığıb, sistemləşdirib və elmi nəşrə hazırlayıb;
- “Təbrizyan” uydurması: bəzi iddialarda dastanı erməni mənşəli birinin yazdığı deyilsə də, Folklor İnstitutunun Aşıq sənəti şöbəsinin müdiri Elxan Məmmədli qeyd edir ki, bu tamamilə uydurmadır, “Koroğlu” dastanının İrəvan variantı kimi tanınan mətnləri mövcuddur, amma bu variantlar Azərbaycan variantından çox sonralar, Azərbaycan aşıq sənətindən təsirlənərək yaranmış və köçürülmüş variantlardır.
- Paris və Tiflis nüsxələri: Dastanın ən qədim əlyazmaları (məsələn, 1856-cı ilə aid Tiflis nüsxəsi) dastanımızın erməni dilinə heç bir aidiyyəti olmadığını, onun təmiz Azərbaycan türkcəsində və aşıq yaradıcılığı ənənəsində formalaşdığını sübut edir.
2. “İgidlik ondur, doqquzu qaçmaqdır” deyiminə münasibət
Koroğluşünas alim İslam Sadıq və digər folklorşünaslar qeyd edirlər ki, bu ifadə Koroğlunun xarakterini əks etdirən fəlsəfə deyil. Bu, qədim türk hərb sənətində (məsələn, “Turan taktikası”) düşməni aldatmaq üçün tətbiq edilən strateji geriçəkilmə fəndidir və qorxaqlıqla heç bir əlaqəsi yoxdur.
***
Hesab edirəm ki, Koroğlunun qorxaqlığına və acizliyinə dair sübut kimi irəli sürülən və bu gün ata sözü kimi də geniş istifadə olunan “İgidlik ondur, doqquzu qaçmaq, biri isə heç gözə görünməməkdir” deyiminə daha ətraflı açıqlıq gətirmək qədim hərb tariximizi bilmək baxımından da çox önəmlidir.
SKİF HÖKMDARINDAN ƏHƏMƏNİ ŞAHI DARAYA SƏRT CAVAB
Bu deyim dastanda Koroğlu tərəfindən ifadə edilsə də, bu onun acizliyinə işarə deyil, alimlərimizin də dediyi kimi, daha qədim köklərə sahibdir. Belə ifadələrin görünməyən tərəfi, arxasında yatan dərin məna var. Bu ata sözü qədim türk hərb taktikasına (“Dədə Qorqud” eposunda da buna bənzər ifadələr var.) aid edilir. Burada söhbət qorxaqlıqdan yox, düşməni aldatmaq üçün geri çəkilmək (“Turan taktikası”) və qüvvələri düzgün bölüşdürmək strategiyasından gedir.
Müasir hərb sənətində “Blitzkrieg” (“İldırım sürətli müharibə”) deyilən termin var: rəqibi qəfil, sürətli və sarsıdıcı zərbələrlə qısa müddətdə məğlub etməyi hədəfləyən hərbi strategiyadır. Qədim türk hərbi taktikası olan “Turan taktikası” (buna “Kurt kapanı” və “Hilal taktikası” da deyilir) ilə oxşar cəhətləri çoxdur, daha doğrusu, qədim türk taktikasından təsirlənərək yaradılıb, ancaq onun əksinə, fərqli istiqamətdə qurulur. “Blitzkrieg” çox sayda silah və canlı resursla hücum edərək qısa müddətdə rəqibi məhv etməkdirsə, “Turan taktikası” az sayda qüvvə ilə çox sayda düşməni məhv etməkdir. Hər ikisinin ən başlıca oxşar cəhəti hərbi hiyləgərlik yolu ilə düşməni çaşdırıb məğlub etməkdir.

“Turan taktikası” iki cür həyata keçirilirdi. Sayca düşməndən az olsan da, onu nəzərdə tutduğun yerə çəkib məğlub edəcəyinə əminsənsə, “A” planı həyata keçirilir. Bu planın qısa xülasəsi belədir: əvvəlcə mərkəzdən hücum, sonra saxta geri çəkilmə və cinahlardan düşməni əhatə etmə, cinahlar düşməni kifayət qədər çevrələyə bilibsə, geri çəkilən mərkəz qüvvələr də geri dönür və hər tərəfdən düşmən ox atəşinə tutulurdu. Bu taktikada düşmənlə aradakı məsafə 350 metrdən az olmurdu. Çünki türklərin gəlişmiş ox və yayları 500-600 metr məsafəni rahatca vura bilirdi. Bu cür silah yalnız türklərdə vardı, onların düşmənləri isə 200-250, nadir hallarda 300 metr məsafəni vura bilən silahlara sahib idilər. Bu texnoloji üstünlük sayəsində 30 minlik Türk Ordusu 100-150 minlik düşməni rahat şəkildə məğlub edirdi.
Əgər düşmən üzərində qəti qələbəyə əmin deyildilərsə, türklər taktikanın “B” planına keçirdilər. Bu, müasir hərb elmində “Yandırılmış torpaq” və ya “Partizan müharibəsi” adlanır. Bu taktikanı tarixdə ilk dəfə tətbiq edən Skif hökmdarı olub - Qnur şahın oğlu, Tarqitayın nəvəsi İdantir 30 minlik qoşunu ilə fars hökmdarı Daranın 700 minlik ordusuna qarşı məhz bu taktika sayəsində zəfər əldə edib.
Eramızdan əvvəl 513-cü ildə gerçəkləşən bu savaş Herodotun “Tarix”ində ən incə detallarına qədər qələmə alınıb. Dara İdantirə xəbər göndərərək deyib ki, ey Turan hökmdarı, məndən qaçma, qaçmaqdan utanmırsan, qarşıma çıx və mənimlə döyüş!
İdantirin cavabı geçikmir: “Ey Pers hökmdarı, bir ovuc insanın üstünə 7 dəfə yüz min ordu ilə gələn adammı bizi qorxaqlıqda qınayır? Biz zatən səninlə döyüşürük və əmin ol ki, sonda zəfər qazanan biz olacağıq...”
“İgidlik ondur, doqquzu qaçmaq, biri isə heç gözə görünməməkdir” acizlik yox, möhtəşəm bir hərbi taktikanın təməl prinsipidir. Və bu prinsip ilk dəfə ulu babamız, Skif hökmdarı, Tarqitayın nəvəsi, Qnurun oğlu İdantir tərəfindən Pers hökmdarı Daraya qarşı tətbiq edilib. Daha ətraflı növbəti yazımızda...
ARDI VAR
Fərəməz Novruzoğlu

