ROMANOVLAR SÜLALƏSİNİN ƏN GÖZƏL VƏ MÜLAYİM MƏLƏYİ: MARİYA NİKOLAYEVNA
Bu gün, 17:04

Hörmətli qrup üzvləri bu gün sizə Rusiya imperiyasının sonuncu çarı II Nikolayın üçüncü qızı, gözəlliyi, sonsuz xeyirxahlığı və mərhəməti ilə tarixdə silinməz iz qoyan Böyük Knyajna Mariya Nikolayevna Romanovanın qısa, lakin hüzünlü və dramatik taleyindən ətraflı bəhs etmək istəyirik. ✨
26 iyun 1899-cu ildə Peterhofda doğulan Mariya, ailənin bəlkə də ən dinc, səmimi və sevilən uşağı idi. İri, dərin və işıqlı mavi gözləri var idi. Ailə daxilində bu heyranedici gözləri "Mariyanın nəlbəkiləri" (Машкины блюдца) adlandırırdılar. Cazibədar təbəssümü və mülayim xarakteri ilə hər kəsin qəlbini fəth edirdi. Bacısı Anastasiya ilə o qədər ayrılmaz idilər ki, sarayda onlara "Kiçik Cütlük" (Малая пара) deyirdilər. Onlar eyni otağı bölüşür, eyni geyimləri geyinir və demək olar ki, bütün günlərini bir yerdə keçirirdilər.

Bir imperator qızı, dünyanın ən zəngin sülalələrindən birinin nümayəndəsi olmasına baxmayaraq, anası Aleksandra Fyodorovnanın sərt alman tərbiyə qaydalarına görə çox sadə böyümüşdü. Qızlar dəbdəbəli çarpayılarda deyil, sadə ordu çarpayılarında yatır, hər sabah soyuq su ilə yuyunurdular. O dövrün qaydalarına əsasən Mariya heç bir ali təhsil almadı. Lakin saray daxilində dövrünün ən mükəmməl fərdi təhsilini gördü: fransız, ingilis və alman dillərini mükəmməl öyrəndi, musiqi, teatr və rəsmlə məşğul oldu. Onun ən böyük hobbilərindən biri isə fotoqrafiya və gizlicə gündəlik yazmaq idi. Onun çəkdiyi rəngli ailə fotoları bu gün də tarixin qiymətli arxivlərində qorunur.
1914-cü ildə Birinci Dünya Müharibəsi başlayanda Mariyanın cəmi 15 yaşı var idi. Yaşı az olduğu üçün böyük bacıları Olqa və Tatyana kimi birbaşa cərrahiyyə əməliyyatlarında iştirak edən rəsmi tibb bacısı ola bilmədi. Lakin o, Tsarskoye Selodakı hərbi xəstəxananın rəsmi himayədarı seçildi. Anastasiya ilə birlikdə hər gün xəstəxanalara gedir, yaralı əsgərlərlə söhbət edir, onlara mənəvi dəstək olur, qumar və stolüstü oyunlar oynayır və savadsız əsgərlərin evlərinə, ailələrinə məktublar yazırdı. Cəbhədən gələn ağır yaralı əsgərlər bu səmimi, sadə və heç bir təkəbbürü olmayan gənc qızı ürəkdən sevir, onu sanki bir xilaskar mələk kimi görürdülər.
1917-ci il inqilabından sonra çar II Nikolay taxtdan imtina etdi və ailə üçün qaranlıq, dözülməz günlər başladı. Əvvəlcə Tobolsk şəhərinə, daha sonra isə Yekaterinburqdakı qorxunc "Xüsusi Təyinatlı Evə" – İpatyev evinə sürgün olundular. Mariya sürgündə, ən ağır məhrumiyyətlər içində belə ümidini və mülayimliyini itirmirdi. O, öz səmimiyyəti ilə hətta bolşevik nəzarətçilərin və keşikçi əsgərlərin belə rəğbətini qazanırdı.
Hətta tarixi sənədlərə görə, Mariya İpatyev evində keşikçi olan İvan Skoroxodov adlı gənc bolşevik əsgərlə səmimi dostluq münasibəti qurmuşdu. Mariyanın 19 illik ad günündə (iyun 1918) Skoroxodov ona gizlicə ad günü tortu gətirmişdi. Lakin bu yaxınlığı sezən bolşevik komandirləri dərhal həmin keşikçini və onunla birlikdə bir neçə nəfəri vəzifədən uzaqlaşdırdı, ailəyə qarşı həbs rejimini və nəzarəti daha da qəddarlaşdırdı.
17 iyul 1918-ci ilə keçən gecə bolşevik komandir Yakov Yurovskinin rəhbərliyi ilə ailə fəlakətə sürükləndi. Onları fotoşəkil çəkdirmək bəhanəsi ilə İpatyev evinin dar və qaranlıq zirzəmisinə düşürdülər və dərhal edam hökmü oxunaraq vəhşicəsinə atəş açıldı.
Paltarlarına və korsetlərinə gizlicə tikilmiş brilyantlar, mirvarilər və digər qiymətli daşlar güllələrin sürətini azaltdığı üçün Mariya və bacıları ilkin atəşdən sağ çıxdılar. Zirzəmidəki tüstü və qışqırıqlar içində dumanın çəkilməsini gözləyən zalım mühafizəçilər, qızların hələ də sağ olduğunu görəndə daha da qəddarlaşdılar. Mariya süngülərlə ağır yaralandı və sonda baş nahiyəsinə yaxın məsafədən açılan atəşlə qətlə yetirildi.
Cəmi 19 il yaşayan, heç bir siyasi intriqada iştirak etməyən bu saf və günahsız gənc, ölümündən sonra da rahatlıq tapmadı. Onun və qardaşı Alekseyin cəsədləri digər ailə üzvlərindən ayrı basdırıldığı üçün uzun illər tapıla bilmədi. Yalnız 2007-ci ildə aparılan arxeoloji qazıntılar nəticəsində Mariyanın qalıqları tapıldı və DNT analizləri ilə onun şəxsiyyəti rəsmən təsdiqləndi.
2000-ci ildə Rusiya Ortodoks Kilisesi tərəfindən Mariya və bütün ailə üzvləri günahsız yerə qətlə yetirildikləri üçün rəsmən "müqəddəs" (страстотерпцы) elan edildilər.
Elsen Telebe

