İslam Respublikası ilə İslam Əmirliyinin müharibəsi
16-10-2025, 11:14

Pakistan İslam Respublikası ilə Əfqanistan İslam Əmirliyi arasında hərbi toqquşma iri miqyaslı müharibəyə çevrilmək ərəfəsindədir. Pakistanda urdu dilində yayımlanan Samma Televiziyasının məlumatına görə, Pakistan hərbi hava qüvvələri Əfqanistanın paytaxtı Kabilə raket zərbəsi endirib. Bundan başqa, məlumatda qeyd edilir ki, Pakistan ordusu Qəndəhar əyalətində Talibanın əsas sığınacaqlarına güclü zərbələr endirib, 4-cü Batalyonu və 6-cı Sərhəd Briqadasını “uğurla məhv edib”. Telekanalın mənbələrinə görə, Taliban-ın itkiləri 200-ü keçib.
Münaqişənin başlanmasına görə tərəflər biri-birini ittiham edir. Əfqanistanda İslam Respublikasını ləğv edib, yerində İslam Əmirliyi elan edən “Taliban” hərəkatının təmsilçiləri iddia edir ki, ilk olaraq Pakistan qüvvələri hücuma başlayıb. Əfqanistan qüvvələri buna cavab olaraq “çoxlu sayda Pakistan əsgərini” öldürüb, onların postlarını və hərbi texnikasını ələ keçirib. Pakistan hakimiyyəti isə öz növbəsində münaqişədə “Taliban”ı günahlandırır. İslamadın iddiasına görə, iki ölkə arasında son gərginlik oktyabrın 9-da Talibana bağlı Təhrik-e-Taliban Pakistan təşkilatının üzvülərinin sərhəddəki Kurram bölgəsində hərbi karvana hücumundan sonra başlayıb.
Təhrik-e-Taliban Pakistan təşkilatı Əfqanistanda olduğu kimi Pakistanda da İslam Respublikasını ortadan qaldırıb İslam Əmirliyi yaratmağa çalışır. Qurana istinad edən islamçılar respublika quruluşunun İslam dininə zidd olduğunu, hakimiyyətin xalqa deyil, Allaha məxsus olduğunu bəyan edirlər. Ona görə də İslam Respublikasını da şəriətə zidd quruluş hesab edirlər.
İkinci Qarabağ Müharibəsindən sonra siyasi islamın Azərbaycana ixrac güclənib. Buna görə Azərbaycanın Pakistan və Türkiyə də daxil olmaqla İslam ölkələrindən ixrac edilən siyasi islamın qarşısının sərt şəkildə alınmaısnın zəruri olduğu qənaətindyəm. Sonra çox gec ola bilər.
Xaqani Ceferli
TEREF

