Ölübsə, necə tibbi yardım göstərəcək? - İllərdir müzakirə olunan maddə
Bu gün, 09:48

Tiktoker İlduzə Hacıyevanın iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi və bu işə görə təqsirləndirilən şəxsin 5 il 2 ay müddətinə azadlıqdan mərhum edilməsi müzakirə mövzusuna çevrilib. Bir qismi cəzanı ədalətli, bəziləri isə ağır hesab edir.
Xitab24.az əvvəlcə onu xatırladır ki, İ.Hacıyevaya Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham olunub.
Ekspert rəyinə əsasən, İlduzə Hacıyevanın hadisənin qarşısını almağa texniki imkanı olub. Buna görə də, prokuror ona 5 il 9 ay həbs cəzası istəyib.
Məhkəmə isə təqsirləndirilən şəxsin hadisə yerindən qaçmasını, zərərçəkmişin hüquqi varisi ilə və ağır bədən xəsarəti almış zərərçəkmiş şəxsin özü ilə barışığın olmamasını, himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olmasını nəzərə alaraq onu qəti olaraq 5 il 2 ay müddətə azadlıqdan məhrum edib.
Bu işdə təbii ki, İlduzə Hacıyevanın işini daha da ağırlaşdıran Cinayət Məcəlləsinin 264-cü maddəsidir. Bu maddə isə tətbiq olunduğu ildən müzakirə mövzusudur.
Məsələ burasındadır ki, SSRİ dövründə Azərbaycan da daxil olmaqla, mütəffiq ölkələrin qanunvericiliyində yol-nəqliyyat hadisəsi törədən şəxsin hadisə yerindən qaçması cinayət məsuliyyti hesab olunmayıb. 1997-ci ildə isə Rusiyanın Cinayət Məcəlləsinə sürücünün hadisə yerindən qaçmasını cinayət məsuliyyəti hesab edən maddə əlavə olunub. Lakin bu maddənin ömrü cəmi 6 il çəkib. Normanın tətbiqi zamanı baş verən anlaşılmazlıqlar, çətinliklər, mübahisələr Rusiya Cinayət Məcəlləsinin 265-ci maddəsinin ömrünü qısa edib. Nəticədə 2003-cü ildə həmin maddə Rusiyanın cinayət qanunvericiliyindən çıxarılıb.
Bu maddə isə bizə Azərbaycanın cinayət qanunu yaradılarkən Rusiyanın Cinayət Məcəlləsindən baza kimi istifadə olunması nəticəsində keçib. Bu maddə zaman-zaman bir sıra mübahisələr yol açıb. Bunun nəticəsində sözügedən maddə Konstitusiya Məhkəməsində 2004-cü və 2012-ci illərdə müzakirə mövsuzu olub.
İş burasındadır ki, Cinayət Məcəlləsində vətəndaşlar tərəfindən törədilən əməlləri cinayət hadisəsi kimi qiymətləndirən maddələrin sayı 300-dən çoxdur. Bu maddələrlə nəzərdə tutulan hadisələrin təxminən yarısında təqsirləndirilən şəxsin hadisə yerindən qaçması imkanı var. Lakin bu maddələrin tələblərini pozan şəxslər hadisə yerindən qaçdıqda əlavə cinayət məsuliyyəti nəzərdə tutulmur. Bircə 263 və 263.1-ci maddələrindən başqa...
Bəzi hüquqşunaslar hesab edir ki, Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə nəzərdə tutulan yol-nəqliyyat hadisəsini törədən şəxsin hadisə yerindən qaçması onun təbii hüququ kimi qiymətləndirilməlidir. Onlar bunu qorxudan, psixoloji gərginliklən əlaqəli ola biləciyini düşünürlər.
Əksər hüquqşünaslar isə hadisə yerindən qaçan sürücünün cinayət məsuliyyətinə cəlb olunmasının vacibliyini xəsarət almış zərərçəkmişə tibbi yardım göstərilməsi zərurəti ilə əlaqələndirirlər. Lakin bəziləri bununla bir istisna halında razılaşmır. Razılaşmayanlar bildirir ki, əgər hadisə zamanı sürücü ölübsə, ona necə tibbi yardım göstərəcək? Hüquqşunaslar onu da əlavə edir ki, ölən şəxsin yaxınları hadisə yerində olan təqsirləndirilən şəxsə hüquqazidd əməllər törədə bilər və s.
Hüquqşunasların məntiqli müzakirəsində daha bir maraqlı məqam ortaya çıxır. Yuxarıda da qeyd etdiyimiz kimi, oğurluq, soyğunçuluq və bu kimi cinayətlər törədilməsi hallarında hadisə yerindən qaçma əlavə cinayət məsuliyyəti yaratmır. Amma məsələ burasındadır ki, bu kimi hadisələrin törədilməsi zamanı qaçan şəxslərin tapılması daha çox çətinlik yaradır.
Sürücünün hadisə yerindən qaçmasının ayrıca cinayət məsuliyyəti yaratmasının Avropa təcrübəsi də var.
Sürücünün ölümlə nəticələnən yol-nəqliyyat hadisəsindən sonra hadisə yerini tərk etməsi əksər Avropa ölkələrində ya ayrıca cinayət hesab olunur, ya da əsas cinayətə görə cəzanın ağırlaşdırılmasına səbəb olan mühüm davranış kimi qiymətləndirilir.
Məsələn İspaniyada 2019-cu ildə Cinayət Məcəlləsinə dəyişiklik edilərək qəza yerini tərk etmə ayrıca cinayət kimi təsbit edilib. Qanun həm ehtiyatsızlıqdan, həm də qəsdən törədilən qəzaları əhatə edir.
Fransada isə bu, uzun illərdir ayrıca cinayətdir. Məhkəmələr ölümə səbəb olan yol qəzalarından sonra qaçan sürücüləri həm ehtiyatsızlıqdan adam öldürmə, həm də qaçıb gizlənməyə görə ayrıca məsuliyyətə cəlb edirlər.
Almaniya da Cinayət Məcəlləsinin 142-ci maddəsi qəza yerini qanunsuz tərk etməyi cinayət hesab edir. Bu norma yalnız ölümlə nəticələnən hallara deyil, bütün yol qəzalarına şamil edilir, lakin ölüm hallarında onun tətbiqi xüsusilə ciddi nəticələr doğurur.
İtaliyada Yol Hərəkəti Məcəlləsinin 189-cu maddəsi sürücünün dayanmasını və zərərçəkənə yardım göstərməsini məcburi edir. Bu öhdəliyin pozulmasına görə ayrıca cinayət məsuliyyəti nəzərdə tutulur.
Avropa İnsan Hüquqları Məhkəməsi isə öz növbəsində hesab edir ki, yol hərəkəti sahəsində dövlətlərin sürücülərə xüsusi hüquqi öhdəliklər qoyması insan hüquqlarına zidd deyil. Məhkəmə avtomobil idarə edən şəxslərin ictimai təhlükəsizlik naminə müəyyən əlavə öhdəliklər daşıdığını qəbul edir.

