"Qanun imkan verərsə, hərəkət edəcəyik" - Nyu-York meri Netanyahunun həbsi məsələsini yenidən gündəmə gətirdi
Dünən, 10:34

Nyu-York meri Zöhran Mamdani bildirib ki, sentyabrda İsrailin baş naziri Benyamin Netanyahunun BMT Baş Assambleyasının sessiyasında iştirak etmək üçün Nyu-Yorka gələcəyi təqdirdə onun həbsinə nail olmağa çalışacaq.
Moderator.az xəbər verir ki, bu barədə o, "The New York Times" nəşrinə müsahibəsində deyib.
Mamdani bəyan edib ki, bununla bağlı meriyanın hüquq departamenti ilə fəal məsləhətləşmələr aparılır. O etiraf edib ki, Nyu-York polisinə xarici dövlət rəhbərinin saxlanılması barədə göstəriş vermək səlahiyyətinə malik olub-olmadığı hələ dəqiq deyil.
"Qanunun imkan verdiyi bütün addımları atacağıq. Ancaq bu məqsəd üçün yeni qanunlar uydurmayacağıq", - deyə mer bildirib. O, eyni zamanda, Netanyahunun yerinin "Haaqada olduğunu" və Beynəlxalq Cinayət Məhkəməsinin ona qarşı ittiham irəli sürdüyünü xatırladıb.
Netanyahudan sərt cavab
Mamdani ötənilki seçki kampaniyası zamanı da Netanyahunun Nyu-Yorka gələcəyi halda onun həbsinə çalışacağını bəyan etmişdi.
İsrailin baş naziri isə bu açıqlamalardan narahat olmadığını bildirib və Nyu-York merini HƏMAS-ı dəstəkləməkdə ittiham edib.
Netanyahunun sözlərinə görə, Mamdani İsraili - ABŞ dəyərlərini müdafiə edən yeganə demokratiyanı tənqid edir, əvəzində isə yəhudilərin məhv edilməsinə çağıran HƏMAS-a rəğbət göstərir. Baş nazir əlavə edib ki, yəhudilərə və İsrailə nifrət edənlər sonda Amerikaya da nifrət edirlər və Mamdaninin də ABŞ-a münasibəti barədə ciddi suallar yaranır.

