Sumqayıt vağzalında sərnişinlər donur - Gözləmə otağı 10°C!
17-01-2026, 10:24
Sumqayıt Dəmir Yolu Vağzalında gözləyən sərnişinlər soyuqdan əziyyət çəkirlər.
Patrul.az-a daxil olan məlumata görə, buna səbəb gözləmə otağında temperaturun normadan xeyli aşağı olmasıdır.
Redaksiyamıza daxil olan videogörüntüdə otağın divarında yerləşdirilən temperatur ölçən cihazın 10°C göstərdiyi aydın görünür.
Məlumat üçün bildirək ki, gözləmə otaqları üçün normativ temperatur adətən 18-22°C-i təşkil etməlidir. Bu baxımdan, qeydə alınan 10 dərəcəlik temperatur qapalı məkan üçün normal sayılmır və sərnişinlərin komfortu ilə yanaşı, sağlamlığı üçün də risk yarada bilər.
Belə şərait xüsusilə yaşlılar, uşaqlar, hamilə qadınlar və xroniki xəstəlikləri olan şəxslər üçün daha risklidir.
Sərnişinlər vağzalın idarə heyətindən gözləmə otaqlarında temperaturun normativ tələblərə uyğun səviyyəyə salınmasını xahiş edirlər.