Piyada keçidi zibilxanaya çevrilib - AAYDA şefi Saleh Məmmədov üçün FOTO - VİDEO

17-01-2026, 11:37           
Piyada keçidi zibilxanaya çevrilib -
Buzovna–Zağulba yolu, Zağulba pr 22 ünvanında bir neçə il əvvəl inşa edilən yerüstü piyada keçidi acınacaqlı vəziyyətdədir. Baxımsız qalan keçid və ətraf ərazi faktiki olaraq zibilxanaya çevrilib. Pilləkənlərdə və keçidin altında məişət tullantıları yığılır, işıqlandırma sistemi sıradan çıxıb, keçid tam nəzarətsiz vəziyyətdədir.

Bizimesr.az bildirir ki, Xəzər rayon Kommunal Təsərrüfat Birliyinin əməkdaşları həftənin müxtəlif günlərində keçidin qarşısındakı yol kənarını təmizləsələr də, yerüstü piyada keçidinin özünə və ətrafına toxunmurlar.

Kommunal işçilər bildirirlər ki, sözügedən keçid onların balansında deyil və Dövlət Avtomobil Yolları Agentliyinin (AAYDA) nəzarətindədir. Onların sözlərinə görə, təmizləmə və baxım işləri məhz həmin qurum tərəfindən aparılmalıdır.

Apardığımız dəqiqləşdirmələr zamanı məlum olub ki, rayon icra hakimiyyətləri yerüstü piyada keçidlərini balansına qəbul etmir. Səbəb isə kifayət qədər absurddur: bu keçidlər üçün əlavə işçi ştatı və maliyyə ayrılması nəzərdə tutulmayıb. Nəticədə milyonlarla vəsait hesabına tikilən piyada keçidləri sahibsiz qalır.

Daha ciddi məsələ isə ondan ibarətdir ki, AAYDA-nın rəhbəri Saleh Məmmədovun rəhbərlik etdiyi qurumun tabeliyində olan piyada keçidlərinə faktiki olaraq nəzarət edilmir. Nə təmizlik, nə texniki baxım, nə də təhlükəsizlik tədbirləri görülür. Bu isə həm piyadalar üçün real təhlükə yaradır, həm də dövlət əmlakının açıq-aşkar baxımsızlığa tərk edilməsi deməkdir.

Ortada konkret ünvan, konkret obyekt və konkret məsuliyyət var. Amma məsul qurum tapılmır. Nəticədə isə piyada keçidi təyinatı üzrə deyil, zibil yığımı və dağıntı məkanı kimi istifadə olunur.

Bizimesr.az məsələni diqqətdə saxlayacaq və aidiyyəti qurumların bu məsuliyyətsizliyə nə vaxt son qoyacağını izləyəcək.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]