Biznesiniz niyə "artıq çəki" yığır? – Xərcləri kəsib atmağın yolu

19-01-2026, 00:04           
Biznesiniz niyə "artıq çəki" yığır? –
Eyni bazarda fəaliyyət göstərən iki biznesdən biri böyüyür, digəri isə yerində sayır. Şərtlər oxşardır, imkanlar bənzərdir, amma nəticə fərqlidir. Bu fərqin səbəbi olan xərclər çox vaxt göz önündə olmur və adətən “xırda detal” kimi qiymətləndirilir. Halbuki həmin detal zamanla əsas faktora çevrilir.

Bəs xərcləri necə optimallaşdırmaq olar?

Biznes konsultant Anar Bayramov Valyuta.az-a bildirir ki, xərclərin optimallaşdırılması üçün şirkətlər iki əsas istiqamətdə fəaliyyət göstərməlidirlər: effektivlik və səmərəlilik.

Effektivlik — hər xərçə qarşı daha çox nəticə əldə etmək deməkdir. Məsələn, əgər bir şirkətin aylıq sabit xərci 50.000 manatdırsa, bu məbləğlə 500.000 manatlıq satış da edə bilər, 1.000.000 manatlıq satış da. İkinci halda şirkət həmin xərclərlə daha effektiv fəaliyyət göstərmiş olur. Yəni biznes sahibi bu sabit xərclə daha yüksək satış göstəricisi əldə etməlidir ki, xərclərin ümumi çəkisi azalsın.

Səmərəlilik isə şirkətin resurslarından daha qənaətlə istifadə etməsi deməkdir. Şirkət öz daxili proseslərini elə qurmalıdır ki, daha az resursla daha çox nəticə əldə olunsun. Məsələn, logistikada yeni texnologiyaların tətbiqi həm sürəti artırır, həm də yanacaq sərfiyyatını azaldaraq ümumi xərcləri optimallaşdırır.

"Şirkət biznes proseslərinə yenidən baxmalı və hansı mərhələlərdə dəyişiklik etməklə daha səmərəli nəticə əldə edə biləcəyini müəyyən etməlidir. Bununla yanaşı, biznes modelin də optimallaşdırılması vacibdir. Məsələn, şirkətin anbarı mövcuddur, lakin hesablamalara əsasən outsourcing – yəni üçüncü tərəf (məsələn, 3PL xidmətləri) vasitəsilə həm anbar, həm də logistika xidmətlərinin alınması daha sərfəli ola bilər. Bu zaman şirkət sabit xərclərdən (anbar, maşın və s.) azad olur. Satış olmadıqda bu istiqamətlər üzrə heç bir xərc yaranmır, satış olduqca isə müvafiq xidmətlər üzrə ödəniş edilir. Bu yanaşma şirkətin risklərini azaldır və aşağı satış dövrlərində maliyyə sabitliyini qorumağa imkan verir".- deyə A.Bayramov vurğulayır.

A.Bayramov qeyd edir ki, xərclərin effektiv idarə olunması üçün şirkət həmçinin risk menecmenti, debitor nəzarəti, valyuta riskləri və biznes proseslərin idarə olunması kimi sahələrə də diqqət yetirməlidir:

"Məsələn, alacaqların (debitorların) düzgün idarə edilməməsi şirkəti ciddi maliyyə itkiləri ilə üz-üzə qoya bilər. Eyni zamanda, əgər şirkət gəlirlərini milli valyutada (manat), borclarını isə xarici valyutada (məsələn, ABŞ dolları) götürürsə, valyuta məzənnəsindəki dəyişikliklər ümumi xərc strukturuna mənfi təsir göstərə bilər".

"Nəticə etibarilə, şirkət ümumi biznes modelinə və proseslərinə davamlı şəkildə yenidən baxmalı, riskləri qabaqlayıcı şəkildə idarə etməli və xərclərin optimallaşdırılması üçün həm effektivlik, həm də səmərəlilik prinsiplərini əsas götürməlidir".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]